Millətmi, dinmi sualının ən gözəl cavabı Zaqfqaziyanın VII Şeyxülislamı olmuş Axund Məhhəmmədəli Pişnamazzadənin (1853-1938) aşagıdakı cavabıdır.
Bu cavab eyni zamanda milli duyğuları, milli təəsübkeşliyi saxta «ümmətçiliyə» qurban edən dinin ana qaynağı olan «mənim millətim müsəlmandır» kimi çürük zehniyyəti darmadağın edir.

Öz xalqının istiqbalını İşıqlı düşünmək, onun uğrunda öləsinə vuruşmaq kimi yüksək məziyyətləri daşıyan M. Pişnamazzadə yalnız təqdirə layiqdir.
Məhəmməd Əli oğlu 1853-cü il may ayının 15-də Gəncə şəhərində ruhani ailəsində anadan olmuşdur. İlk təhsilini Gəncə mədrəsəsində almış, sonra isə ali ruhani təhsili almaq üçün Təbrizə göndərilmişdir. 1883-cü ildə Təbrizdə təhsilini başa vurmuş və Tiflisə gələrək şəhadətnamə almışdır. 1892-ci ildə Gəncə cümə məscidinə axund təyin olunmuş, burada az müddət ərzində savadli və bacarıqlı ruhani kimi hörmət qazanmışdır. 1893-cü ildə Tiflis Vilayət Ruhani Məclisinin üzvü seçilmişdir. 1895-ci ildə Gəncə Vilayət Ruhani Məclisinin sədri təyin olunmuşdur.
1890-cı ilin dekabr ayında Axund Məhəmməd Əli oğlunun yaşadığı evdə polis tərəfindən axtarış aparılır, Türkiyə və İran hökumətləri ilə əlaqə saxladığına və hər iki hökumətin ziyalıları ünsiyyətinə görə günahlandırılır. Axund Məhəmməd və 37 nəfər azərbaycanlı həbs olunur. Türküstana sürgünə göndərilir. 1892-ci ildə əfv edilib, vətənə qayıdırlar. 1906-cı ildə Məhəmməd Pişnamazzadənin evində təkrar axtarış aparılır. Onun otağında «Difai» Partiyasına məxsus sənədlər ələ keçirilir. Axund ikinci dəfə həbsə atılıb Kazana sürgün edilir. Sürgün vaxtı da Həştərxanda nəşr olunan “Həmiyyət”, “Günəş”, “Burhani-tərəqqi” kimi qəzetlərdə məqalələrlə çıxış edir, müsəlman qızların təhsilə yiyələnmələrinin vacibliyindən xüsusi söhbətlər açırdı. 1909-cu ildə Axundun sürgün vaxtı bitdiyindən o, Tiflisə köçür və həmin il iyulun 20-də Qafqaz Müsəlmanları Şiə Ruhani İdarəsinin sədri seçilir.
Sürgündən sonra 1914-cü ilin noyabrında çar II Nikolay Tiflisdə olarkən həm şiə, həm də sünni məscidlərinə gedərək, müvafiq olaraq Şeyxülislam Məhəmmədəli Pişnamazzadə və Müfti Hüseyn Əfəndi Qayıbovla görüşmüş, onların çıxışlarını dinləmiş və onların simasında bütün müsəlmanları salamlamışdı.
1915-ci ilin yanvarın 14-də Daxili İşlər İdarəsinin təqdimatına əsasən imperator artıq 6 il şeyxülislam vəzifəsini icra etməkdə olan Məhəmmədəli Pişnamazzadəni Zaqafqaziya Şiə Ruhani İdarəsinin sədri və Zaqafqaziya Şeyxülislamı vəzifəsini təsdiqləyir. 1917-ci ilin fevral inqilabı dövründə Gəncə Müsəlman Komitəsində idi.
Məhəmmədəli Pişnamazzadə və Hacı Zeynalabdin Tağıyev 1918-ci ilin may ayının 28-də Tiflisdə Milli Şura Azərbaycan Xalq Cumhuriyyətinin yarandığını bəyan edir. Azərbaycan hökuməti suveren dövlət kimi fəaliyyətə başlayır. Bu zaman Qafqaz şiə və Sünni Ruhani İdarələri də bu şəhərdə yerləşirdilər.
Müfti Hüseyn Qayıbzadə 1917-ci ildə vəfat etdiyindən və bu, çar Rusiyanın dağıldığı illərə təsadüf etdiyindən yerinə yeni müfti təyin edilməmişdi. Müftinin vəzifəsini Mustafa Əfəndizadə icra edirdi. 1918-ci il sentyabrın 1-də onlar könüllü olaraq «Məşixə» deyilən vahid orqanda birləşmək qərarına gəldilər. Məşixəyə şeyxülislam və müfti ilə birlikdə 31 ruhani-16 şiə və 15 sünni qazısı daxil oldu. Bununla da müsəlmanların dini işlərinin idarə edilməsində ikili sünni-şiə ruhani rəhbərliyi aradan qaldırıldı, Qafqaz müsəlmanlarının vahid idarəsi yarandı. Şeyxülislam idarənin rəhbəri, Qafqaz müsəlmanlarının ruhani başçısı, müfti isə onun müavini oldu.
1918-ci ilin oktyabrın 30-da Seyxülislam Pişnamazzadənin imzası ilə hökumətə 367 N-li təkliflər məktubu ünvanlamışdı. Həmin təkliflər 4 bölmədən ibarət idi:
1. Azərbaycan Cümhuriyyəti hüdudlarında “Məşixət-i İslamiyyə” (Şeyxülislamlıq) adı altında ruhani idarəsi təsis edilsin və ona Osmanlıda mövcud olan şeyxülislamlıq kimi tam müstəqillik verilsin;
2. 7 sentyabr tarixli 311 saylı təqdimatda göstərilən Məşixətin iki sədrindən, hər iki idarənin birləşdirilməsi məqsədi ilə birinə şeyxülislam, digərinə müstəşar, yaxud müşavir adı verilsin;
3. Şeyxülislam iclaslarda iştirak etmək hüququ ilə rəsmən Nazirlər Şurasının üzvü hesab edilsin;
4. Ruhani heyətin komplektləşdirilməsi üçün Məşixətin birbaşa sərəncamına kredit ayrılsın. Sadalanan və digər bu kimi dini məsələlərin həll edilməsi məqsədi ilə şeyxülislamın da iştirakı ilə fövqəladə yığıncaq çağırılsın.
Məhəmməd Pişnamazzadənin məktubuna uzun müddət cavab verilmədi. İrəli sürülən təkliflər yalnız 1920-ci ilin martında hökumətin geniş müzakirəsinə çıxarıldı ki, artıq bu vaxt Məhəmməd Pişnamazzadə istefa vermiş və onun yerinə Ağa Əlizadə şeyxülislam təyin edilmişdi.
Ayrıca xüsusi bir məqamı qeyd etmək lazım ki, 1911-ci ildə M.F. Axundzadənin 100 illik yubileyi ilə bağlı Tiflisdə keçirilən silsilə tədbirlər Şah Abbas məscidində camaat namazının qılınması ilə başlanmış, dövrün məşhur üləmalarından və açıq fikirli şəxslərindən sayılan Şeyxülislam Məhəmmədəli Pişnamazzadə M.F. Axundzadənin islam dünyası qarşısındakı böyük xidmətlərindən danışmış və ruhuna dualar oxumuşdu.
Bu cəsarətli addım Onun nə qədər münəvvər bir aydın olmağını sübut edir.
Pişnamazzadə vaxtilə “Difai” partiyasının yaradıcılarından biri olub. Ermənilərə divan tuturmuş. Təbiət cəhətdən olduqca mülayim, rəhmdil adam olmasına baxmayaraq onlara qarşı ürəyində qətiyyən rəhm hissi yox idi. Baş kəsərdi. Qan tökərdi. Bir rus zabiti tərəfindən həbs olunarkən ondan soruşurlar ki, axı sən din xadimisən sənin necə insan qanı tökməyə əlin gəlirdi?
Pişnamazzadə cavab verir:
– Əgər o dəyyuslar mənim dinimə təcavüz etsəydilər mən onları Allaha tapşırardım. Çünki hamımızın Allahı birdir. Allah özü onların cəzasını verəcəkdi. Amma onlar mənim millətimə təcavüz ediblər. Millətimi, torpağımı qorumağı isə Allah mənə tapşırıb. Ona görə də onların qanını axıtmağa mənim əlim gəlir. Heç heyfslənmirəm də.
Allah rəhmət eləsin.
Amma görün haradan haraya gəlmişik…
Fedai.az Araşdırma Qrupu
