Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin vəfatının qırxıncı günü münasibətilə anım mərasimi təşkil olunub. Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, AVMVİB-in Humanitar məsələlər üzrə şöbə müdiri Əhli Həbiyev, təşkilatın nümayəndələri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım mərasimində mərhumun xatirəsi ehtiramla yad olunub, ruhuna dualar oxunub, onun Vətən qarşısındakı xidmətlərindən danışılıb. Çıxış edənlər Şahin Tağıyevin həyat yolunun və döyüş fəaliyyətinin gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu vurğulayıblar.
Qeyd edək ki, Şahin Talıb oğlu Tağıyev əslən Şuşa rayonundandır. O, 1949-cu il fevralın 3-də Tərtər şəhərində anadan olub. 1988-ci ildə Milli Azadlıq Hərəkatına qoşulan Şahin Tağıyev 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsində iştirak edib. Leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə rəhbərlik edən Milli Qəhrəman 1992-ci ildə “Qurtuluş” batalyonunun komandiri təyin olunub və Ağdərə, Tərtər və ətraf istiqamətlərdə gedən döyüşlərdə xüsusi igidlik nümayiş etdirib.
Şahin Tağıyev dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib, yanvarın 15-də cənazəsi Vətənə gətirilib, yanvarın 16-da isə Hərbi Memorial Məzarlıqda dəfn olunub.
Allah rəhmət eləsin.
AVMVİB-in Mətbuat xidməti



