Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etmişdir!..

Müşfiq Əliyev

Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi

BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ

Bilirik ki, Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin əmri ilə başlanmışdır.

O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayır. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Zəngin infrastruktur və tarixi abidələrə malik olan bu ərazi daim düşmənlərimizin diqqət mərkəzində olmuşdur. Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur.

Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. Təbii ki, Şanlı Azərbaycan Ordusunun missiyası məlum idi. Vətən müharibəsinin gedişində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Bu döyüşlərdə Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olmuş, 300 nəfərədək sakin yaralanmışdır. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyat sayəsində həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilmişdir. 17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. İnsanlar öz doğma torpaqlarına qayıdacaqlar. İşğaldan azad olunmuş torpaqlarımızın inkişafını görən həyatdan getmiş on minlərlə qaçqın və köçkünlərimizin ruhu da şad və rahat olacaqdır. Mümkünsüzü mümkün etmiş Azərbaycan Ordusu irəliləməkdə davam edirdi. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb etmiş bu döyüşlər haqqında kitablar yazılacaqdır. 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil.

Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Əlbəttə ki, Azərbaycan Ordusu məsuliyyətli və peşəkar bir Ordudur. Baxmayaraq ki, namərd, xain düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur və bunun nəticəsində azyaşlı uşaqlar həlak olurdu, Azərbaycan Ordusu bu əməllərin qisasını mülki vətəndaşlardan almırdı. Biz döyüş meydanında qisasımızı almışıq və həlak olanların qanı yerdə qalmayıb. Peşəkarlığı, mərdliyi ilə düşməni qorxuya salan Azərbaycan Ordusu öz məqsədinə çatmaq üçün bütün səylərini ortaya qoymuşdur. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Döyüş meydanında göstərdiyimiz gücün mənbəyi, təbii ki, Azərbaycan xalqının iradəsidir. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Qələbəni görən və bu hissləri yaşayan xalq xoşbəxtdir. Azərbaycan xalqı əmindir ki, ölkənin inkişafı, cəmiyyətin rifahı və milli maraqların qorunması naminə bütün lazımi işlər görülüb və görüləcəkdir. Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyinin dövlət tərəfindən qiymətləndirilməsi. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Həmçinin, onu da qeyd edim ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuliyə ardıcıl səfərləri baş tutmuşdur. 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna gəldilər. İlham Əliyev Füzuli şəhərində Azərbaycan bayrağını qaldırdı. Sonradan Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyuldu. Cari ildə ölkə rəhbəri Füzuliyə 4 dəfə səfər etmişdir. Bu səfərlər çərçivəsində, o cümlədən Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu, Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanışlıq və “Füzuli” yarımstansiyasının açılışı oldu.

Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılacaqdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılacaq bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir.

Yaşasın müstəqil Azərbaycan Respublikası!

Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna eşq olsun! Allah cəmi şəhidlərimizə rəhmət etsin! Allah yaralı hərbi qulluqçularımıza şəfa versin! Uca Allahdan xalqımızın Ümummilli Lideri Heydər Əliyevə rəhmət diləyirik!..

Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!…

Qarabağ Azərbaycandır!..

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •