Prezident İlham Əliyev Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“2026-cı ildə böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illiyi tamam olur.
Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır. Zəmanəsinin ən müxtəlif elmlərini dərindən bilən və Şərqin çoxəsrlik mədəni ənənələri zəminində əzəmətlə yüksələn qüdrətli söz ustası şeiriyyətin zirvəsində dayanan sənət nümunələrindən ibarət zəngin bir irs qoyub getmişdir. Ədalətə çağırış, mübarizə ruhu və şəxsiyyət azadlığı, mənəvi ucalıq, insan ləyaqəti və idrakın gücünə inam bu nadir irsin səciyyəvi cəhətləridir. Mütəfəkkir sənətkar ictimai-fəlsəfi və didaktik-əxlaqi düşüncələrdən yoğrulan, yüksək estetik dəyərə malik humanist məzmunlu əsərlərində sosial-tarixi hadisələri özünəməxsus bədiiliklə mənalandırmış və bunlardan ibrət almağı tövsiyə etmişdir. Xaqani yaradıcılığında parlaq lirik lövhələrlə ifadəsini tapan vətənpərvərlik motivləri şairin doğma yurda və onun gözəlliklərinə sonsuz sevgisinin dolğun poetik təzahürüdür. Əsrinin mədəni həyatı ilə heyrətamiz dərəcədə sıx bağlı olan Xaqani Şirvani klassik ədəbiyyata qazandırdığı yeniliklərlə bütövlükdə Yaxın və Orta Şərq xalqlarının ədəbi-fəlsəfi fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. Sonrakı yüzilliklərin ustad şairləri Xaqani dühasına həmişə ehtiramla yanaşmış, məktəb kimi ondan bəhrələnmişlər”.
Sərəncamla Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alınır:
— Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
— Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
