General Muradov tərəflərin mübadiləsində «şəxsən iştirak edib»

Rusiyanın Qarabağdakı hərbi kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov «Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi ilə vətənlərinə çatdırılmış 15 erməni hərbçinin Azərbaycandan geri qayıtmasında şəxsən iştirak edib,»- TASS iyulun 3-də, günün sonunda bildirib.

«Üçtərəfli sazişin müddəalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə işi davam etdirərək, Dağlıq Qarabağda silahlı münaqişə zamanı erməni birləşmələri tərəfindən iki rayonda minalanmış sahələrin xəritələri bu gün Bakıda mənim tərəfimdən şəxsən Azərbaycan tərəfinə təhvil verilib. Öz növbəsində, Azərbaycan 15 erməni hərbçini azad edib. Onlar Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi ilə Yerevana gətirilib», — Muradov jurnalistlərə bildirib.

General-leytenant Rüstəm Muradov vurğulayıb ki, «Rusiya tərəfi gələcəkdə də silahlı münaqişəyə son qoyulması barədə üçtərəfli razılaşmanın müddəalarının yerinə yetirilməsinin təmin olunması üzrə işi davam etdirəcək».

TASS-ın bildirdiyinə görə, ötən gün axşam saatlarında «15 erməni hərbçi Yereavanın Erebuni aeroportuna təyyarədə gətirildikdən sonra müayinə üçün Yerevanın tibb müəssisələrinə aparılıblar.»

Ötən gün Azərbaycan XİN-i Ermənistanın Füzuli və Zəngilan rayonlarında «basdırdığı minalara» dair xəritələri Azərbaycana verdiyini bildirib.

«3 iyul 2021-ci il tarixində Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib».

Eyni açıqlamada Azərbaycanda «cəza müddəti» bitmiş «15 nəfər erməni əsilli şəxsin» Ermənistana təhvil verildiyi bildirilir.

Ötən ay Ağdam rayonu üzrə minaları əks etdirən bəzi xəritələrin alınmasından sonra erməni hərbçilərinin bir qrupu Yerevana təhvil verilmişdir.

Mənbə: BBC

Bu xəbəri paylaşın: