AVMVİB sədrinin I müavini: «Onlar narazılıq yaradacaq hər işə əl atırlar»…

Parlamentin iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev əlilliyi ləğv edilən şəxslər arasında haqsızlıqla qarşılaşanların olduğunu bildirib. Deputat qeyd edib ki, həqiqətən əlil olan şəxslər var, lakin onların əlilliyi əlindən alınıb. O, əlillik təyinatı ilə bağlı qanunvericiliyə nəzərdə tutulan dəyişiklikləri də şərh edib.


Musa Quliyev bildirib ki, dəyişikliklər qəbul ediləndən sonra 8 meyar üzrə faizlər müəyyənləşəcək və bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək.


“Bu zaman şəxslərin özü qoyulan diaqnoz əsasında hansı faiz əlil olduğunu müəyyən edə biləcək. Həmin meyarlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında da yerləşdiriləcək. Hər kəs bu meyarlarla tanış ola biləcək”.
O, yeni qanun qəbul ediləndən sonra 200 minə yaxın insanın əlilliyinin ləğv edilməsi ilə bağlı deyilənlərin həqiqətə uyğun olmadığını da vurğulayıb.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin I müavini Kamil Şirinov son günlər müharibə əlillərinə, cəbhədən geri dönmüş müharibə iştirakçılarına, yaralılara qarşı olan neqativ münasibətə qarşı sərt münasibət bildirərək dedi:

«Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin bu məsələ ilə bağlı dediyi fikirlər reallığı əks etdirmir. Öncə bu cür məsələlər qəbul ediləndən qabaq müzakirələr aparlılırdı. Elə Musa Quliyev daha öncə Həkim Tibbi Ekspert Komissiyasının nazirlikdə rəhbəri olub. Belə çıxır ki, saxta əlilləri kimə verdiyini daha yaxşı bilir. Saxtakarlıqla bağlı biz illərlə müraciətlər etmişik. Niyə baxan yox idi? Bəli, saxta yolla bu statusu vicdanı olmayan adamlar bir sıra vicdansızlara satıb. Amma ləğv olunan onların deyil iki ayağı olmayan, bədənində onlarla qəlpə gəzdirən döyüşçülərdi. Bu gün nazir Sahil Babayevin apardığı işlərin tək məqsədi bu xalqın narazılığını sosial partlayışa çevirməkdir. Əlilin təqaüdünü kəsmık nə deməkdir? Bu adamları bəlkə müalicə edib, Sahil Babayev? Bəlkə bunlar gözəyarı «Vanqa kimi» baxıb rentgenlə xəstəlikləri görürlər?


Cənab Prezident! Bu sahəyə diqqət yetirin. Nəsli-kökü ermənilikdən başlayanların xalqdan qazanılmış Zəfərin qisasını almaq planı həyata keçirilir. Bu sırada MN də var, Hərbi komissarlıqlar da var, ƏƏSMN öndə gedir, Banklar, Maliyyə nazirliyi, Səhiyyə nazirliyi, xüsusən TƏBİB də var. Aşkar müharibədə yaralanmış qazilərimizi ələ salırlar. Baxın 20 manat borca görə şəhidin yeni doğulmuş övladının suyunu kəsən «Azərsu» ASC-nin rəhbərinin 500 milyonluq korrupsiyasından danışırlar. Bunların sifarişi bir yerdən verilib. Biz aylardır həyacan təbili çalırıq. Bu həssas sosial təbəqənin ayağa qaldırılmasında milli birliyimiz hədəfə alınıb. Bau gün banklar müharibədən sonra hərbçilərə kredit vermirlər. Övladları müharibə günlərində ölkədən qaçıb gedənlərin əməlləri ciddi araşdırılmalıdır. Bu artıq danılması mümkün olmayan qanunsuzluğa rəvac vermiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına medal yox cinayət işi qaldırılmalıydı.


Düşmən Ermənistanda yaralanmış şəxslərə təqaüd kəsilənədək 6 ay ərzində 600 dollar vəsait ödənilir. Niyə bizdən olmayanlar girib bu qərarları öyrənmirlər, tətbiq eləmirlər? Dövlət tərxis olunanlarla bağlı komissiya yaratdı. Bu gün 8 aydır ki, dəfələrlə etdiyimiz müraciətlərə də Yaqub Eyyubovdan bir cavab ala bilmirik. Bu adamın döyüşçülər arasında çox pis imici olduğunu açıq deyirik. Bu şəxsin komissiyaya sədr təyin olunmasını yolverilməz sayırıq.

Bu vətənpərvər gəncliyin potensialından istifadə olunmalıdır. Bu neqativlərə yol verənlər müharibə görmüş gənclərimizlə əvəzlənməlidir. Azad edilmiş rayonlarda aparılacaq, həm quruculuq işlərində, həm də idarəetmə strukturlarında onların potensialından istifadə edilməlidir. İndidən bəzi məmurlar qazilərimizə «səni mən göndərməmişəm» deməkdən çəkinmirlər. Belə çıxır ki, onlar prezidentin əleyhinə iş aparırlar. Belələri hələ də anlamayıblar ki, onlar heç öz evlərində öz uşaqlarını buyura bilmirlər. Siz kimsiniz ki, Vətən qorumağa adam göndərəsiniz? Ona belələrinin, nəinki səlahiyyətləri, heç mənəvi haqları çatmaz. Ən sadə problemi ciddi və dərin problemə çevirməyə çalışan məmur ordusu var. Onlar ölkə rəhbərinin dediyi kimi kolon mənsublarıdır. Ona görə də diqqətli olmalıyıq.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) olaraq, hər gün yüzlərlə müraciətlər alırıq. Döyüşdən geri dönmüş əsgərlərimizə total bir hücum var. Bu hücumu təşkil edənlər o hücumun axınında boğulacaqdır. Saxta olmayan deputatlar səslərini qaldırmalıdırlar. Sağ olsunlar, qərb bölgəsindən seçilmiş deputatlarımız — Qənirə xanım, Ülviyyə xanım, Arzu müəllim. Daim veteranların problemlərini qaldırırlar.

Hesab soruşun, bu adamlardan. Bəlkə düşmənə güllə atmaq bir cinayətdi? 27 ildir ki, «qan pulu» dediyimiz sığorta pulunu ötür-ötürə salırlar. Qazilərin qanı üzərində xaniman qurulmaz. Bunu öncə Allah, sonra da biz imkan vermərik. Öncə düşünürdük ki, Dövlətimiz zəifdir. Amma bu gün ən kasıb rayonun başçısının altında milyardlar çıxır. Amma 5-3 min əlilə «qan pulu» verməyi Konstitusiya Məhkəməsi, Milli Məclis, yenidən məhkəmələrə yönəldirlər. Bu millət adına, hakimiyyət adına bir ayıbdır. Sizlər kimin heyfini bizdən çıxmaq istəyirsiniz? Açıq deyin, biz də öz müdafiəmizi quraq. Məkrli erməni xislətiylə işlər çevirirlər. Axı niyə bu istiqamətdə anti veteran fəaliyyəti göstərən südü pozuqlar cəzalandırılmır? Vallahi o süd bizim ümumi işimizi, hakimiyyətin artan gücünü hədəfə alıb. Onlar üzdə özlərini qurucu, altda isə dağıdıcı olduqlarını dönə-dönə sübut ediblər.

44 günlük Vətən müharibəsi günlərdə cəbhələrə səpələndik. Döyüşən əsgərin yanında olduq. Orada bu adamları yenə də görmədik. Oğlancıqlarını da görmədik. İndi hamısı döyüşçüyə dil uzatmaqla məşğuldur. O dillər kəsilməlidir. Bu cür şeylər ölkənin müdafiə qüdrətini zədələmək niyyətiylə həyata keçirilir. Bunu artıq hamı görür, necə deyərlər, «cidanı çuvalda gizləmək olmaz». Bu gün ciddi surətdə kontuziya almış qazilərimizə yazılan psixotrop dərmanlar apteklərdə var, amma pulsuz verilmir. Ölkədə ciddi bir kontuziya ilə bağlı müalicə aparan həkim yoxdur. Amma Sahil Babayevin «kadrları» gözə yarı diaqnoz qoyur. 27 ildir bu travmadan əziyyət çəkən xəstələr var. Bu gün də onların sayı yetərincədir. Onlar pöulsuz dərmanlarla təmin olunmalıdırlar. Bizə müraciət edirlər. Öz şəxsi imkanlarım və tanışlarım hesabına iki nəfər qazimizin müalicəsinə nail olmuşam. Amma bu üsul deyil. Bütün bunlar qanunla tənzimlənməlidir. Belə problemi bir kənara qoyan nazir, gah orfoqrafik islahat edir-kor yox, görmə qabiliyyəti zəif olan və s. 80-100% fəaliyyətsiz olan ölü deməkdir. Belə çıxır ki, bunlar qəbiristanlıqda da əlillərdən əl çəkməyəcəklər? Diriləri bay ediblər, qalıb qalanı…


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin I müavini Kamil Şirinov bildirdi ki, artıq xalqa qarşı işlənən bu cürt antixalq addımları «islahat» adıyla sırımaq mümkün düyil. Girib sevdikləri Ermənistanda 5 may 2021-ci ildə edilən dəyişiklikləri oxusunlar. Ermənistan parlamenti, 3 dərəcə əlillik qrupu əvəzinə, funksionallığını artırmaq üçün 4 dərəcə əlillik dərəcəsiı nəzərdə tutan dəyişiklikləri təsdiqləyib. Funksionallığın qiymətləndirilməsi nəticəsində ya əlillik qeyd olunur, ya da qeyd olunmur. Bundan əlavə, funksional məhdudiyyət səviyyəsi müəyyən edilir — yüngül, orta, ağır və dərin. Belə çıxır ki, ermənilərin etdiklərinin tərsini bizdə tərsinə ediblər. İnanmayan məmurlar zəng edib qohumlarından soruşsunlar.


Kamil Şirinov açıqlamasında dedi: «Cənab Müzəffər Ali Baş Komandan İlham Əliyev! Bu adamlar, məhz dəmir yumruğunu hiss etməyincə Sizin bu qalib görkəminizə qarşı çıxacaqlar. Biz döyüşçülər olaraq bunu görürürük. Onlar Sizin humanistliyinizdən sui-istifadə edərək, narazılıq yaradacaq hər işə əl atırlar. Artıq bunu gizləmək mümkün deyil. Belə taleyüklü bir məqamda biz əmrinizdəyik. Sizin əsgərlərinizik. Komandanın əsgərinə qarşı mübarizə, elə Komandana qarşı mübarizədir. Bu reallıqları sizə çatdırmaq üçün hər gün yüzlərlə məktub göndərmə aksiyasına başlayacağıq.

Bildirirəm ki, sosial sahə barədə verilən məlumatlar tamamilə yanlışdır. Bu «qoca inək, qoyun» və s. al-verçilərinin əməlləri faktiki olaraq sosial partlayışa hesablanıb və bunu bir kolonun sifarişi olduğunu görməkdəyik. İnanıram ki, zamanında bu şəxsə «DUR!» deyiləcəkdir.


Elnur Səlim

Bu xəbəri paylaşın: