Öz torpağını alıb bayrağı sancan, Azərbaycan əsgəridir!..

Bütün dünya dövlətləri çox gözəl bilirdi ki, 30 il ərzində torpaqlarımızın işğal altında olması böyük bir ədalətsizlik idi. Təbii ki, bu tendensiya, beynəlxalq ədalətsizlik və “ikili standartlar” siyasətinin təzahürü kimi özünü göstərirdi. Torpaqlarımızın işğalı beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi.

Təəssüflər olsun ki, 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə olmadı. Nəticə sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi. Çünki 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli, bu məsələnin dondurulması prosesi gedirdi. Təbii ki, Azərbaycan heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildi. Heç şübhəsiz ki, ikili standartlar beynəlxalq ədalətsizlikdir. Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verdi. Bu, yaxın tarixin hadisəsidir. Ancaq bunu bir çox ölkələr görmək istəmirlər və cəmi 13 ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Biz son illər ərzində bir çox müttəfiq qazandıq. Ancaq o saxta “soyqırımı” tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər. Onlar saxta tarixi qəbul edirlər. Aydın məsələdir ki, burada da əsas amil siyasi amildir. Amma real soyqırımı görməzliyə vururlar, bu böyük ədalətsizlikdir. Azərbaycan xalqı uzun zaman qurtuluş savaşı aparıb.

Son illər ərzində dəfələrlə bəyan olunurdu ki, Azərbaycan xalqı mövcud vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi. İkinci Qarabağ savaşı dönəmində Ermənistan döyüş meydanında ilk gündən məğlubiyyətə uğramağa başlamışdı. 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmadıq. Hətta manevr etmək məqsədilə də geri addım atmadıq. Ermənistan isə artıq öz qaçılmaz məğlubiyyətini dərk edərək bizi durdurmaq və mülki əhaliyə böyük zərər vermək üçün şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya qurğuları ilə daim atəşə tuturdu. Məsuliyyətli ölkə olaraq Azərbaycan müharibəni ləyaqətlə aparıb. Azərbaycan Ordusunun məsuliyyəti və peşəkarlığı nəticəsində Ermənistan tərəfində mülki əhali arasında itkilər çox az olub. Təqribən 30 nəfər civarında və onların böyük əksəriyyəti savaşda iştirak edənlərdir. Bu, videokadrlarda da var. Biz görürdük ki, bəzi artilleriya qurğularının yanında mülki şəxslər də var və təbii ki, bizim atəşimiz ora düşəndə onlar da həyatlarını itirirdilər. Qarabağ bölgəsində — ermənilərin işğalı altında olan yerlərdə və onların yaşadıqları yerlərdə heç bir dağıntı olmamışdır. Yəni, bu, bir daha onu göstərir ki, Azərbaycan müharibəni ləyaqətlə aparıb və savaşa xas olan bütün qaydalara riayət edib. Heç kəsə sirr deyildir ki, Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirmişdir. Ermənistan altı xətt istehkam qurmuşdu, müdafiə zolağı qurmuşdu və oranı keçmək böyük məharət, qəhrəmanlıq tələb edirdi. Bizim hərbçilərimiz ölümə gedirdilər. Eyni zamanda, o bölgənin coğrafiyası, relyefi də onlar üçün əlverişli idi. Çünki onlar dağlarda yerləşmişdilər, bütün yüksəklikləri götürmüşdülər, biz isə aşağıdan getməli idik. Ordumuzun gücləndirilməsi, silah, texnika, təchizat məsələləri də əsas amillərdəndir. Son illərdə ən çağdaş texnologiyaya əsaslanan silahlar alındı və Ordumuzun peşəkarlığı artdı. Çünki silahlar, texnologiya, əlbəttə, bir çox məsələləri həll edir. Ancaq yerində torpağı alan, bayrağı sancan əsgərdir. Əgər o, döyüşə həvəslə getmirsə, heç bir silah sənə kömək edə bilməz. Bu amillər bizi Qələbəyə apardı. Bizim bütün hərbi strategiyamız və silahların alınması bir məqsədə xidmət edirdi – biz bu torpaqları necə az itkilərlə azad edək və belə də oldu.

Heç kim inana bilmirdi ki, bizim itkilərimiz cəmi təqribən 3 minin altında olsun. Hər bir insanın həyatı qiymətlidir, ancaq bu miqyaslı əməliyyatda cəmi 2900 şəhidin verilməsi, onu göstərir ki, hər əsgərin canını biz son ana qədər qorumağa çalışırdıq. Bütün çətinliklərə, süni şəkildə yaradılan maneələrə baxmayaraq, biz Qələbəyə inanırdıq. Müharibənin ilk günündən biz artıq Zəfər əldə etdik. Müharibənin ilk günündə bir neçə kənd azad edildi və bu, Ordumuza da ruh yüksəkliyi verdi, özümüzə də əminlik verdi və inam verdi. Ancaq biz hər gün insanlarımızı itirirdik, hər gün şəhidlər verirdik. Hər ölən bizim övladımızdır, hər həlak olanın həyatının qiyməti yoxdur. Onun ömrü təkrarolunmazdır, ölümü yaxınları, valideynləri, anaları, ataları, övladları üçün faciədir. Amma, eyni zamanda, hər gün zəfərlə dolu anlar yaşamışdıq. Yəni, bu 44 gün ərzində bizim həyatımızın, günümüzün yarısı kədərli, yarısı sevincli idi. Bütün Azərbaycan xalqında inam var idi ki, biz bunu edəcəyik. Torpaqlarımızın işğaldan azad olunması xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik. Şuşa, əlbəttə ki, hər bir azərbaycanlı üçün doğma, əziz şəhərdir, böyük rəmzi məna daşıyır.

Təsadüfi deyil ki, Şuşa Azərbaycanın Mədəniyyət Paytaxtı elan edildi. Ancaq bütün digər şəhərlər də Azərbaycan xalqı üçün Şuşa qədər əzizdir və doğmadır. Hər qarış torpaq bizim torpaqdır və onları biz azad etməli idik. Əlbəttə ki, xalqımızın barışmaz ruhu Qələbəmizi təmin edən əsas amillərdən biri idi. Qələbənin əldə olunmasında bir çox amillər rol oynadı. İlk növbədə, əlbəttə ki, xalqımızın əzmi, barışmaz mövqeyi və dövlətin rəsmi siyasəti. Müharibə üçün düzgün zaman seçilməli idi. Çünki bu, tarixi məsuliyyətdir və ona görə zamanında atılan addımlar bax, belə nəticəyə gətirib çıxardı. Çünki biz Qarabağı unutmadıq. Hətta Qarabağı görməyən və çadır şəhərciklərində doğulan uşaqlar da bir arzu ilə, bir amalla yaşayırdılar ki, öz torpaqlarına qayıtsınlar. Ölümə gedənlər məhz onlar kimi minlərlə gənc olmuşdur. Xalqın sevincini görmək böyük xoşbəxtlikdir. 30 il Vətən həsrəti ilə yaşamış insanlar tezliklə öz yurdlarına, öz torpağına qayıtmaq istəyirlər. Ancaq onu da çox yaxşı bilirlər ki, orada bütün evlər, bütün şəhərlər dağıdılıb. Azad edilmiş torpaqlarda — Qarabağda və Şərqi Zəngəzurda indi həm minalardan təmizləmə işləri, eyni zamanda, infrastruktur işləri sürətlə gedir. Tərəfimizdən böyük infrastruktur layihələri — yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları sürətlə reallaşdırılır. Bunlar olmadan oraya həyat qayıda bilməz. Eyni zamanda, Ağdam şəhərinin baş planı da mayın 28-də, bizim Müstəqillik Günündə təsdiqləndi və orada işlər artıq başlayır. Doğrudan da, rəsmi İrəvanın siyasi təxribatları və hərbi cinayətləri bitib-tükənmək bilmirdi. Danışıqlar prosesi çərçivəsində Ermənistan daim bizə qarşı hərbi təxribatlar törədirdi. Müzakirə prosesinin müxtəlif dövrlərində fərqli xarakterli təxribatlar baş verirdi. Danışıqlar prosesində bir az tərəqqi olan kimi dərhal hərbi təxribat törədilirdi, mülki əhaliyə hücum edirdi və danışıqları pozurdu. İkinci Qarabağ savaşından öncə — iyul və avqust aylarında da buna oxşar hərbi təcavüz etdi. İyul ayında bizim mülki əhalini və hərbçiləri artilleriya atəşinə tutdu. Bunun nəticəsində bizdə itkilər olmuşdur. Avqust ayında isə təxribat qrupunu Azərbaycana göndərmiş və burada terror aktları törətməyə cəhd etmişdi. Bu təxribat qrupu da zərərsizləşdirildi. Faktiki olaraq, rəsmi İrəvan hərbi cinayətkardır. Ermanistanın ballistik raketlərlə və artilleriya qurğuları ilə daim bizim şəhər və kəndlərimizi atəşə tutmağının nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldular. Bu görüntülər var. Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimizi hər gün atəşə tuturdular. Tərtər şəhərinə 20 minə yaxın raket düşmüşdür. Ancaq Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Öz yaxınlarını, öz qohumlarını, əqrəbalarını itirmiş insanlar da deyirdilər ki, ancaq irəli getməliyik. Yəni, ermənilərin bu qeyri-insani davranışı da onlara heç bir xeyir, mənfəət gətirmədi, sadəcə olaraq, dünyanın gözü qarşısında özlərini növbəti dəfə vəhşilər kimi göstərdilər. Bilirik ki, basdırılmış minalar bərpa işlərimizi əsaslı şəkildə ləngidir və mülki əhalimizin həyatı üçün təhdid yaradır. Ermənilər yüz minlərlə mina basdırıb.

Müharibə başa çatandan sonra — 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da ki, öz sağlamlığını itirib. Ona görə minatəmizləmə işi getməlidir və gedir. Ermənistan bizə minaların xəritələrini də vermir və son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir. Yəni, burada da özlərini qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına ata bilmərik. Bütün bunlardan başqa, qeyd etmək lazımdır ki, Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Türkiyə Azərbaycana hərtərəfli dəstək oldu. İlk növbədə, İkinci Qarabağ savaşının ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli açıqlamaları çox böyük və müsbət rol oynadı. O demişdir ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycanın haqq işində Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verir və verəcəkdir. Bunun çox böyük mənası var idi. Çünki bu, bir çoxlarını məsələyə müdaxilə etməkdən çəkindirdi. Çünki bilmək olmurdu bəzi ölkələr özlərini necə aparacaqlar. Bəzi ölkələrin İkinci Qarabağ savaşı dönəmində sərgilədikləri siyasi mövqe onu göstərir ki, onlar Ermənistan tərəfində idilər. Onlar şər qüvvələrin tərəfində idilər, işğalçının, zalımın, vəhşinin tərəfində idilər. Türkiyədən alınmış müasir silahlar, bayraktarlar daxil olmaqla, bizim işimizi böyük dərəcədə yüngülləşdirdi və insan itkisinin çox olmamasına da səbəb oldu. Bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Ölkələr arasındakı münasibətlər əməldə olmalıdır. Çünki yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı çıxışlar edə bilər. Amma ağır gündə sən gəl yanında dur. Necə ki, Türkiyə İkinci Qarabağ savaşında bizim yanımızda durdu. Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir. Şuşa Bəyannaməsi qardaşlıq münasibətlərin zirvəsidir. Məlumdur ki, son zamanlar Türkiyədə baş vermiş yanğınların söndürülməsində Azərbaycan yaxından iştirak edib. Yanğınlardan xəbər tutan kimi biz dərhal hərəkətə keçdik, heyətlər göndərdik, maşınlar göndərdik. Türkiyəyə 93 yanğınsöndürən maşın, 700-dən çox yanğınsöndürən yola saldıq. Onlara hər hansı bir xüsusi təlimat vermək lazım deyildi. Çünki onlar özləri bu faciəni öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar. Türkiyə-Azərbaycan birliyini möhkəmləndirmək üçün çox böyük səylər göstərilib. Ortaq tarix və ortaq etnik köklər hələ o demək deyil ki, ölkələr də qardaş ölkələr olsunlar, xalqlar da qardaş xalqlar olsunlar. Bizim ölkələrimiz arasında olan birlik böyük siyasi iradənin nəticəsidir. Yəni, bu, böyük bir siyasətin təzahürüdür. Son 18 il ərzində həm Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyasət formalaşdırılıb.

Ondan daha əvvəl Ulu Öndər Heydər Əliyevin məşhur kəlamı var: “Bir millət, iki dövlət”. Bunu indi bilməyən yoxdur. Bu sözlər bizim üçün işıqlı bir yoldur. Bu vəsiyyətə, bu sözlərə sadiq olaraq biz hər istiqamət üzrə əlaqələrimizi gücləndirdik, yüksək səviyyəyə qaldırdıq. Yeni nəsil, gənc nəsil gərək bizim yolumuzu davam etsin. Çünki biz bu təməli qoyduq, yoluna oturtduq, çox güclü müttəfiqlik yaratdıq, sarsılmaz birlik yaratdıq. Postmüharibə dövrünü, bizim üçün bir sınaq dövrü kimi səciyyələndirsək, heç də yanılmarıq. Tarixi torpaqlarımıza qayıdış üçün hələ bizə xeyli zaman lazımdır. 30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir. Bizim burada əsas rəqibimiz zamandır. Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub, amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var. Biz vətəndaşlarımızı ən qısa müddət ərzində qaytaracağıq. Birinci pilot layihə artıq gerçəkləşir, Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin sonuna, ya da ki, gələn ilin əvvəlinə hazır olacaqdır.  Təbii ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasını istəyir. Biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Azərbaycanın konkret təklifləri masa üzərindədir. Sülhə nail olmaq üçün ölkəmizin konkret təklifləri masa üzərindədir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Bu cür sülh Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq. Bu gün Ermənistan cəmiyyəti çox çətin psixoloji durumdadır. Ermənistanda ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya o dərəcədə insanların və hakim dairələrin beyinlərini zəhərləyib ki, onlar sülhü istəsələr də, dilə gətirə bilmirlər. Ermənistanda cəmiyyət və hakimiyyət təbii ki, indi çox çətin bir psixoloji durumdadır. Çünki onların otuz il ərzindəki ideoloji sütunları darmadağın edildi, mifologiya darmadağın edildi. Erməni ordusunun “müzəffər ordu” olmasını biz 44 gün ərzində yerlə bir etdik. Onların ərazi iddiaları məhv edildi. Digər tərəfdən də, Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu məsələ 10 noyabr üçtərəfli Bəyanatına ziddir. Təəssüf ki, bu günə qədər davam edir. Biz bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik. Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik. Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilirik. Hal-hazırda cənubi Qafqazdakı vəziyyət dəyişir və 3+3 formatı da gündəlikdədir. Bu məsələdə də Azərbaycanın və Türkiyənin mövqeləri üst-üstə düşür. Biz bu formatı dəstəkləyirik və ümid edirik ki, digər ölkələr də buna qoşulacaqlar. Gürcüstan tərəfi buna hazır deyil. Çünki Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur. Bu, Gürcüstanın mövqeyidir, biz bu mövqeyə hörmətlə yanaşmalıyıq, amma buna baxmayaraq, regional işbirliyi, sabitliyin təmin olunması və gələcəkdə müharibə riskinin sıfra endirilməsi üçün bölgə ölkələri arasındakı əlaqələr çox önəmlidir. Burada konkret layihələr də müzakirə oluna bilər, çünki bu, sadəcə olaraq, siyasi təşəbbüs deyil. Burada, ilk növbədə, Zəngəzur dəhlizinin və digər yolların açılması, — çünki təkcə Zəngəzur dəhlizindən söhbət getmir, bizim Ermənistanla digər nəqliyyat layihələrimiz ola bilər. Ondan sonra ticarət əlaqələrinin bərpası, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi, bütün bunlar çox önəmli məsələlərdir. Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər də bizim cəmiyyətimizə mütləq inteqrə edilməlidir. Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri biz yolunu azmış Azərbaycan vətəndaşları sayırıq. Onların sayı o qədər də çox deyil. Dəqiq məlumata görə, 25 minin altındadır. Əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və burada bir çox xalqlar yaşayır, bir ailə kimi yaşayır, o cümlədən ermənilər də yaşayır. Bakı şəhərin mərkəzində yerləşən Erməni kilsəsində 5 minə yaxın erməni kitabı var. Ümumilikdə Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır, Azərbaycan buna hazırdır. Rusiyadan gözləntimiz üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsidir. Bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. İstəyirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir. Müharibə başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. Biz hələ ki, bunu görmürük, müşahidə etmirik, amma Rusiya tərəfindən bəzi açıqlamalar oldu. Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir. Həm də Ermənistanın yeni müdafiə naziri çox məsuliyyətsiz açıqlamalar verdi ki, əgər Azərbaycan tərəfi Ermənistan sərhədini bir santimetr pozsa, o zaman onlar atəş açacaqlar. Yəni, görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq, çünki buna ehtiyac yoxdur. Biz istəyirik ki, Rusiya bu məsələdə bizim narahatlığımızı nəzərə alsın, çünki nə qədər silahlar verilsə də, yenə də güclər nisbəti dəyişməyəcək. Çünki son 30 il ərzində Rusiya Ermənistana milyardlarla dollar dəyərində pulsuz-parasız silahlar verib. Onların bir qismi indi bizim Hərbi Qənimətlər Parkında dağılmış muzey eksponatları kimi sərgilənir.

Buna baxmayaraq, Ermənistan ordusu tamamilə darmadağın edilib. Biz ordumuzun silahlanmasına nə qədər lazımdır, o qədər də vəsait ayıracağıq və bunu edirdik. Sadəcə, hesab edirik ki, artıq müharibə bitdi, buna ehtiyac yoxdur. Bölgənin yenidən silahlandırılması prosesinə biz təşəbbüskar olmamışıq və deyilik. Ümid edirik ki, digər tərəfdaşlar da buna uyğun addımlar atacaqlar. Bizim üçün ən vacib proseslərdən biri də, yeni nəqliyyat qovşağı məsələsinin həlli məsələsidir. Zəngəzur dəhlizinin açılması bir çox məqsədlərə, hədəflərə xidmət edir. Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Dörd il bundan əvvəl Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi olmuşdur. Biz bu dəmir yolu sayəsində Türkiyə ilə birləşdik. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq. Beləliklə, bizim üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Eyni zamanda, biz tələb edirik ki, avtomobil yolu da çəkilsin. Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində, çünki bu da mütləq lazımdır. Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Əfsuslar olsun ki, Ermənistan buna etiraz edir. Son günlərə qədər Zəngəzur dəhlizinin açılmasına etiraz etmişdi. Ancaq biz Bakıda avtomobilə əyləşib oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçməliyik.

Yeni nəqliyyat qovşağı bölgə ölkələri üçün də yeni fürsət olacaq. Türkiyə öz mallarını Orta Asiyaya daha qısa yolla, alternativ yolla daşıya biləcək. Beləliklə, bu, Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilə bilər. Biz bunu artıq təşəbbüs olaraq ortaya qoymuşuq. Bu dəhlizə Zəngəzur dəhlizi adını da biz qoymuşuq. Artıq bu, beynəlxalq leksikona da daxil edilibdir. Avropa İttifaqı bu məsələyə də çox müsbət yanaşır. Yəni, bu, həm Türkiyə, həm Azərbaycan, həm bölgə üçün və o cümlədən Ermənistan üçün də yeni fürsət olacaq. Biz, buna inanırıq və bütün gücümüzü səfərbər edib, xalqımızın firəvan gələcəyi üçün əzmlə mübarizə aparacağıq!…

Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin! Allah yaralı hərbi qulluqçularımıza şəfa versin! Yaşasın müstəqil Azərbaycan və Türkiyə Respublikası! Eşq olsun Azərbaycan-Türkiyə dostluğuna və qardaşlığına!. Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!

Qarabağ Azərbaycandır!..

                                                                                                                                                            

  Hörmətlə, Müşfiq Əliyev

  Azərbaycan Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi.

 BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ

Bu xəbəri paylaşın: