Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev təşkilatın üzvlərini, o cümlədən xalqımızı Müqəddəs Ramazan bayramı və Bahar bayramı münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
«Hər birinizi milli-mənəvi dəyərlərimizin və inancımızın təcəssümü olan müqəddəs Ramazan bayramı, eyni zamanda baharın gəlişini müjdələyən Novruz bayramı münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Ramazan bayramı insanları mərhəmətə, paylaşmağa, birliyə və mənəvi saflığa səsləyən müqəddəs bir dəyərdir. Bu mübarək günlərdə ehtiyacı olanlara əl uzatmaq, birlik və həmrəyliyi daha da gücləndirmək hər birimizin mənəvi borcudur.
Novruz bayramı isə qədim tariximizi, milli ənənələrimizi və yenilənmə ruhunu özündə yaşadan əziz bayramımızdır. Bu bayram xalqımızın zəngin mədəniyyətinin, həyat eşqinin və gələcəyə olan inamının parlaq təcəssümüdür.
Bu əziz günlərdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə səbir və dözüm arzulayıram. Qazilərimizə möhkəm cansağlığı, veteranlarımıza uzun ömür və daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmağı diləyirəm.
Əminəm ki, xalqımızın birliyi, həmrəyliyi və Vətənə olan sonsuz sevgisi sayəsində dövlətimiz daha da güclənəcək, gələcəyimiz daha parlaq olacaqdır.
Bir daha hər birinizi Ramazan və Novruz bayramları münasibətilə səmimi-qəlbdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət, ölkəmizə əmin-amanlıq və firavanlıq arzulayıram.»
Hörmətlə,
Füzuliq Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri
