İran Qarabağa yük daşıyır: Azərbaycan polisi hərəkətə keçdi

İrana məxsus yük maşınlarının yenidən Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə qanunsuz keçməsilə bağlı yeni faktlar aşkarlanıb.

Yerli KİV-də yayılan məlumata görə, 11 avqustdan 10 sentyabradək müxtəlif məqsədlər üçün İranın 58 yük maşını, xüsusən yanacaq və sürtkü yağları daşıyan nəqliyyat vasitələri Xankəndinə daxil olub, onlardan 55-i daha sonra geri qayıdıb.

Bununla kifayətlənməyən iranlılar və ermənilər müxtəlif hiylələrə də əl atıblar. Belə ki, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına yaxınlaşanda, Xankəndinə gedən İran yük maşınlarının dəqiq sayını gizlətmək üçün avtomobillərə erməni qeydiyyat nömrələri qoyublar.

Rəsmi Bakı bu məsələ ilə bağlı mövqeyini rəsmi şəkildə avqustun 11-də İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət etməklə bildirdi. Səfirə nota verildi və İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımlardan ciddi narahatlıq ifadə olundu.

Amma görünür, İran Azərbaycanın etirazına məhəl qoymur.

Bu yük maşınlarının Xankəndiyə nə daşıdığı və nə üçün bu qanunsuzluğun edildiyi bəlli olmasa da, Azərbaycan MN artıq bu gün Rusiya sülhməramlı komandanlığına 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun davranması, İran maşınlarının Qarabağa buraxılmaması üçün müraciət edib.

Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində polis postu isə bir müddət öncə qurulmuşdu. Onun Eyvazlı yaxınlığında olduğu qeyd edilib.

Bu xəbəri paylaşın: