Vəfat etmiş veteranın ailəsi çətin durumdadır…

AVMVİB Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov redaksiyaya zəng edərək ciddi bir problemlə üzləşdiklərini bildirdi. Rayon şöbəsi sədrinə müraciət edən vəfat etmiş Əfqanıstan müharibə veteranının həyat yoldaşı dəfn və mərasim məsrəflərinə gücü çatmadığını və kimsənin kömək etmədiyini bildirib.

AVMVİB Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov bildirdi ki, kimlərsə «Veteranlar haqqında» Respublika Qanununa yetərincə zərərli düzəlişlər və ixtisarlar etməkdədirlər. Çox güman ki, II Dünya müharibəsi veteranları sıradan çıxanadək bu qanun da bu məqsədli adamlar tərəfindən yoxa çıxarılacaq. Bu zehniyyət öz doğma Vətəni üçün vuruşmuş Azərbaycan vətəndaşlarını az qala veteran sayılmasının əleyhinədirlər. Konkret olaraq AVMVİB Qanun layihəsi hazırlayıb. Belə Qanunverucu aktlar veteranların iştirakıyla hazırlanmalıdır. Vəfat etmiş şəxs Əfqanıstanda xidmət edib. Vəfatıyla heç bir qurum maraqlanmayıb. Adicə dəfn pulu da verilməyib. Aidiyyatlı orqanlara zəng vurdum və hər biri onların belə səlahiyyətrləri, imkanları olmadığını bildirdilər.

«Veteranlar haqqında Respublika Qanunun 23-cü maddəsində deyilir: «Vəfat etmiş veteranlara mərasim xidməti qüvvədə olan qanunvericiliyə müvafiq surətdə göstərilir. Veteranın əvvəl işlədiyi əmək kollektivləri, hərbi komissarlıqlar vəfat etmiş veteranın dəfnində qohumlarına zəruri yardım göstərməlidirlər. Vəfat etmiş tənha veteranları müvafiq icra hakimiyyəti orqanları dövlət büdcəsinin vəsaiti hesabına dəfn edirlər.» Bu maddənin özündən bir sual yaranır: HANSI QANUNVERİCİLİYƏ MÜVAFİQ OLARAQ?!..

Vəfat etmiş Əfqanıstan müharibəsi veteranının ailəsiylə söhbətdə məlum oldu ki, Zəminə Kərim qızı Muradovanın həyat yoldaşı mart ayının 13-də vəfat edib. Mövcud vəziyyətlə bağlı işsiz qalan və heç bir sosial müavinət almadıqları bir vaxtda həyat yoldaşını itirib. Dəfn mərasimini qonşuların və yaxınlarının köməyi ilə yola verə bilib. Aidiyyatlı qurumlara etdiyi müraciətlərə etdiyi müraciətlərə isə «yaşa görə təqaüdçü olsaydı dəfn xərci vermək olardı. Veterana düşmür» cavabı alıb. Mərhum Elsevər Rəsul oğlu Muradovun qardaşı Əfqan Muradov Qarabağ uğrunda gedən döyüşlərdə ağır yaralanıb və müharibə əlilidir. Evin tək övladı isə hərbi xidmətdə travma alıb və I qrup hərbi xidmət əlilidir. Həm də dializ xəstəsidir. Zəminə Muradova indidən həyat yoldaşının 40 mərasimini necə yola verəcəyinin əndişəsini çəkir. Ailənin sosial güzaranı çox acınacaqlıdır. Bu ailənin durumuyla kimsə maraqlanmır. Qadağalara baxmayaraq icazə alıb müxtəlif instansiyalara müraciət edib. Sosial müdafiə və Məşğulluq Mərkəzləri, İcra hakimiyyəti bu günədək bu ailəyə heç nə etməyib. Bu ailəyə kömək etmək üçün hər kəsə müraciət edirik. Aidiyyatlı və aidiyyatsız şəxslər belə ailələri görmədən keçməməlidirlər. Suraxanı rayonu İcra Hakimiyyətinə, Sosial Müdafiə Mərkəzinə, daim Əfqanıstan veteranlarının daim yanında olan Azərbaycan Respublikası Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyevə müraciət edir və bu ailəyə yardımçı olmalarını xahiş edirik.

AVMVİB Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmovun haqlı sualına cavab olaraq bildiririk ki, «Dəfn pulu» dediyimiz vəsait, 2019-cu il aprelin 1-dən «Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmana əsasən müavinət 300 manat məbləğində müəyyənləşdirilib.

Dəfn üçün müavinət aşağıda qeyd olunan müavinətlərdən biri təyin edilmiş şəxs və ya «İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə ödənilir:

dövlət qulluqçularına ömürlük müavinət;
•yaşa görə müavinət;
•əlilliyə görə müavinət;
•sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət;
•ailə başçısını itirməyə görə müavinət.

Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir.

Burada müharibə veteranlarının adı çıxarılıb. Əslində müharibə şəraitində yaşayan bir ölkədə bu yolverilməz bir hadisədi.

Xeyirxah insanlarımızın bu ailəni kimsəsiz buraxmayacağına əminik. Ona görə də ailənin yaşadığı ünvan və telefon əlaqələrini qeyd edirik; Suraxanı rayonu, Əmircan qəsəbəsi ev 511, telefon: +012452-62-76, +99450640-8346.

Allah yar və yardımçınız olsun!

Elnur Səlim

Bu xəbəri paylaşın: