23 aprel 1918-ci ildə ermənilər Qubada müsəlman əhaliyə qarşı növbəti terror hadisəsi törətdilər.
10 gün davam edən vəhşiliklər nəticəsində 3 mindən çox dinc sakin qətlə yetirilib, 100-ə qədər ev yandırılıb, 125 kənd yerlə-yeksan edilib.
Amazasp şəxsən özü də qoşunlarının əməllərinin cəza xarakteri daşıdığını gizlətmirdi. Qubaya gəlişinin dördüncü günü Amazasp qubalıları Cümə məscidinin qarşısındakı meydana toplayaraq onlara təxminən aşağıdakı məzmunda nitqlə müraciət edir: “Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni xalqının qəhrəmanıyam və onun mənafelərinin müdafiəçisiyəm. Mən öz cəza dəstəm ilə bura sovet hakimiyyəti tərəfindən iki həftə əvvəl burada öldürülmüş ermənilərin qisasını almaq üçün göndərilmişəm. Sizin müsibətiniz mən sabah dağa qalxdıqda (bu zaman əlini topların durduğu dağa tərəf uzadır) başlayacaq. Sabah mən dağa qalxacağam və şəhəri bombalayaraq bünövrəsinədək yer üzündən siləcəyəm. İndi mənim Digah və Alpan kəndlərində döyüşlərim gedir. Sonra, sizlərə od vuraraq, Üçgün və Kimil kəndlərinə keçəcəyəm, Şahdağa çatacağam və siz onda anlayacaqsınız ki, erməniləri öldürmək nə deməkdir. Mən buraya qayda-qanun yaratmağa və sovet hakimiyyəti qurmağa yox, öldürülmüş ermənilərə görə sizdən qisas almağa göndərilmişəm”.
Qubalıların şahidliyinə görə, onlara Qubada Sovet hakimiyyətinin tanınması tələbi ilə ultimatum elan edildiyi zaman, “Quba müsəlmanı, qatı bolşevik” M. C. Bağırov da Gelovani və “iki yəhudi” ilə birlikdə öz həmyerlilərinin qarşısında dayanmışdı. Sonralar Quba camaatı dəfələrlə Bağırovu Gelovaninin dəstəsindən olan bolşeviklərin arasında görür: gah onun mənzilində yerli müsəlmanlar evlərinin yandırılmaması üçün yerli erməni qoçularına haqq verirlər, gah da “doqquzuncu gün müsəlmanlardan qarət edilmiş bütün əmlak Bağırovun evindən arabalara yüklənərək Ayrapetovun nəzarəti altında şəhərdən çıxarılır” və s.Yeri gəlmişkən, sonuncu epizodu Mir Cəfər Bağırov özü də, lakin başqa yozumda təsdiq edir: “Amazaspın dəstələri bir həftə bütün Quba qəzasında azğınlıq etdikdən sonra qarət etdikləri bütün qiymətli əşyaları götürərək Bakıya tərəf hərəkə etdilər. Mən az qala diz üstə çökərək ondan yandırılmış evlərin sahibləri üçün ev əşyalarından nə isə qoparmağa nail oldum. Alınan şeylər paylanmaq üçün anbara yığıldı”.
Lakin, hələ Amazaspın hücumuna qədər, Mir Cəfər Bağırov Gelovani ilə birlikdə Quba şəhərində və yaxın kəndlərdə inqilab komitələri – revkomlar təşkil edir, qəza idarələrini ələ keçirir, yerli Qızıl Qvardiya yaratmağa başlayır və s.
Ləzgi dəstələrinin bolşeviklərə hücumu Quba qəzasında Sovet hakimiyyətinin qurulması tədbirlərinə son qoyur. Burada xüsusi qeyd etmək lazımdır ki, yekdilliklə şəhərə “qonşu kəndlərdən olan ləzgilərin” girdiyini göstərən qubalılardan fərqli olaraq, M.C.Bağırov “Qubaya hücumun” təşkilatçısı kimi konkret şəxsin – Quba qəza komissarı (gələcək Azərbaycan Parlamentinin üzvü) Əli bəy Zizikskinin adını çəkir. Maraqlıdır ki, 1956-cı ildə M.C.Bağırovun məhkəməsində istintaq materiallarına əsasən onun hələ 1917-ci ilin fevral ayından Quba şəhərinin ikinci (yəhudi) hissəsinin milis komissarı təyin olunduğu və bu təyinatın Quba qəza komissarı Əli bəy Zizikski tərəfindən edildiyi, həmin ilin may ayından noyabr ayınadək isə Zizikskinin köməkçisi işlədiyi göstərilir. 1917-1918-ci illərin kəsiyində – Zizikski bolşevizm və Bakı Sovetinin antimilli rejimi ilə mübarizə mövqeyinə keçdikdə, M.C.Bağırovun isə Bakı Sovetinin timsalında mərkəzi hakimiyyətin Qubada nümayəndəsi rolunu öz üzərinə götürdüyü andan onların yolları ayrılır. Buradan aydındır ki, 1918-ci ilin aprel ayının sonunda Zizikskinin dəstələri tərəfindən Quba alındıqdan sonra Quba İnqilab Komitəsi sədrinin köməkçisi M.C.Bağırov nə üçün şəhərdə qala bilməzdi (Solmaz Rüstəmova-Tohidi, tarix elmləri doktoru, professor).
