Bu gün ölkənin bir para «işbaz», fırıldaqçı ünsürləri cəbhədən geri dönmüş gənclərimizi, şəhid ailələrini hədəfə alıblar. Yaradılmış komissiyaların yarıtmaz fəaliyyətindən ruhlanan bu adamlar pul müqabilində öz şərəflərini satmağa hazırdırlar.
Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində jurnalistlərin şəhid ailələrindən şəhidlər haqqında material hazırlamaq məqsədilə müxtəlif məbləğlərdə pul vəsaiti tələb etmələri barədə məlumatlar yayılıb.
Baş Prokurluğun mətbuat xidmətindən verilən məlumata görə, həmin xüsusatlar üzrə Baş Prokurorluğun Cinayət tətqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Araşdırmalara görə Azər Kazımovun Rübabə Vəliyeva ilə birlikdə 2021-ci il iyunun 23-25-də özlərini televiziya əməkdaşları kimi təqdim edərək, Qəbələ şəhəri və kəndlərində yaşayan şəhid ailələri barədə çəkilişlər çəkib efirdə yayımlamaq adı ilə şəhid analarından cəmi 240 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirib televiziya yayımlarını həyata keçirmədikləri müəyyən edilib.
Azər Kazımovun və Rübabə Vəliyevanın barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq aidiyyəti üzrə məhkəməyə göndərilmiş və hər iki şəxs barəsində müvafiq olaraq iki və bir ay olmaqla inzibati həbs növündə inzibati tənbeh seçilib.
Baş Prokurorluğun bütün əməkdaşlarına bu operativliyə görə veteranlar adından öz minnətdarlığımızı bildiririk.
Bu cür dələduzluq halları barədə məlumatlar günbəgün çoxalmaqdadır. Sanki bu adamlar eyni mərkəzdən idarə olunurlar. Döyüşdən geri dönmüş gənclərimizi ictimai birliyə üzv edərək pul alalar, onlara veteran statusu söz verib pul qoparanlar, qazilərin müalicəsini təşkil etmək adıyla, şəhid ailələlərinin evlə təmin edilməsi və s. adlarla möhtəkirlik edən şərəfsizlərin sayı günbəgün artmaqdadır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yasamal rayon şöbəsinin sədri Salman Hüseynova müraciət edən bir müharibə iştirakçısına pul müqabilində verilən bir vəsiqənin foto şəklini diqqətinizə çatdırırıq. Bu vəsiqəni verən dələduz qazimizə rəsmi veteran pulu alması üçün 350 manat da ödəmək lazım olduğunu deyibmiş. Biz araşdıraraq bu vəsiqəni bir döyüşçüləri öz ətrafında birləşdirən ictimai birlikdə düzəldildiyini aşkarladıq. Ümumiyyətlə, yaranışdan adı Ramiz Mehdiyevlə bağlı hallandırılan bu birliyin bəzi rayon şöbələri hələ də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) əleyhinə işlər aparmaqdadırlar. Onlarla bağlı əlimizdə faktlar var.
Bircə məsələ daim bizim önümüzü kəsib ki, əsil döyüşçü öz döyüşçü qardaşını satmaz. Amma deyəsən bəzilərinin keçdiyi «döyüş yolu» da elə əməlləri kimidir.
Ümid edirik ki, bu vəsiqə ilə neçə nəfərin aldadıldığı elə ictimai birliyin rəhbərliyi tərəfindən üzə çıxarılacaq və lazımi orqanlara müraciət ediləcək.
Bir daha cəbhədən dönmüş gənclərimizə xatırladırıq ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə (AVMVİB) gənclərimizin üzv olması pulsuzdur və bu barədə bütün rayon şöbələrinə göstərişlər verilib. Vəsiqədə qeyd olunan adın, Birliyin adına uyğunlaşdıraraq saxtalaşdırmaları arxasında məkrli bir planın durduğundan xəbər verir. Bizim Birliyin adından sizləri aldadan və saxta vəsiqələr təqdim edənlər varsa məlumat verin. Üzvlüyə qəbul Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində (AVMVİB) mərkəzləşdirilmiş qaydada aparılır və vəsiqələr vahid formadadır.
Elnur Səlim
Mövzuya qayıdacağıq…





