Əşrəf Qani qaçdı, Abdul Qani gəldi — Nələr dəyişəcək?

Talibanın paytaxt Kabula daxil olmaqla bütün böyük əyalət mərkəzlərini ələ keçirməsindən sonra Əşrəf Qani Tacikistana sığınıb.


Əşrəf Qani hadisəylə bağlı ilk açıqlama verib: «Düzgün qərar qəbul etdim. «Taliban» məni hakimiyyətdən devirmək üçün Kabilə və onun sakinlərinə qarşı qanlı hücum etməyə hazır olduğunu açıq şəkildə bəyan etdi. Qan tökülməsinin qarşısını almaq üçün vəzifəmdən istefa vermək qərarına gəldim».


Qeyd edək ki, bu gün radikal «Taliban» silahlıları paytaxt Kabilə döyüşsüz daxil olublar. Əfqanıstan prezidenti Əşrəf Qani həyat yoldaşı, övladları və iki köməkçisi ilə birgə Kabildən Tacikistana uçub və oradan Omana gedib.


Bu barədə Əfqanıstanın «TOLO News» agentliyi məlumat yayıb.

Radikal «Taliban» hərəkatı tezliklə Kabildəki Prezident Sarayından Əfqanıstan İslam Əmirliyinin yaradıldığını elan edəcək.


«Associated Press» hərəkatın sözçüsü bu barədə məlumat yayıb.


Əfqanıstanda vəziyyət son həftələrdə «Taliban»ın ölkənin böyük şəhərlərinə hücumu ilə gərginləşdi.


Bazar günü media və mənbələr Əfqanıstandakı bütün sərhəd keçidlərinin «Taliban» tərəfindən nəzarət edildiyini bildirdi.

Əfqanıstan dünya gücləri və regionda maraqları olan dövlətlərin haqq-hesab meydanına çevrilib. Baş oyunçu ABŞ çalışır ki, Çin ətrafında, «Bir kəmər – bir yol” marşrutu üzərində qeyri-sabitlik şəraiti yaradılsın və rəqabət apardığı Çinə radikal islam adı altında Doğu Türküstana təsir rıçaqları əldə edə bilsin.


Çinin öz istəkləri var. Öncə ABŞ «mandatlı» Suriyadakı Türküstan İslam Partiyası döyüşçülərinin Əfqanıstana gəlib, orada mövqe tutmasını əngəlləsin, öz sərhədlərinin, o cümlədən strateji əhəmiyyətli Vahan dəhlizinin və infrastruktur proyektlərinin təhlükəsizliyini təmin etsin. Xatırladaq ki, Talibanın Qətər Siyasi Bürosunun rəhbəri Molla Əbdül Qani Biraderin rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər edərək Çinin xarici işlər naziri Vang Yi Çinin Tianjin şəhərində görüşdüyü məlumdur.


Vang Yi, Vaşinqton rəhbərliyinin Əfqanıstan siyasətinin iflasa uğradığını və ölkədəki bütün tərəflərin «Əfqanıstan əfqanlar tərəfindən idarə edilməlidir» prinsipi əsasında ən qısa zamanda sülh qurması lazım olduğunu bildirmişdi.


Görüşdən həmən sonra Taliban sözçüsü Suheyl Şahin, South China Morning Post -a verdiyi açıqlamada Çini «dost ölkə» olaraq xarakterizə etmişdi və «Çini alqışlayırıq. Əgər sərmayə qoyacaqlarsa, təbii olaraq onların təhlükəsizliyini təmin edirik. Onların təhlükəsizliyi bizim üçün çox dəyərlidir ”- demişdi.


Pekin rəhbərliyi ilə yaxşı əlaqələri olduğunu qeyd edən Şahin, “Çində dəfələrlə olmuşuq və yaxşı əlaqələrimiz var. Çin, Əfqanıstanın inşası və inkişafı üçün alqışladığımız dost bir ölkədir.» sözlərindən istifadə etmişdi.


Rusiya çalışmaqdadır ki, KTMT və Avrasiya İttifaqı sərhədlərində İŞİD, «Əl-Kaida” kimi terror qruplaşmaları güc toplamasın və Orta Asiyaya vasitəsiylə öz sərhədlərinə radikal islamın sirayət etməsini əngəlləmək istəyir. Amma reallıq tam əks məcrada inkişaf etməkdədir. Tacikistanda 1300 km-lik Əfqanıstanla sərhədlərin qorunması bir başa Rusiyanın səlahiyyətlərinə aiddir. 7 minlik rus ordu birliyi Tacikistanda dislokasiya edilib. Amma ilkin məlumatlara görə 5 milyon qaçqın dalğası Özbəkistan, Qazaxstan, Tacikistan və digər ölkələr istiqamətində gələcəyi şəksizdir.


Rusiya çox narahatdır. Putinin Təhlükəsizlik Şurasını təcili çağırması da bununla bağlıdır. İnternetdə, ABŞ hökumətində işləyən əfqanların müvəqqəti olaraq qəbul edilməsinə dair Qazaxıstanla razılıq əldə edildiyi barədə məlumat yayılır. Zakon.kz xəbər verir ki, Xarici İşlər Nazirliyi bu açıqlamanı təkzib edir.


Qaçqın düşərgəsinin Qazaxıstanın cənubunda yerləşəcəyi, ancaq Almatı və Türküstan bölgələrində olmayacağı məlumdur. Əsas razılaşma 2000 əfqanıstanlı üçün nəzərdə tutulub, büdcə ayrılıb. Saxta mesajda deyilir ki, qaçqınlar artıq viza alma prosesini başa çatdırırlar.


O, həmçinin qeyd edir ki, ABŞ dövlət katibi Entoni Blinken Qazaxıstan Respublikasının xarici işlər naziri Tleuberdi Muxtarla telefon danışığında qaçqınlara sığınma prosesinin son detallarını müzakirə edib. Başqa bir Orta Asiyaya məxsus mənbə bildirib ki, ABŞ Tacikistan, Qazaxıstan və Özbəkistana amerikalılara kömək edən 9 minə yaxın əfqanıstanlını müvəqqəti olaraq yerləşdirməyi xahiş edir. Rusiya arzulamadığı günlərini yaşayır.


İran çalışır ki, Səudiyyə Ərəbistanı liderliyində sünni ərəb dünyasının Talibanla əlaqələrindən çəkinir, məzhəb fərqinə baxmayaraq, Talibanla praqmatik əsasda stabil münasibətlər qursun. Talibanın keçmişdə təyyarələri vurmaq üçün silah texnologiyasını əldə etməsi, zaman-zaman İran-Taliban münasibətlərini gündəmə gətirmiş və İranın bu texnologiyanı Talibana ötürdüyü iddialarını ortaya atmışdı.


İddialar, Taliban qüvvələrinin ölkədəki ABŞ qüvvələrinə ağır zərbələr endirdiyi vaxtlara gedib çıxır. 2009 -cu ildə nəşr olunan CFR hesabatında istifadə olunan silah və partlayıcı maddələrin İran mənşəli olduğu iddiaları vardı. Əşrəf Qaninin ABŞ -la imzaladığı «Strateji Tərəfdaşlıq» müqaviləsindən sonra İran, Taliban üçün öz ölkəsində bir «Ofis» açmasına icazə verdi və mediada Talibanın Zahedan və Məşhəddə ofislərinin olduğu açıqlanmışdı. İngilis mətbuatının o vaxtlar yazdığına görə, ABŞ kəşfiyyatı ilə DM Quds Ordusu rəsmiləri arasındakı ünsiyyətdə «yer — hava» raketlərinin Əfqanıstana ötürülməsindən danışılmışdı.


Qasım Süleymani öldürüldükdən sonra onun yerinə keçən İsmayıl Kaani, Əfqanıstan DM Quds Ordusu üçün məsul idi. Xüsusilə, raketlərin İrandan Taliblərə çatdırıldığı iddiaları hələ də qalmaqdadır. Bunlar iddia olaraq qalmaqdadır. Hələlik konkret məlumatlar yoxdur.


Hadisələrdə marağı olan dövlətlərdən biri də Hindistandır. Hindistan İranın Çabahar limanı vasitəsilə Pakistandan yan keçməklə Əfqanıstana və Orta Asiyaya çıxan nəqliyyat koridoru yaratmışdı və İranla bu layihəyə 500 milyon dollar investisiya yatırmağı nəzərdə tutan anlaşma imzalamışdı. İndi bu koridorun taleyi hələlik bilinmir. Hindistanın narahatçılığının ciddi əsasları mövcuddur. ABŞ prezidenti Donald Trampın Talibanla danışıqları dayandırma qərarı Hindistan siyasi ictimaiyyətində müsbət qarşılanmışdı. 2014-cü ildə Taliban Heratın üçüncü bölgəsindəki Hindistan Konsulluğuna hücum etmişdi və təhlükəsizlik qüvvələri ilə toqquşduğu bildirilmişdi. Çox güman ki, Taliban, Hindistanın anti Taliban tövrünü unutmayıb və bu da İran-Hindistan-Orta Asiya-Rusiya alternativ nəqliyyat koridoru da sual altına düşür.


Xatırladaq ki, hücum öncəsi Çin, Əfqanıstan və Pakistan birgə bəyanat verərək (04.06.2021-ci il) «Taliban» hərəkatının dönüşünü gözləyirik və alqışlayırıq» — demişdi. Birgə bəyanatda qeyd edilirdi ki, «tərəflər, Əfqanıstandakı təhlükəsizliyin qorunması, vəziyyətin pisləşməsinin qarşısını almaq və terrorçu qüvvələrin fürsətdən istifadə etməsinə imkan verməmək üçün xarici qoşunların Əfqanıstandan çıxarılması prosesinə məsuliyyətli və nizamlı yanaşmağa çağırırlar». «Bütün maraqlı tərəflər terrorizmlə mübarizə üzrə öhdəliklərini vicdanla yerinə yetirməli və hər hansı bir terrorçu qüvvənin öz ərazilərindən istifadə edərək digər ölkələrin maraqlarına xələl gətirməsinin qarşısını almalıdır».

Bu kritik gündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla pakistanlı həmkarı Arif Alvi arasında görüş baş tutub.


Bu barədə «TRT Haber» məlumat yayıb.


Qeyd edilib ki, görüş Türkiyə dövlət başçısının Vəhdəddin iqamətgahında təşkil olunub.


Həmçinin, görüşün mətbuata qapalı şəkildə keçirildiyi bildirilib və görüşdə hansı məsələlərin müzakirə edilməsi barədə mətbuata məlumat sızdırılmayıb.


Eyni gündə Əfqanıstanda hakimiyyətini bərqərar edən Taliban hərəkatının sözçüsü Zabilhullah Mücahid Türkiyəni düşmən yox, müttəfiq olaraq gördüklərini bildirib. Kabul rəhbərliyi ilə danışıqların başladığını ifadə edən Mücahidlər, «Kabili sülh yolu ilə ələ keçirəcəklərini, kimsənin canına və malına zərər vermək istəmədiklərini və Kabil əhalisinin bundan narahat olmamalarını» deyib.


Taliban heç kimdən qisas almaq fikrində olmadığını ifadə edən Mücahid, Əfqanıstan hökumətində çalışan bütün əsgərləri və mülki insanları bağışladıqlarını deyib: «Biz hər kəsin özünü tapa biləcəyi bütün əfqanlara xidmət edəcək və hamı tərəfindən qəbul ediləcək bir İslam hökuməti quracağıq» deyib: «Kabul çox qısa müddətdə nəzarətimizə keçəcək. Bütün dünya Əfqanıstan İslam Əmirliyinin zəfərini qəbul etməlidir. Bizi tanıyan ölkələrlə sıx əlaqələr qurmağa hazırıq. Biz heç bir ölkənin Əfqanıstan ərazisində olmasına icazə verməyəcəyik. Hansı ölkə olursa olsun, qısa müddətdə xarici qüvvələri Əfqanıstan İslam Əmirliyi ərazisində işğalçı olaraq görəcəyik və lazım olanı edəcəyik. » Türkiyə haqqında danışan Taliban rəsmisi Molla Məhəmməd Yaqub isə «Türkiyə yaxın əlaqələr qurmaq istədiyimiz bir ölkədir» bəyanatı ilə çıxış edib: «Ərdoğandan bizə hörmətlə yanaşmasını xahiş edirik. Türkiyə çoxlu əfqanlara ev sahibliyi edən bir ölkədir və yaxın əlaqələr qurmaq istəyirik. Biz Türkiyəni düşmən yox, müttəfiq olaraq görürük».

Türkiyə prezidenti R. T. Ərdoğan bu gün verdiyi açıqlama bir çox məqamları gün üzünə çıxarıb: «Pakistan iki milyarddan çox əhalisi ilə vacib bir bölgə olan Cənubi Asiyada sülhün bərqərar olunması, rifahın artırılması istiqamətində kritik bir vəzifəni üzərinə götürüb. Bölgənin üzləşdiyi problemlərə tapılacaq həll yolları ancaq Pakistanın dəstəyi ilə həyata keçirilə bilər». Yəni Əfqanıstanda stabilliyin əldə edilməsinin bu gün tək variantı daha mütəşəkkil olan Taliban olmasını Türkiyə və Pakistan vaxtında və doğru qiymətləndirib…

«Əli Vəli məsələsinə bənzər şəkildə» Əşrəf Qani qaçdı, Abdul Qani gəldi. Görünən hələlik budur…

Əli Nəsib Zərdabi
Fedai.az Araşdırma Qrupunun üzvü

P.S. Taliban əfqan məmurun qoyub qaçdığı villaya daxil olur…

Bu xəbəri paylaşın: