20 Yanvar 1990-cı il Azərbaycan xalqının azadlıq, müstəqillik və milli ləyaqət uğrunda apardığı mübarizənin qanla yazılmış, lakin şərəflə ucaldılmış səhifəsidir. Həmin gecə sovet imperiyasının silahlı qüvvələri dinc əhaliyə qarşı amansızlıq nümayiş etdirdi, günahsız insanlar qətlə yetirildi. Lakin bu faciə Azərbaycan xalqının iradəsini sındıra bilmədi, əksinə, milli azadlıq ruhunu daha da gücləndirdi.
20 Yanvar şəhidləri öz canları bahasına xalqımızın azad yaşamaq haqqını bütün dünyaya bəyan etdilər. Onların tökdüyü qan müstəqil Azərbaycanın təməl daşına çevrildi. Bu gün biz həmin şəhidlərin xatirəsi qarşısında baş əyir, onların müqəddəs amalını daim uca tuturuq.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvləri olaraq biz 20 Yanvar şəhidlərinin ideallarına sadiqik. 44 günlük Vətən Müharibəsində qazanılan tarixi Qələbə də məhz bu azadlıq ruhunun, milli iradənin və şəhidlərimizin bizə miras qoyduğu mübarizə əzminin davamıdır. Şəhidlərimizin qanı yerdə qalmadı – Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və qalib dövlət kimi tarixə imza atdı.
20 Yanvar faciəsi eyni zamanda xalqımızın birliyinin, mərdliyinin və sarsılmaz ruhunun simvoludur. Bu tarixi unutmaq yox, dərindən dərk etmək, gənc nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.
Ulu öndər Heydər Əliyevin dediyi kimi, “20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir.” Bu salnamə əbədi yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları
İctimai Birliyinin sədri
