TÜRKİYƏDƏ “DÖVLƏT İÇİNDƏ DÖVLƏT” YARATMAQ PLANI – ABŞ bu dəfə xristian birlikləri Ankaraya qarşı səfərbər edib

Konstantinopol Patriarxı Varfolomeyin ABŞ-a səfərinin Türkiyə və region ölkələri üçün ciddi təsirləri olacaq. Oktyabrın 23-də başlayan, noyabrın 3-dək davam edəcək səfər çərçivəsində patriarx ABŞ prezidenti Co Bayden və dövlət katibi Entoni Blinkenlə görüşdü.

Baydenlə görüşdə Varfolomey Türkiyədə patriarxatlığın olduğu vəziyyətdən okeanın o tayındakı himayədarlarına şikayətlənib. O bildirib ki, Heybəliada adasındakı Halki İlahiyyat Məktəbi yenidən açılmalıdır və bu məsələdə ABŞ-ı “sponsorluq” etməyə köməyə çağırıb. Eləcə də Rus Pravoslav Kilsəsinin Ukrayna ilə bağlı mövqeyini tənqid edib. O, bildirib ki, Fənər Rum Patriarxlığı digər pravoslav kilsələrinin “böyük qardaşı” kimi, onlara rəhbərlik etmək üçün məsuliyyət daşıyır. Bayden və Blinkenin dəstəyini alan Varfolomey ABŞ prezidentini “iman və uzaqgörənliyə malik lider” adlandırıb.

Varfolomeyin 12 il sonra ABŞ-a səfəri və Baydenlə görüşü ABŞ və “Fənər Rum Patriarxlığı”nın Türkiyə və regiona münasibətdə mövqelərinin aydınlaşdığını nümayiş etdirir.

Belə ki, Konstantinopol Patriarxlığı özünü «böyük qardaş» adlandırsa da, pravoslav dünyasında külli-ixtiyar sahibi deyil. Yəni o, Vatikanın katolik dünyasında sahib olduğu dərəcədə səlahiyyətlərə malik deyil. Pravoslav dünyasında 14-15 yarımüstəqil kilsə var. Konstantinopol Patriarxlığı onların içində «birinci” sayılır. Qalan kilsələr Fənəri “Böyük Qardaş” adlandırsalar da, heç biri onun liderliyini sözün əsl mənasında tanımır. ABŞ-ın pravoslavlığa aidiyyəti olmayan rəhbərliyi isə Fənəri pravoslav dünyasının əsl lideri etməyə çalışır ki, bu da Rusiyanı qıcıqlandırır.

Ümumi götürdükdə, ABŞ 1940-cı illərdən bəri Şərqi Avropa və Balkan bölgəsinin pravoslav xalqlarını öz təsirinə salmaq üçün Konstantinopol Patriarxlığından istifadə edir. Bu siyasətin daha effektiv olması üçün digər pravoslav patriarxlarının da Konstantinopol Patriarxlığını öz başçısı kimi tanımasını istəyirlər. Türkiyəyə “Fənər Patriarxatlığını ekumenik kimi tanımaq” təzyiqi də bununla bağlıdır. “Ekumenik” sözünün mənası Fənər Patriarxlığının bütün pravoslav xristianların başçısı kimi tanınmasını nəzərdə tutur. Türkiyə Lozan müqaviləsi çərçivəsində Konstantinopol Patriarxlığını öz ərazisindəki Rum Pravoslav icmasının dini qurumu hesab edir və Fənərin Vatikan kimi səlahiyyətə malik olmasını istəmir.

Fənərin pravoslav dünyasında ən çox üz-üzə gəldiyi Moskva Patriarxlığı deyir: “Biz Fənər Patriarxlığına hörmət edirik, lakin dünyada ən böyük pravoslav icmasına sahibik. Biz yüz illərdir “Fənər”ə kömək etmişik. Fənər özünü böyük qardaş kimi aparmasın”. Üç il əvvəl Konstantinopol Patriarxlığı Ukraynanın onun yurisdiksiyasına daxil olduğunu elan etdi və bu da Moskva ilə münasibətlərin kəsilməsinə səbəb oldu. Pravoslav dünyasında Fənərin qərarı dəstəklənmədi.

Lakin Rusiya “Fənər”ə qarşı daha sərt mövqe sərgiləyir. Moskvanın fikrincə, bu hadisələr ABŞ-ın onu mühasirəyə almaq strategiyasının bir hissəsidir. Bayden bu məsələdə Tramp administrasiyasından daha aktiv siyasətin tərəfdarıdır. Konstantinopol Patriarxı Baydeni prezident seçilməsi münasibətilə ilk təbrik edənlərdən olub. Heybəliadada Halkin ilahiyyat məktəbinin açılması pravoslav ruhanilərin yetişdirilməsinin sərhədlərini aşacaq və Fənərin ekumenlik iddialarını gücləndirəcək addım olacaq. Yəni ABŞ Fənər Patriarxlığını öz himayədarlığı və sponsorluğu altında pravoslav dünyasının başına gətirməyə çalışılır. Açılması gündəmdə olan məktəbdə isə Türkiyə rəsmiləri Fənəri lazımınca idarə edə bilməyəcək. Digər pravoslav ölkələrindən olan namizədlər burada təhsil alacaqlar ki, bu da Fənərin ekumenik statusa iddianı gücləndirəcək.

Fənər rəsmən ekumenik statusda tanınsa, patriarx və digər din xadimləri üçün Türkiyə vətəndaşlığı tələbi ləğv ediləcək. Bu isə Türkiyədə Ankaranın idarə edə bilməyəcəyi, ətrafdakı pravoslav ölkələrin siyasətinə müdaxiləyə iddialı “dövlətin” formalaşması demək olacaq. Yəni bu dövlət içində dövlət olacaq. Bayden də bu proses üçün yaşıl işığı yandırdığını açıqca anons etdi.

Дениз Берктай (Deniz Berktay)

İnosmi.ru

Tərcümə: Qafqaz.media

Bu xəbəri paylaşın: