Vətən Müharibəsində iştirak edən bir qrup şəxs bu gün Müdafiə Nazirliyinin qarşısına toplaşaraq işğaldan azad edilən bir neçə rayonda döyüşdüklərini, lakin heç bir medalla təltif edilmədiklərini bildiriblər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, müharibədə iştirak edib ancaq medalla təltif olunmadıqları iddiası ilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi qarşısında toplaşan bir qrup vətəndaş nazirlikdə qəbul edilib.

Görüş zamanı bildirilib ki, hərbi qulluqçuların müvafiq medallarla təltif olunmaları onların keçdikləri döyüş yolu və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirilib. Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib.
Bildirək ki, qazilərin əsas problemlərdən biri, medalların düzgün paylanmaması, əlilliyin meyarının düzgün təyin edilməməsidir.
Həmçinin, qazilər onların haqlarının tapdalandığını, Müdafiə Nazirliyinin onlara qarşı haqsızlıq etdiyini bildirib. Vətən Müharibəsinin iştirakçılarının saatlarla idarənin qarşısında haqlarını tələb etməsinə baxmayaraq, nazirliyin rəsmilərindən heç kim onların qarşısına çıxmayıb.
