“Şuşanı azad edəndən sonra Vladimir Vladimiroviç mənə zəng vurdu, dedi ki…”
Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın «Nasionalnaya oborona” hərbi jurnalına müsahibəsində ötən ilin noyabrında, Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatın imzalanması ərəfəsində Rusiya prezidenti Vladimir Putinlə apardığı telefon danışıqlarının detallarını açıqlayıb.
İlham Əliyev deyib: «Biz Şuşa şəhərini azad edəndən sonra Vladimir Vladimiroviç mənə zəng vurdu və dedi ki, erməni tərəfi yerinə yetirməli olduğunu yerinə yetirməyə hazırdır. O soruşdu: «Siz öz mövqeyiniz üzərində dayanırsınızmı?” Mən dedim: «Bəli, mən öz mövqeyimi dəyişmirəm. Əgər onlar işğal altında qalan ərazilərdən öz qoşunlarını çıxaracaqları tarixləri bizə desələr, biz dayanırıq”. Bu, noyabrın 8-də axşam olmuşdu».
Prezident əlavə edib ki, həmin telefon danışığı zamanı söhbəti ertəsi gün, noyabrın 9-da davam etdirməyi qərara alıblar.
Sitat: «Noyabrın 9-da isə biz bir daha zəngləşmək barədə razılığa gəldik, çünki Vladimir Vladimiroviç çox fəal rol oynayırdı, o, bir növ mənim ismarışlarımı Paşinyana, onun ismarışlarını mənə çatdırırdı. Bu, noyabrın 9-da səhər tezdən gecədən xeyli keçənə qədər davam etdi. Əlbəttə, razılaşdırılmalı məsələlər həddindən çox idi. Bütün bunlar belə avral rejimində cərəyan edirdi. Təsəvvür edin, düşmənçilik edən iki ölkə arasında sənədin mətni bir gün ərzində razılaşdırılmalı və təbii ki, həmin mətndə reallıqlar nəzərə alınmalı idi. Bu reallıqlar nəzərə alındı. Nəzərə alındı ki, Azərbaycan qalib ölkə, Ermənistan isə kapitulyasiya etmiş ölkədir. Həmin bu razılaşdırma gecədən xeyli keçənə qədər davam etdi. Bakı vaxtı ilə artıq noyabrın 10-u idi, buna görə biz həmin sənədi 10 noyabr tarixli Bəyanat adlandırırıq, Moskva vaxtı ilə ayın 9-u idi. Nəhayət, mətn razılaşdırıldı, təbii ki, onun imzalanması nəzərdə tutulurdu, lakin Vladimir Vladimiroviç məndən xahiş etdi ki, Paşinyanın da həmin sənədi bizim yanımızda imzalamasını israr etməyim. Rusiya Prezidenti çox nəzakətli, çox həssas insandır, hamıya çox hörmətlə yanaşır və mən dedim ki, israr etməyəcəyəm, qarşı tərəfin alçaldılması ilə bağlı hər hansı əlavə elementlər mənə lazım deyil, çünki bu, insanın yox, ölkənin alçaldılmasıdır, bunu isə biz özümüzə rəva görə bilmərik. Buna görə mən razılaşdım ki, biz həmin sənədi ikilikdə imzalayacağıq, lakin təbii ki, Paşinyanın da bunu haradasa imzalayacağına zəmanət olsun. Onun həmin sənədi harada imzalaması indiyə qədər məlum deyil. Mən dəfələrlə bu barədə açıq soruşmuşam, cavab almamışam, ola bilsin bir il keçəndən sonra biz bunu da biləcəyik, sadəcə, tarix üçün. Həmin gün barədə hələlik təqribən bu qədər deyə bilərəm», — Prezident vurğulayıb.
**************
«Zəngilan rayonundakı “smart village” – “ağıllı kənd” kimi nöqtəvi layihələr var. İndi digər rayonların hərəsində bir pilot layihə həyata keçirəcəyik ki, insanları qaytara bilək».
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib.
«Mən vaxt müəyyən etmək istəmirəm, lakin düşünürəm ki, — düşünürəm yox, lap dəqiq deyirəm, — Zəngilana ilk köçkünlər gələn il, bəlkə də bu ilin sonuna qədər köçəcəklər. Başqa kəndlərə də bir il müddətində köçmək olar. İri şəhərlərin bərpası isə yəqin ki, vaxt tələb edəcək, lakin biz bunu mərhələli şəkildə planlaşdıracağıq. Tikinti, məskunlaşma mərhələli şəkildə aparılacaq. Amma bu da çox mürəkkəb işdir, təkcə tikinti baxımından deyil, logistika, insanların iş ilə, dolanışıq vasitələri, torpaq sahələri, texnika ilə təmin edilməsi — bunlar, çox böyük həcmli işlərdir, onu öz vəsaitimiz hesabına yerinə yetiririk, biz hər hansı kreditlər üçün müraciət etməmişik, əgər kimsə kömək etmək istəsə, əlbəttə, şad olarıq, istəməsələr, bu işləri özümüz görməliyik, — Prezident vurğulayıb.
İlham Əliyev əlavə edib ki, Ağdam şəhərinin bərpası artıq başlanıb, baş plan təsdiq edilib. Şuşa şəhərinin baş planı təsdiq edilib:
Bu yaxınlarda Şuşada 25 evdən ibarət yeni yaşayış kompleksinin təməlini qoymuşam. Mənim fikrimcə bir il, maksimum il yarım ərzində həmin evlər tikiləcək və biz şuşalıları oraya qaytara biləcəyik. Lakin daha böyük problem minalanmış sahələr problemidir. Minalanmış sahələrin ermənilər tərəfindən bizə verilmiş az miqdarda xəritələrinin dəqiqliyi təqribən 25 faizdir. Minalanmış sahələrin xəritələrinin çox hissəsini isə bizə vermirlər. Ona görə bu çox çətin işdir, onu sürətlə icra etmək mümkün deyil. Nə qədər vəsaitin olsa belə, bunun üçün vaxt lazımdır», — İlham Əliyev qeyd edib.
*************
Prezident XTQ-nin müharibədəki vacib rolundan da danışdı
“Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri işğal olunmuş ərazilərin azad edilməsi üçün ən vacib əməliyyatların, ilk növbədə Şuşa əməliyyatının həyata keçirilməsində həlledici rol oynadı. Xüsusi təyinatlı qüvvələrimiz fədakarlıqla mübarizə apardılar, bir çox əməliyyatlarda ölümə gedərək, həm peşəkarlıq, həm də fədakarlıq nümayiş etdirdilər”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Natsionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibədə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) müharibədə oynadığı vacib rol barədə danışarkən deyib.
“Xüsusi Təyinatlı Qüvvələrə həmişə xüsusi diqqət yetirmişəm. Onların təchizatı və təkmilləşdirilməsi, silah və texnikası, döyüş hazırlığı mənim daim nəzarətimdə olub. Mən dəfələrlə xüsusi təyinatlı qüvvələrin şəxsi heyəti ilə görüşmüşəm və əmin olmuşam ki, ən çətin döyüş tapşırıqlarını həll edə biləcək yüksək döyüşqabiliyyətli bölmələr yaratmışıq.
Keçən ilki döyüşlərin gedişatına qayıtsaq, ərazinin relyefi bizim üçün əlverişsiz idi. Biz əslində dağlara qalxırdıq. Erməni tərəfi yüksəkliklərdə bütün əsas mövqeləri tutaraq bir neçə möhkəmləndirilmiş müdafiə xətti yaratmışdı. Dağlıq relyefin özü də müdafiə xəttidir və çox çətindir. Buna görə də, XTQ möcüzəvi peşəkarlıq, iradə, güc və Vətən sevgisi göstərməli oldu. Ümumiyyətlə, mən Xüsusi Təyinatlı Qüvvələrin fəaliyyətini çox yüksək qiymətləndirirəm.
Biz müxtəlif güc strukturlarında bir neçə xüsusi təyinatlı qüvvə yaratdıq. Bir çox yaşayış məntəqələrinin azad edilməsində iştirak edən Sərhəd Qoşunlarının xüsusi təyinatlıları döyüşlərdə fəal və səmərəli iştirak etdilər. Həmçinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlılarını da qeyd etmək istərdim, onlar da artıq döyüş zamanı döyüş tapşırıqlarının həllində fəal iştirak ediblər. Biz əvvəlcə bu bölmələri hazırlayıb və təchiz etsək də, onlardan istifadə etmək fikrində deyildik. Həm Sərhəd Xidməti, həm də Daxili Qoşunlar, bəlkə də birbaşa fəaliyyət istiqamətləri üçün o qədər də xarakterik olmayan hərbi texnika ilə təchiz olunmuşdu. Mən elə mobil hərbi qruplar yaratdım ki, özünün birbaşa təyinatından əlavə işğal altındakı torpaqlarımızı azad etmək üçün istifadə oluna bilər.
Bundan əlavə, hərbi əməliyyatların müəyyən mərhələsində, Naxçıvandan gətirilən və digər xüsusi təyinatlı bölmələrlə birlikdə döyüş əməliyyatlarına qatılan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları cəlb edildi. Dəniz piyadalarımız da özlərini fəal və effektiv şəkildə göstərə bildilər. Əlbəttə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları da qeyd olunmalıdır.
Beləliklə, bizim yeddi xüsusi təyinatlı bölməmiz vardı, ancaq əsas funksiyanı Müdafiə Nazirliyinin xüsusi təyinatlıları yerinə yetirirdi. Bir çox əməliyyatları birgə apardıqları üçün aralarındakı qarşılıqlı əlaqənin koordinasiyası da böyük əhəmiyyət kəsb edirdi. Burada onların fəaliyyətlərinin ahəngi əks-hücum əməliyyatının uğur qazanmasında əsas rol oynadı.
Əvvəlki dövrdə keçirdiyimiz bir sıra hərbi təlimlər zamanı Müdafiə Nazirliyi, Sərhəd Xidməti və Daxili Qoşunların xüsusi təyinatlılarının birgə fəaliyyətləri işlənirdi və onların koordinasiya imkanları nəzərdən keçirilirdi. Ancaq təlimlərin gedişi başqa, real müharibə əsl tamam başqadır.
Ümumiyyətlə bizim xüsusi təyinatlı qüvvələrimizin bütün komponentləri İkinci Qarabağ müharibəsinin gedişində maksimum effektli fəaliyyət göstərdi, döyüşçülər və komandirləri kütləvi qəhrəmanlıq göstərdi, orden və medallarla təltif olundular. Biz haqlı olaraq onlarla fəxr edə bilərik”, — deyə, dövlət başçısı bildirib.