AVMVİB Qurban bayramı ilə bağlı tədbir keçirdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rəhbərliyi və ”Vedibasar “ qəzetinin baş redaktoru Nəsibə İsrafilqızının təşkilatçılığı ilə Qurban bayramı qeyd olunub.


Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev və idarə heyəti üzvləri, müharibə veteranları, qazilər, şəhid ailələri, ictimaiyyət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdilər. Əvvəlcə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət himni səsləndirilib.

Tədbiri giriş sözüylə açan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Qurban Bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, əsgərlərimizin döyüş bacarığı və xalqın qələbəyə inamı sayəsində torpaqlarımızı işğaldan azad edildi. Bu gün vətənimiz mənfur düşməndən igid, vətənpərvər oğullarımızın rəşadəti nəticəsində alınıb. Azərbaycan Ordusunun xalqımızın qürur mənbəyi, güvənc yeri olduğunu tədbir iştirakçılarının diqqəətinə çatdırıb.


AVMVİB sədri F. Rzaquliyev Qurban bayramının ruh yüksəkliyiylə qeyd etməyimizi şəhidlərimizə, qazilərimizə, müzəffər ordumuza və Ali Baş Komandanımıza borclu olduğumuzu bildirdi.


Tədbirin təşkilatçısı, şairə-publisist, AYB-nin və AJB –nin üzvü, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri“ mükafatçısı, ”Vedibasar “ qəzetinin baş redaktoru Nəsibə İsrafilqızı bildirdi ki, Qurban bayramını xalqımız illərdən bəri ilk dəfədir ki, Zəfər abı-havasında qarşılayır. Azərbaycan xalqı, müdrik dövlət rəhbəri İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni təcavüzünə son qoyaraq tarixi ədaləti, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə Vətən müharibəsində qəhrəman əsgərlərimizin şücaəti, Silahlı Qüvvələrimizin 44 günlük müharibə zamanı rəşadətlə həyata keçirdiyi əməliyyatlar Haqq işimizdə qələbəni bizlərə nəsib etdi.


Şairə-publisist Nəsibə İsrafilqəzı hər bir qaziyə öz minəttdarlığnı bildirdi və şəhidlərimizin ruhu qarşısında baş əydiyini qeyd etdi. Həmçinin tanınmış şairə, vətənpərvərlik mövzusunda yazdığı şeirlərini səsləndirdi.

AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov çıxış edərək Azərbaycan xalqı öz gücünü, qüvvətini və birliyini II Qarabağ müharibəsində ən yaxşı şəkildə göstərdiyini vurğuladı. Uca Tanrıdan işğal olunmuş ərazilərimizin azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüşlərdə misilsiz şücaət və rəşadət göstərmiş şəhidlərimizə rəhmət, yaralılara şəfa dilədiyini bildirdi. Dünyada ən böyük nemət olan canını Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacağını, şəhid ailələri və qazilərimizə qayğının daima diqqətdə olmasının vacibliyini vurğuladı.


Qurban bayramı mərasimində xalq artisti Gülyaz Məmmədova və digər müğənnilər vətənpərvərlik mövzusunda mahnılar oxudular.


Tədbirin sonunda qazilərə bayram payı ilə yanaşı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) adından Fəxri fərmanlar təqdim olundu.

Xatırladım ki, AVMVİB Rəhbərliyi və tanınmış şairə Nəsibə İsrafilqızının birgə təşkilatçılığı ilə tədbirlərin keçirilməsi artıq ənənə halını alıb və müharibə iştirakçılarının dərin rəğbətini qazanıb.


Elnur Səlim

Bu xəbəri paylaşın: