Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar boyu Şuşa məsələsi həmişə mövcud olub, «çünki Azərbaycan heç vaxt Qarabağ azərbaycanlılarının qayıdıb məskunlaşması fikrindən imtina etməyib və erməni tərəfi bunu mübahisə etməyib».
Litvaya səfəri zamanı bu ölkənin erməni icması nümayəndələri ilə görüşən Nikol Paşinyan deyib ki, vaxtilə aparılan danışıqlar zamanı referendum variantı da müzakirə olunub və erməni tərəfi Qarabağdakı azərbaycanlıların bu referendumda iştirakına razılıq verib.
«Bəs azərbaycanlı sakinlər harada yerləşdirilməli idi? Əlbəttə, əvvəl yaşadıqları yerdə», — deyə Paşinyan vurğulayıb.
Baş nazir ölkəsində Şuşaya görə keçmiş hakimiyyət nümayəndələri tərəfindən tənqid olunur.
Şuşa ötən ilin sentyabrında başlamış 44 günlük müharibədə işğaldan azad olunub. Azərbaycan Şuşanın azadlığı gününü Zəfər bayramı elan edib.
Nikol Paşinyanın sözlərinə görə, Ermənistanın son 30 ildə ən böyük problemi onda olub ki, bu illər boyu ermənilər «reallıqla üzbəüz» olmayıb: «Bu gün ki, Şuşa haqqında bu qədər danışırlar… Bəs bu 30 ildə Şuşada neçə yaşayış evi tikilib? Heç bir [dənə də]. Bəs niyə? Kimsə heç soruşmur ki, niyə tikilməyib? Nədir bunun səbəbi? Məntiqi nədir ki, tikilməyib? Pulları olmayıb? Məncə, cavabı aydındır», — Paşinyan deyib və görüş iştirakçılarından birinin: «Yəqin saxlaya biləcəklərinə əmin olmayıblar», — replikasına: Bunu siz dediniz, mən demədim», — deyə cavab verib.