Redaksiyaya zəng vuran AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və çox saylı müharibə veteranları internet televiziyası olan «Reaksiya» tv və onun aparıcısı olan Zaur Qəriboğlunun ordumuzun, Hərbi prokurorluğun işgüzar fəaliyyətinə kölgə salmaq niyyətində olan bir çıxışını jurnalist etikasına sığmayan hoqqabazlıq adlandırdılar.

AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Natiq Həsənov bildirdi ki, illərlə çalışsaq da biz veteranların ordumuzla, xüsusən də ön cəbhədəki gənc əsgərlərimizlə təmas qurmaqda baryerlərlə üzləşirdik. Nəhayət Hərbi Prokurorluq bizim müraciətləri nəzərə alaraq Birliklə əməkdaşlıq sazişi bağladı. Müharibə veteranları kimi ön cəbhədə olan gənclərimizlə mütamadi görüşlər keçirir və hər şeyi qara görən Zaur Qəriboğludan fərqli olaraq müasir hərb sisteminin nailiyyətlərindən bəhrələnən hərbi birləşmələrimizlə qürur duyuruq. Orduda yüksək nizam-intizamın yaranmasında, Vətənə xəyanət edən şəxslərin cəzalandırılmasında xüsusi xidmətləri olan bir qurumu, onun rəhbəri general-leytenant Xanlar Vəliyevi heç bir fakt olmadan hədəfə alması heç də təsadüfi deyil. Dövlətimizin başçısı dediyi kimi: «Ona görə bu amilləri anti-Azərbaycan qüvvələr ölkəmizin xaricində yaratmaq istəyirlər. Burada özünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini davam etdirən qruplaşmadan artıq onların əli üzülüb, onlara heç inam da qalmayıb. Ona görə yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır.»
Çox güman ki, bu sifarişi verənlər arasında hakimiyyətdə olan və ölkə rəhbəri tərəfindən aparılan islahatlara qarşı çıxan qüvvələr də var. Onlar peşəkarlıq nümunəsindən örnək götürməkdənsə, Xanlar Vəliyevi hədəfə alırlar. Özü də bu işi hərbi xidmətdə olmayan, çağırış, tabesizlik haqqında raport, ordu-hərbi prokurorluq əlaqələrindən bixəbər olan və özünü jurnalist elan edən birisinin ağzıyla etmələri acı təəssüf doğurur. Bu jurnalistə xatırladım ki, təkcə ötən il ərzində Hərbi Prokurorluğun və şəxsən general leytenant Xanlar Vəliyevin dəstəyi ilə 17 dəfə ön cəbhədə yerləşən hərbi hissələrdə olmuşuq. AVMVİB Xocavənd, Sumqayıt, Ağdam, Xəzər, Suraxanı, Tərtər, Bərdə, Füzuli, Goranboy, Beyləqan, Ağcabədi, Göygöl, Tovuz və s. rayon şöbələrinin üzvü olan veteranlar hərbi hissələrdə xidmət edən igid əsgərlərimizin yanında olublar. Bu görüşlər nəticəsində əsgər yaxşı anlayır ki, istənilən an köhnə döyüşçü əmiləri onlarla çiyin- çiyinə xidmət edəcəklər. Hərbi Prokurorluq bu gün Xocalı muzeyi yaratmış az saylı təşkilatlardandır. Bu gün də Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və Ermənistan silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı hərbi prokurorluqda həmin cinayət işləri üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilməkdədir. Bu işlərə bilirsiniz də Xanlar Vəliyev rəhbərlik edir. Yoxsa ağ köynək, qara pencək geyinməklə, «ağa qara deməyi» və xalqı yalanlarınızla aldadacağınızı düşünürsünüzsə, yanılırsınız. O internet ədanızı bir tərəfə tullayıb bir düşünün, görək bu xalqa nə vermisiniz ki, bunca əda qazanıb hər kəsi top atəşinə tutursunuz? Siz heç olmasa kimi isə top atəşinə tutanda vuracağınız kordinatları müəyyən edin, amma əsgərlikdə olmadığınıza görə belə şeyləri siz bilməzsiniz. Heç olmasa bunu sifarişçidən öyrənin və sonra ortaya çıxın.»
Natiq Həsənov daha sonra dedi: «AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi kimi, AVMVİB Rəhbərliyidən və Fedai.az saytından bu işi araşdırmağı və çox minlik veteran ordusunun etirazlarını ictimailəşdirmənizi xahiş və tələb edirəm».
Müharibə veteranlarının və Natiq Həsənovun haqlı iradına cavab olaraq bildiririk ki, düşmən saytlarında gedən anti Azərbaycan yazıları və daxildə düşmənə hər mənada əl-ayaq altılıq etmiş xainlərin yaxınlarının niyə iki şəxsi hədəfə almalarını bu yaxınlarda araşdırmışdıq. Həmin yazıdan xatırlatma: «Maraqlı orasıdır ki, xainlərin yaxınları eyni mərkəzin diqtəsiylə bu məsələdə peşəkarlıq və bacarıq nümayiş etdirən Respublika Hərbi Prokuroru Ədliyyə general-leytenantı Xanlar Vəliyev və «N» saylı hərbi birləşmənin komandiri general mayor Hikmət Həsənov hədəfə alınıb. Əslində isə bu olayla bağlı onların tələbləri və iddiaları elə ilk baxışda haqsız görünür. Çünki onların iddia etdiyi işgəncə bu iki qurum üçün məqbul deyil».

Ona görə də məmnuniyyətlə, eksklüziv bir araşdırma apardıq. Öncə bildirək ki, təhlillə müəyyən etmək olar ki, Hərbi prokuror barəsində deyilənlər sifarişli feyk xəbərdir. Çox güman ki, sifarişçi Xanlar Vəliyevin dövlətçilik yolunda qazandığı uğurlara qısqanclıqla yanaşan, hətta dövlət strukturlarında çalışan şəxslərdir. Müasir dünyada faktsız işləyən jurnalistikaya yalnız Azərbaycanda rast gəlmək olar. Hələ də anlamırlar ki, söz sənəd deyil və onu heç bir yerə tikmək olmur. Aparıcı ölkənin Baş Prokurorunun müavini, Hərbi Prokuroru, ədliyyə general leytenantı olan bir şəxsi ittiham etdiyi Nuriyyə İsmayılova adlı bir nəfərin adından oxunan ittiham şərh pəncərəsində yoxdur və 1 ay öncə həbs olunanlar arasında bəlkə də heç İsmayılov soyadlı əsgər də yoxdur. Özünü canlı yayımçı adlandıran aparıcının şərh pəncərəsində «züy tutan» rolunun «ifaçısı» Azer Eliyev adlı profilin şərhlərini saymaqdan yorulduq. Bu videoya onun təkrarlanan təkcə 37 ədəd şərhini saydıq və bu saxta profillə müxtəlif məmurları, o cümlədən Xanlar Vəliyevi söydürmək yeni jurnalistika üslubudurmu? Aparıcının Xanlar Vəliyevə qarşı ittihamları lap gülməlidir. Demək olar ki, sifarişçinin mayasını batırıblar.
— Əqli cəhətdən qüsurlu, bədəni yanıq xəsarətli, fiziki cəhətdən qüsurlu olan Hüseyn adlı əsgəri, hər halda hərbi xidmətə hərbi prokror çağırmır və komissiyanı o təşkil etmir. Bilməməzlik, yoxsulluq və fiziki qüsur kiminsə cinayət məsuliyyətindən azad olunması demək deyil. Amerikalıların aforizmi ilə desək, prezident olsan da, işıq pulu verməlisən! Yəni bu fakta bir quş.
— İkinci uydurma iddia isə, güya əsgər anası Nuriyyə İsmayılovanın 1 ay xidməti qalmış oğlu ilə bağlıdı. Şərh pəncərəsindən olmayan şərhi güya oxuyub qeyzlənən jurnalist, ən azı baş nazir kimi hər kəsə iradlarını bildirir. Bir şeyi unudur ki, hər bir əsgər anası canlı yayım gedən gün övladlarının dönməsinə 16 gün, digər çağırışçıların isə 106 gün qaldığını çox yaxşı bilir. Bu günləri heç saymısanmı, cənab jurnalist? Amma o analar və səngər qoxulu əsgərlər sayıblar. Amma hələ gec deyil, öyrən bil, əsgər necə və hansı əsasla həbs edilir və hərbi prokuror bu prosesin hansı məqamında yer alır. Məntiqinizdən belə çıxır ki, «Bakıda külək əsirsə, Hərbi Prokuror günahkardır!» Bu iddianıza da bir quş.
— Yox əgər sifarişli dezinformasiya deyilsə, informasiya məkanına ciddi xəbər yüklü informasiya ötürən jurnalist, verdiyi informasiyada zaman, məkan və hətta hadisənin verildiyi məkan haqqında bilgi olmalıydı. Ən azı bu 3-dən biri olmalıydı. Yoxdursa, bu dezinformasiyadır və hansı məqsədlə yayılması araşdırılmalıdır. Bu artıq bizim işimiz deyil. Yəni feyk xəbərlərdən daim kimlərisə qaralamaq, başını qatmaq, mənfi rəy yaratmaq və s. kimi məqsədlərlə istifadə olunur. Byna da bir quş.
— Digər ittiham isə Xanlar Vəliyevin əmrə tabe olmamaq və tabesizlik ittihamı ilə hərbi hissədə əsgər həbs etməsi ittihamı artıq gülməli deyil, ağlamalıdır. Çünki bu hərbi və hüquqi proseduru adi bir əsgərdən öyrənmədən ittihamlar yağdırmağın jurnalistikada adını tapa bilmədik. Amma veteranların bir tövsiyyəsi bizim də xoşumuza gəldi. O sifarişçi beşinci kolon nümayəndəsinə deyin ki, elə sizə bir qara köynək, bir də qara pencək alsın. Düzü imkanımız yoxdur. Yoxsa alıb göndərərdik.
Sonda Dövlətimizin başçısı cənab İlham Əliyevin beşinci kolon haqqında dediyi fikirləri nəzərinizə çatdırırıq: «Ona görə bu amilləri anti-Azərbaycan qüvvələr ölkəmizin xaricində yaratmaq istəyirlər. Burada özünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini davam etdirən qruplaşmadan artıq onların əli üzülüb, onlara heç inam da qalmayıb. Ona görə yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır.»…
Hər halda beşinci kolon Vətən demək deyil. Siz axı Vətənə və xalqa xidmətdən dəm vurursunuz…
Fedai.az Araşdırma Qrupu
