Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən təqdimolunma mərasimində 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Bu nüfuzlu mükafatın dövlətimizin başçısına təqdim olunması ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinin, Azərbaycanın regionda sabitlik, dialoq və dayanıqlı sülh istiqamətində ardıcıl mövqe sərgiləməsinin dünyada yüksək qiymətləndirilməsinin bariz göstəricisidir. Mərasimdə sülhə və əməkdaşlığa yönələn təşəbbüslərin xüsusi vurğulanması, “insan qardaşlığı” ideyasının qlobal miqyasda aktuallıq kəsb etdiyini bir daha nümayiş etdirdi.
AVMVİB olaraq biz -Vətən uğrunda sağlamlığını və gəncliyini fəda etmiş veteranlar -sülhün dəyərini ən yaxşı bilən təbəqəyik. Müharibənin ağrılarını yaşamış insanların təmənnası budur: qazanılan Qələbənin nəticələri möhkəmlənsin, dövlətimizin gücü və təhlükəsizliyi daha da artsın, regionda sabitlik bərqərar olsun. Bu baxımdan, Azərbaycan Prezidentinin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təkcə diplomatik uğur deyil, həm də xalqımızın gələcəyə ümidini, sabaha inamını gücləndirən mənəvi-siyasi hadisədir.
Cənab Prezident!
Sizin liderliyinizlə ölkəmiz müasir çağırışlara adekvat cavab verən, öz milli maraqlarını qətiyyətlə qoruyan, eyni zamanda beynəlxalq əməkdaşlıq və dialoq platformalarında söz sahibi olan bir dövlət kimi mövqeyini daha da möhkəmləndirir. Əbu-Dabidə keçirilən mərasimdə Azərbaycan rəhbərliyinə göstərilən bu yüksək ehtiram da məhz həmin siyasi xəttin – güclü dövlətçilik iradəsinin və məsuliyyətli liderliyin – təntənəsidir.
AVMVİB-in çoxminli üzvləri adından Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, tükənməz enerji və xalqımızın rifahı, dövlətimizin qüdrəti naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri
