Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyası iyunun 20-də keçirilmiş erkən seçkilərin nəticələrinə görə parlamentdə 71 mandata sahib olacaq.
Bunu bazar günü, iyunun 27-də Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan bildirib.
Nikol Paşinyanın əsas rəqibi sayılan, ölkənin keçmiş Prezidenti Robert Koçaryanın Hayastan blokunun parlamentdə 29 mandatı olacaq.
Keçmiş Prezident Serj Sarkisyan və Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın rəhbərlik etdikləri blokun isə parlamentdə 7 səsi olacaq.
Ermənistan MSK-nın bazar günü açıqladığı erkən parlament seçkilərinin son nəticələrinə əsasən, Nikol Paşinyanın partiyası 53,91 faiz, Robert Koçaryanın başçılıq etdiyi seçki bloku — 21,9 faiz, Serj Sarkisyanın və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın bloku isə 5,22% faiz toplayıb.
Ermənistan parlamentində əldə edilmiş mandat sayı etibarı ilə, Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyası yeni hökumətin tərkibini təkbaşına formalaşdıra bilər.
Ermənistanda növbədənkənar parlament seçkiləri ötən bazar günü, iyunun 20-də keçirilib.
