Bu günlərdə özümü bir az toparlayıb Vətənin şəhid balası, leytenant Yaqub Nəcəfov, onun son savaşda qazi olmuş qardaşları İsmayıl və İbrahim Nəcəfovlar haqda yazmaq istəyirdim. Bir ailənin üç zabit övladının mənəvi aləminə varıb, onların simasında Vətən sevgisinin əlçatmazlığını oxucularıma çatdırmaq fikrindəydim. Və birdən…
Qardaş Türkiyədə namərd əllərlə oda qalanan doğma torpağın naləsi günümüzə hakim kəsildi. Qarabağ yarasının sızıltılarından qurtulmamış, namərd əllərlə Türkün bağrına atılan başqa bir dərd ortaya çıxdı. İstər qanlı savaşlarda, istərsə də namərd terror hərəkətlərində bədəli nə olursa olsun, Vətənin və millətin varlığı qorunmalıdır. 44 günlük Vətən müharibəsində bütövləşdik.
Düşmənlərimizin acığına , hamılıqla birləşib işğalçıların üzərinə yürüdük. Qanımız-canımızla ucaltdığımız bayraqlarımızla birgə. Dost və qardaşlarımız bizi imperialist qüvvələrin qanlı niyyətləri ilə üzbəüz meydanda tək qoymadılar. Bu gün biz də Türkiyənin yanındayıq. Yanan hər ağacın sızıltısını canımıza çəkib o torpaqla birgə sızlayırıq. Yaqub balamızın və minlərlə Vətən övladının Şəhidlik zirvəsinə ucalıb, bizə əmanət qoyduğu doğma torpaqla birgə…
Sovetlər dönəmində bu günki yaşlı nəslin sevərək izlədiyi bir film vardı. «Zabitlər» adlanan həmin filmdə bir ailənin, bir nəslin hərb sənətinə bağlılığından bəhs olunur, insanlara Vətən sevgisi aşılanırdı. Doğrudur, kommunizm ideologiyasının beyinlərə hopdurulmuş yalançı vədlərinin fonunda bu qəhrəmanlıqlar öz dəyərini almadı. Nəticədə süquta uğrayan İmperiya xalqları qanlı savaşların ağuşuna buraxıb, tarixin ləkəli yaddaşına qərq oldu. Nədənsə, üç zabit, üç döyüşçü atası Məhəmməd Nəcəfovla söhbətləşəndə, ani olaraq, bu filmi xatırladım.
…Çay süfrəsi arxasında oturub, doğma adamlar kimi dərdləşdik. Danışdıqca üzünün əzələləri gərilən, fəqət, mənim gözlədiyimdən də qürurlu görünən Məhəmməd müəllim, ağrılarını içinə büküb danışırdı:
— Mən və həyat yoldaşım Xuraman xanım ixtisasca müəllimik. Hazırda Culfa şəhər 3 saylı orta məktəbdə mən, təşkilati işlər üzrə direktor müavini, Xuraman xanım isə, fizika müəllimi kimi fəaliyyət göstəririk. Demirəm ki, hər gün balalarımıza vətənpərvərlik ruhunu təbliğ etmişik. Bu səmimi olmaz. Amma onu deyə bilərəm ki, Vətənin ağrıları, Qarabağ savaşı, Naxçıvan döyüşləri həmişə evimizin əsas söhbət mövzusu olub. Bir qədər qəribə görünsə də, balalarımızın bu söhbətlərə müdaxiləsinə heç vaxt qadağa qoymamışıq. İstəmişik ki, onlar həqiqətləri bilərək böyüsünlər. Bəlkə də onların hərb sənətinə meyli elə bu söhbətlərdən qaynaqlanıb, deyə bilmərəm. Amma 1992-1993- cü illərdə mən və qardaşım Vaqif Naxçıvan döyüşlərində , digər qardaşım Əli isə Ağdam döyüşlərində iştirak etmişik. Vaqif müharibə veteranıdır. Bir də ki, hərb sənətinin Naxçıvan torpağında tarixi qəhrəmanlıq ənənələri var. Burda bu müqəddəs sənətə ömür bağlayanlar çoxdur. Mənim və həyat yoldaşımın qohumlarından da hərbi xidmətdə zabit kimi fəaliyyət göstərənlər var…
Bir anlıq söhbətinə ara verib susdu. Gözləri yol çəkirmiş kimi bir nöqtəyə zilləndi. Və söhbətini davam etdirdi:
İbrahimlə İsmayıl əkiz övladlarımızdır. 1995-ci ilin uyun ayında doğulublar. Yaqub evin sonbeşiyi idi. 7 iyul 2000-ci ldə doğulmuşdu. Əkizlər orta məktəbin 9- cu sinfində oxuyarkən, H. Əliyev adına Ali Hərbi Məktəbdə oxuyacaqlarını qərarlaşdırdılar. Bu həm də bizim istəyimiz idi. Həmin ali məktəbi bitirdikdən sonra Quru Qoşunlarında zabir kimi xidmətə başladılar. Vətən müharibəsi başlayanda, baş leytenant rütbəsində olan qardaşlardan İsmayıl Goranboydan, İbrahim isə Ağdam istiqamətindən savaşa qatıldılar.Yaqub həmin ali məktəbin sonuncu kursundan səfərbər olunaraq Gəncəyə və ordan da leytenant rütbəsi ilə döyüş bölgəsinə göndərilmişdi. Ağdam istiqamətində gedən döyüşlərdə 23 qəlpə yarası alaraq. ağır yaralanan İbrahimin bir gözü görmə qabiliyyətini tamamilə itirib. Digər gözünün də tutulması təhlükəsi var. Suqovuşan və Kəlbəcər döyüşlərində ağır yaralanan İsmayıl isə sağlamlığını nisbətən bərpa edərək, Kəlbəcərdəki xidməti vəzifəsinə qayıdıb. Baş leytenant İbrahim Nəcəfov Döyüş günlərində Vətən övladlarının qəhrəmanlıqları fikrimizi o qədər məşğul etmişdi ki, balalarımızın qayğısını tamam unutmuşduq. Hər gün aldığımız qələbə xəbərləri üç zabit valideyni kimi bizi qürurlandırır, burda övladlarımızın da pay sahibi olduğuna sevinirdik.Həm də millət o qədər bütövləşmişdi ki, hamı həm ağrının, həm də sevincin sahibi təsirini bağışlayırdı. Müharibənin son günlərində İbrahim və İsmayılla bağlı məlumatlı idik. Amma Yaqub Şuşa ətrafında olduğundan heç bir məlumat ala bilmirdik.
— Müharibən bir neçə gün sonra mənə Komandanlıqdan zəng olundu. Oğlum, leytenant Yaqub Nəcəfovun qəhrəmancasına şəhid olduğunu dedilər və Bakıya gəlməyimi istədilər. Kimsəyə bir söz demədim. Həyat yoldaşıma Yaqubu axtarmaq üçün getdiyimi bildirib, yola çıxdım. Bakıda hərbçilərin müşayiəti ilə məni bir məkana gətirdilər. Oğlumun adıyla mənə göstərilən şəhidimizi görəndə hansı hissləri yaşadığımı sadəcə, canlandıra bilmirəm. Bu Yaqub deyildi. Amma mələklərin ruhunu Tanrı qatına apardığı şəhid balamız idi. Ani olaraq, beynimdə millətin, dövlətin və torpağın müqəddəsliyinə bağlılığın nə qədər şərəfli iş olduğu haqda fikirlər dolaşdı.
— Komandanlıqdan oğlumun axtarışı üçün Şuşaya getmək istədiyimi və buna icazə verilməsini istədim. Müəyyən narahatlıqdan sonra icazə verdilər. Yolda İsmayıl da mənə qoşuldu və xeyli axtarışdan sonra Yaqubumu Şuşa ətrafında tapdıq. Mənə gələn zənglərin ardı-arası kəsilməsə də hamıya bircə cavab verirdim:- hələ axtarıram. Təkcə anasına cavab verməkdə çətinlik çəkirdim. Heç vaxt yalan danışmadığım ömür-gün yoldaşıma hələlik yalan deməyə məcbur idim. Çünki mənim yanında olmadığım vaxt bu xəbər onu həyatdan qopara bilərdi. — Bakıda bütün hazırlıq işlərini gördükdən sonra həkimlərin təlaşlı inadlarına baxmayaraq, ağır yaralı olan İbrahim də tibbi personalın müşayiəti altında qardaşı ilə vidalaşmağa gəldi. Artıq məqam yetişmişdi. Naxçıvana yola düşürdük. Telefonu götürüb həyat yoldaşıma zəng vurdum. Və bircə cümlə söz dedim:
— Hazır ol, evimizə bayraq gətirəcəklər! Səsi çıxmadı. Deməli, şərəfli əsgərin anası özünü buna hazırlamışdı.
Culfada Yaqubun əbədiyyətə yola salınmasına desəm ki, bütün respublika toplanmışdı, səhv etmərəm.Bu sevgi bizi ucalığa yüksəldirdi. Elə bil ki, millətin qəddi düzəlmişdi. Qürurunu dikəldən qəhrəman oğullar onu basılmaz bir qalaya çevirmişdi. Elə bu coşquyla da Yaqub balamı Culfanın «Şəhidlər Xiyabanı»nda uğrunda can verdiyi Vətən torpağına tapşırdıq.
Məhəmməd müəllimlə söhbətimiz çox çəkdi. Onun həmkəndlisi, mənim isə çoxillik dostum olan Abdulla İsmayılzadə ( hər ikisi Culfanın Yaycı kəndindəndirlər) ilə birgə zabitlər ailəsinin qayğılarını bölüşdük. İndi bu ocaq adi bir məkan deyil, köksünü Vətənin yaralarına söykəyib ona var olmağı bəxş edən bir qəhrəmanlıq məbədidir.
Sonda onu deyim ki, Vətən müharibəsindən sonra baş leytenant İbrahim Nəcəfov «Cəsur döyüşçü», » Vətən müharibəsi iştirakçısı», » Ağdamın azad olunması uğrunda» , baş leytenant İsmayıl Nəcəfov «Vətən müharibəsi iştirakçısı», «Hərbi xidmətdə fərqlənməyə görə» (3-cü dərəcəli medal), » Cəsur döyüşçü» və «Suqovuşanın azad olunmasına görə» medalları ilə təltif olunublar. Şəhid qəhramanımız, leytenant Yaqub Nəcəfov isə, «Cəsur döyüşçü», «Vətən uğrunda», «Şuşanın azad olunmasına görə» medalları ilə mükafatlandırılıb.
Nə vaxtsa Culfa şəhərinə yolunuz düşsə, orda Nəcəfovların adı ilə tanınan, hünəri gələcək nəsillər üçün örnək olan, qəhrəman şəhidimiz Yaqub Nəcəfovun nişanələrini özündə yaşadan bir ocaq var. Mütləq ora baş çəkin. Qürurlu Məhəmməd atanın və Xuraman ananın ucalığı qarşısında baş əyin. Onlar dövrümüzün ucalıqda tutulmalı ınsanlarıdı !!!
Elbariz Məmmədli
Jurnalist, şair