POEZİYA ÇƏLƏNGİ: Mənə «dərdin alım» söyləmə, ana…

ELBƏYİ

Mənə «dərdin alım» söyləmə, ana,
Mənim dərdim ağır, çəkə bilməzsən.
Bu nə gizli eşqdi, nə qara sevda,
Bunu kəfənə də bükə bilməzsən.

NƏ OLUR, OLSUN

Bir yorğun yolçuyam, mənzilim uzaq,
Bükülür dizlərim, nə olur, olsun.
Arxamca sürünən məni satacaq,
Bax ayaq izlərim, nə olur, olsun.

Çəkmə yüyənini xam olan atın,
Burax başın getsin, bu gedişatın,
Sındım qarşısında haqsız həyatın,
Uddum çox sözləri, nə olur, olsun.

Dünyanın dərdləri bir karvan kimi,
Keçdi köksüm altdan, tanıdı məni,
Gözləri kor edib qalxan tüstümün,
Sönmədi közləri, nə olur, olsun.

Yorğunam, gün ağır biri-birindən,
Daha duyğular da qalxmır yerindən,
Yük tək asılıblar kirpiklərimdən,
Yumulur gözlərim… nə olur, olsun.

BİR ÖMÜR DEDİKLƏRİ

Bir gecə,
Yuxudan bayıxan adamlar kimi,
Düşdüm bu yolların ağ, qarasına…
Günlərim,
İllərim
Şahın səhərki nağıl həvəsiylə,
Bitdi
«1001 gecə» nağılı kimi…
Uyub bir mahir yalançının,
Yolub saqqalını,
Yolub saçını,
Uydurduğu həqiqət fəlsəfəsinə.
İnandım oğruların,
«Doğuruluq»-deyə bağıran,
Hayqıran səsinə.
Yaşadım,
İnandım, hamı kimi,
Üfüqə gedən yolların,
Əvvəli bir addım bizdən sonradı.
Yeridim,
Yürüdüm,
Sonra da inada düşüb yaşadım…
Bir duz yükü daşıdım…
Anladım ki, üfüq çox uzaqdı,
İnandım ki, üfüq qaçaqdı,
Qaçdım, o qaçdı,
Qovdum yorulanacan istəklərimi,
Qovdum arzuları, üfüqə sarı…
Sən demə, elə bu imiş, həyatın şakəri,
Sən demə elə bu imiş,
Bir ömür dedikləri…

MƏGƏR

Bu necə zamandı, bu nə ay, ildir,
Dünya pisliklərdən tikilmiş məgər?
Yaxşı toxumundan yaman cücərir,
Tarlası haramla əkilmiş məgər?

Qorxaqlar darğadı, satqın el bəyi,
Nadan dünyagirin vardı hər şeyi,
İsrafil üfürdü o qorxunc neyi,
Sorar kafir olan: «O ölmüş məgər?»

Biz qafil yaşadıq, əyildi başlar,
Qəlbimiz ət deyil, qayalar, daşlar,
Gözlər möhürlüdü, qulaqlarsa kar,
Sübhün şəfəqləri sökülmüş məgər?

Satdıq cənnətləri beş-üç quruşa,
Bu yolda girmişik, qovğa, yarışa,
Biz nəyə arxayın, girdik savaşa,
Dünyanın hesabı çəkilmiş məgər?

Yaman usta getdi işi zalımın,
Batdı qanımıza dişi zalımın,
Məzlum ətindəndir aşı zalımın,
Fələyin gözləri tökülmüş məgər?

Mənə «dərdin alım» söyləmə, ana…

Mənə «dərdin alım» söyləmə, ana,
Mənim dərdim ağır, çəkə bilməzsən.
Bu nə gizli eşqdi, nə qara sevda,
Bunu kəfənə də bükə bilməzsən.

Tüstüsü, kösövü, odu bilinməz,
Yanar gizli-gizli alovu dinməz,
O bir atəşdi ki, su ilə sönməz,
Bu oddan sən mənzil tikə bilməzsən.

Qəlbi göz yaşıyla ovuduram mən,
Gözü kiridirəm, axan seliylə,
Ömrüm şırım-şırım, amma bircə dən,
Bu yanan tarlada əkə biməzsən.

Fələk namərd kimi pəl vurar mənə,
Bəzən də dost kimi əl vurar mənə,
Çəkib günlərimdən tor qurar mənə,
Ha çalış, ha vuruş sökə bilməzsən.

Eh anam, gəl mənim dərdimi alma,
Dərdi olanlara bir dua yolla,
Bir gün daş bükülü bir məzar ollam,
Gözünün yaşını tökə bilməzsən.

Bu xəbəri paylaşın: