Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Nəsimi rayon şöbəsi Birliyin fəal şöbələrindən sayılır. Aidiyyatlı orqanların heç bir dəstəyi olmadan onlarla tədbirə imza atıb və öz hesablarına qərargah icarəyə götürmüşlər. Lakin imkansızlıqdan icarə haqqını ödəyə bilməyərək elə qərargahsız olaraq fəaliyyətə keçməyə məcbur olmuşlar. Bunu rayon rəhbərliyinin, yaxud da Bakı şəhər İcra Hakimiyyətinin veteranlara münasibəti kimi qəbul etməzdik.

Çünki, həm Bakı şəhər İcra Hakimiyyətinin Başçısı cənab Eldar Əzizov, həm də Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı cənab Asif Əsgərov müharibə veteranlarına müsbət münasibətləriylə hər kəsə örnək olan başçılarımızdandır və hər iki məmura müharibə veteranları hörmətlə yanaşarlar.
Reallıq arxasında qərargahla bağlı edilən müraciətlərə mənfi cavab verilməsi və mövcud qanunvericilik aktı olan «Veteranlar haqqında» Respublika Qanununun tələbləriin yerinə yetirilməməsini müharibə veteranları narazılıqla qarşılayıblar.
«Veteranlar haqqında» Respublika Qanununun 10-cu maddəsində deyilir:
— Veteran təşkilatlarının istehsal fəaliyyətinə təminat verilməsi
Dövlət orqanları öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada veteran təşkilatlarına maliyyə yardımı göstərə bilər, onlara müvafiq büdcələrdən vəsait ayıra bilər, nizamnamə vəzifələrini həyata keçirmək üçün binaları, avadanlığı və başqa əmlakı güzəştli şərtlərlə onların istifadəsinə və ya mülkiyyətinə verə bilərlər.
Veteran təşkilatları müəssisələrinin xammal, texnika və tikinti materialları ilə təmin edilməsinə üstünlük verilir.
Etiraf edirik ki, AVMVİB Nəsimi rayon şöbəsinin keçmiş rəhbərliyi yarıtmaz fəaliyyətinə görə azad edildilər. Yeni və bacarıqlı ehtiyyatda olan polkovnik Elmar Hüseynov qısa vaxt ərzində şöbənin fəaliyyətini bərpa eləməyi bacardı.

Xatırladaq ki, rayon şöbəsinin əvvəllər yeri olub. «Azəristiliyə» məxsus olduğunu deyirlər və bu qərargahdan istifadə etməyə imkan vermirlər. Əmlak-«Azəristilik»-İcra Hakimiyyəti məsələnin həllini bir-birinin üstünə atmaqdadır.
Məsələ ilə bağlı AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov deyib: «Nə qədər acınacaqlı olsa da, Sizə bildirirəm ki, şöbənin icarəyə götürdüyü yeri təhvil verməli olduq. Düz bir ildir ki, Əmlak Komitəsinə, Baki şəhəri İcra hakimiyyətinə, Nəsimi rayon İcra hakimiyyətinə dəfələrlə müraciət etməyimizə baxmayaraq qeydiyyatında 1500 nəfər Qarabağ Müharibə Veteranları olan bir şöbəyə yer tapılmadı. Məmur laqeyidliyi, başdansovdu cavablar, paxıllıqlara görə biz hələlik fəaliyyətimizi səyyar davam etdirəcik. Telefonlarımız daim açıqdır. Hər bir Veteranımızın yanındayıq».
Demək olar ki, səyyar şəkildə fəaliyyət öz effektini vermir. İnanırıq ki, aidiyyatlı orqanlar mövcud problemin həllinə diqqətlə yanaşaraq rayon veteranlarını sevindirəcəklər.
Mövzuya qayıdacağıq…
Elnur Səlim
