Təbrik edirəm, qızım, sadəcə xoşbəxt ol!

Bütün gözəlliklər sənin olsun! Əlində güllər açsın, amma tikanları əlinə batmasın. İstək və arzulara yetəsən, amma heç biri qəlbini yaralamasın. Qəlbin sevinclərə beşik olsun, amma bizləri unutdurmasın. Ad günün mübarək, Turanım!

Vətən sizlərdən başlayar. Səni Vətənim qədər sevərəm. Bilirsən də bu nə deməkdi? Qadını güclü və bilgin olan məmləkətlər əbədidir. Nə yaxşı ki, varsan və mənim qızımsan.

Bu həyatda sənin kimi qızım olması mənim şansımdı. Böyüdün, amma sən mənim gözümdə heç böyümədin ki? Elə o kiçik, ay Turan, Türkay … oxuduğumuz günlərdəlki yaşdasan. Atalar qızlarını gizlicə sevər, amma bu gün bu gizlini açdım. Dünya etibardan düşüb deyə.

Nə vaxt dara düşsən, üzünə toxunacaq o meh, bil ki, mənəm, yanındayam. Güclü ol, deyirəm. Bil ki, atalar qızlarına qıymazlar. Nə edim ki, içində olduğumuz həyat, mənə dik durmağı, sərtliyi, məğrurluğu öyrətdi. Sən də bunu görüb düşünmə ki, sevgim azdı. Bəlkə də düşünərsən ki, çətin məqamda heç sənin üçün də ağlamaram. Atalar qızlarının ən şad günündə də ağlayar, qızım. Uşaq kimi, için-için, duzlu göz yaşları belə yanağa deyil, ürəyinə axar. Nə vaxt uzaqda olsan, aram-aram yağışlara baxıb bil ki, yadıma düşürsən…

Kimsələr mənim, nə sevincimi, nə də kədərimi bilməz. Bunu, sənin özəl günün üçün yazdım. Bunu söhbətlə deyə bilməzdim, deyə yazdım.

Yazdım ki, bax atalar qızlarını belə sevərlər. Nağıl kimi, noğul kimi.

Duyğuları sözlə ifadə etmək asan deyilmiş, çünki baxdım ki, sözlərimiz bir atanın qızına arzularını ifadə etmək üçün yetərli deyilmiş…

Sadəcə xoşbəxt ol!

Atalar qızlarına verdikləri sözü canları bahasına olsa belə tutarlar. Oğuldan fərqli olaraq, qıza olan miras ataların qəlbində gizli qalar və bütün qız ataları bunu bilərlər. Yeni söz deməkdənsə köhnə sözü təkrarladım. Yəni bu sözlərimi dəyişməz hisslərim kimi qəbul et. Daim ol, var ol…

Ad günün mübarək olsun, Turanım!

Atan Xaqani

P.S. Anan Səbinə, Türkay və Atilla təbriklərə qoşulurlar…

Bu xəbəri paylaşın: