Heç kim unudulmur, heç nə yaddan çıxmır!

44 günlük Vətən müharibəsi başlayan gündən təhsil işçiləri də könüllü olaraq döyüşə qatıldılar və döyüşən ordumuza maddi-mənəvi dəstəklərini əsirgəmədilər. Şanlı qələbənin qazanılmasına onlar da öz töhfələrini verdilər. Bu müharibədə 700-dək təhsil işçisi böyük qəhrəmanlıqla döyüşdü və onlarla müəllim döyüşən əsgərlərimizin yanında olmağa can atdı.


Bu müharibə zamanı 20 nəfər təhsil işçisi şəhid oldu.


Sentyabrın 27-də torpaq­larımızın azadlığı uğrunda başlayan haqq döyüşümüzdə şanlı qələbəni istər ön cəbhədəki, istərsə də arxa cəbhədəki cəsurlar hesabı­na əldə etdik. Qəhrəmanlıq, şəhidlik zirvəsini fəth edənlər sırasına təhsil işçilərinin də adı yazıldı.

Bu müharibədə xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi, güclü iradə nümayiş etdirdi. Bu da şanlı qələbənin qazanılmasında mühüm rol oynayıb. Eyni zamanda, illərdir ümumtəhsil müəssisələrində hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması sahəsində aparılan işlərin də burda çox mühüm rolu var.


Xalqı­mızın böyük qələbəsində Azərbaycan təhsil işçilərinin də rolu danılmazdır. Bu çox vacib məqamdır. Belə müəllimlərdən biri haqqında məlumat vermək istərdik.


Fariz Quliyev Yardımlı rayonu Ostayır kənd sakinidir və rayonun Dəlləkli kənd orta məktəbində müəllim işləyir. Müharibənin ilk günündən son gününədək öz şəxsi imkanları daxilində cəbhənin ön xəttində döyüşən əsgərlərimizə ehtiyac duyulan ərzaq və s. yardımlar göstərib. Həmçinin rayon sakinlərinin də cəbhə üçün hazırladıqları sovqatların cəbhəyə çatdırılmasında daim öndə olub. Onun bu təmənnasız xidmətini hərbi hissələrin komandirləri yüksək qiymətləndirərək Fəxri fərmanlarla, təşəkkür məktublarıyla öz təşəkkürlərini bildiriblər.

Fariz Quliyev müharibə başlayan kimi Xüsusi Təyinatlı dəstədə xidmət etdiyi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon İdarəsinə müraciəti cavabsız qaldığını görüb, Vətən müharibəsinə öz töhfəsini vermək üçün bu yolu seçib. Özünün arıçılıq təsərrüfatından qazandığı maliyyə hesabına ehtiyac duyulan ərzaqları maşına yükləyib cəbhənin qızğın döyüşlər gedən sahələrinə yollanıb və orada Füzuli rayon Polis şöbəsinin diqqəti və yardımıyla daim ön cəbhədə döyüşən əsgərlərimizə ən vacib olan ərzaq və ləvazımatları çatdırıb. Hər gedişində gələn səfər üçün döyüşçülərin ehtiyaclarını öyrənib və bu ehtiyacları ödəməyə çalışıb.


Demək olar ki, döyüşlər getdiyi günlərdə daim döyüşən əsgərlərimizin hər bir arzusunu yerinə yetirməyə çalışan Fariz Quliyev, onun cəbhəyə getməsi üçün şərait yaradan Yardımlı rayon Təhsil İdarəsinin müdiri Manaf Səmədzadəyə öz minnətdarlığını bildirdi. Bu işdə kənd sakinlərinin də əməyi var. Aldığım undan isti çörəkləri bölüşərək bişirən ana-bacılarımız, yeməklərin hazırlanmasında çalışan hər kəsin əməyini yüksək qiymətləndirir.

Fariz Quliyev bizimlə söhbətdə dedi: «Gənc nəslin təlim-tərbiyəsində, bir şəxsiyyət kimi formalaşmasında müəllimlərin əməyi böyükdür və danılmazdır. Müəllim kimi bu müharibədən kənarda qalmaq istəmədiyimə görə bu yolu tutdum. Əslində düşmənə qarşı döyüşmək ən böyük arzum idi. Orada şagirdlərimiz Tarix yazdılar. Vətənimizin bölünməzliyini, xalqımızın mərd və qəhrəmanlığını dünyaya bəyan etdilər. Bu müqəddəs işdə kənarda qalmağı özüm özümə bağışlamazdım».


Fariz Quliyevin müharibə getdiyi günlərdə göstərdiyi təmənnasız yardımları və döyüşən əsgərlərimizlə bir olması Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyinin də diqqətindən kənarda qalmadı. Belə insanlarımızı qiymətləndirmək lazımdır. Onlar bütün çətinlikləri və baryerləri aşaraq cəbhəyə can atan adsız qəhrəmanlardır. Ona görə də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Fariz Quliyevi fəxri üzvlüyə qəbul edib və onun xidmətlərini yüksək qiymətləndirərək onu AVMVİB-nin təsis etdiyi Xatirə medallarıyla təltif edib.

Medalları Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev və sədr müavini Vahid Abdurəhmanov təqdim etdilər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov Fariz Quliyevin 44 günlük Vətən müharibəsi getdiyi günlərdə döyüş gedən ərazilərə getməyin çətinliklərini qeyd etdi. Bildirdi ki, AVMVİB daim qəlbi ordumuzla, döyüşçülərlə birgə çırpınan soydaşlarımızı özününkü bilir. Onlar da ruhən döyüşçülərdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın milli birliyi — həmrəyliyi, Ordumuzun qüdrəti, əsgər və zabitlərimizin şücaəti sayəsində haqq-ədalət bərpa edildi, uzun illərin həsrəti başa çatdı. Əminliklə deyə bilərəm ki, bu qələbədə, məhz Fariz Quliyev kimi xeyriyyəçilərimizin də öz payları var. İnanıram ki, AVMVİB-nin fəxri üzvü kimi bundan sonra da qazilərimizin və şəhid ailələrinin yanında olacağına əminəm.

İllərdir Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rayon şöbələrinin ümumtəhsil müəssisələrində hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması sahəsində apardığı işlərin və tədbirlərin də burda çox mühüm rolu var. Gənclərimizdə könüllü olaraq öz Vətəninin müdafiəsində iştirak etmək, erməni terroristlərini torpaqlarımızdan qovmaq, bu qaniçənlərə nifrət hissini aşılanmasını elə məktəbdə dərs deyən vətənpərvər müəllimlərin əməyinin nəticəsi saymaq olar. Belə müəllimlərin sırasında yer alan Fariz Quliyevi təltif münasibətiylə təbrik edirik!


Elnur Səlim

Bu xəbəri paylaşın: