Qubada şəhid Batdal Bayraqdarovun xatirəsi əbədiləşdirilib

Quba rayonunun Ağbil kəndində 44 günlük Vətən müharibəsi şəhidi Batdal Bayraqdarovun xatirəsini əbədiləşdirmək məqsədilə şəhadətinin ildönümündə abidə-bulaq kompleksi istifadəyə verilib.


Bu barədə Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi Müşfiq Əliyev məlumat verib.


O, bildirdi ki, kompleksin açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin, yerli hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, şəhidin döyüş yoldaşları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər.

Anım mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Quba rayon şöbəsinin üzvləri də iştirak ediblər.
Batdal Bayraqdarov 2002-ci ildə Qubanın Ağbil kəndində axıska türkü ailəsində dünyaya göz açıb. Uşaqlıqdan idmana marağı ilə seçilən Batdal cüdo üzrə bir sıra turnirlərin qalibi olub. Məktəbi bitirdikdən sonra Türkiyə universitetlərindən birinə qəbul olunsa da, atasının səhhətinə görə ali təhsil ala bilməyib. Hərbi xidmətə yollanan Batdal xidmət müddətində seçilən əsgərlərdən olub.


On səkkiz yaşlı Batdal Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Cəbrayıl və Füzulinin azad olunması uğrunda savaşlarda fəal iştirak edib. Oktyabrın 10-da Füzuli şəhəri istiqamətində gedən şiddətli döyüşdə qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.


Bulaq kompleksinin açılışından sonra şəhidin məzarı üstünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub.


Allah şəhidlərimizə rəhmət eləsin!

Bu xəbəri paylaşın: