Zelenski Putinin məqaləsinə «rəy» yazdı…

Vladimir Putinin “Ruslarla ukraynalıların tarixi birliyi haqqında” adlı məqalə dərc etməsi barədə məlumat vermişdik. Məqalədə qeyd edilirdi ki, 2014-cü ildə Qərbin Ukraynanın daxili işlərinə birbaşa müdaxiləsindən sonra Kiyevin siyasətini radikal millətçilərin təcavüzkar rusofobiyası müəyyənləşdirməyə başlayıb.

Prezident xalqlar arasında yaranan divarı böyük fəlakət adlandırıb və Ukraynanın həqiqi suverenliyinin yalnız Rusiya ilə tərəfdaşlıqda mümkün olduğunu bildirib.Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev rəhbərliyi Vladimir Putinin məqaləsini oxuyub cavablandırmağı planlaşdırır.

Zelenski məqaləni ətraflı öyrənmək imkanının olmadığını, amma bəzi məqamlarla tanış olduğunu və həmin məqamları Rusiya Prezidenti ilə üz-üzə müzakirə etmək istədiyini qeyd edərək deyib: “Ona gələcəkdə digər məqaləsində istifadə edə biləcəyi çoxlu materiallar təqdim edə bilərəm”.

Zelenski daha sonra rus-ukraynalı qardaşlığı barədə Putinin fikirlərinə münasibət bildirib: “Nədənsə faşizm üzərindəki qələbə haqda danışanda, on minlərlə ukraynalının həlak olduğu İkinci Dünya Müharibəsi xatırlananda unuduluruq, amma diğər məqamlarda yada düşürük və qardaş xalq adlandırılırıq. Mənə elə gəlir ki, bu, daha çox Qabillə Habilin qardaşlığını xatırladan bir hekayədir”.

V. Zelenski V. Putinin məqaləsini Ukrayna dilində «yazmasına» da söz atıb: “Adamın Ukrayna dilini bilməsi çox xoşdur”.

Bu xəbəri paylaşın: