Əliyev-Paşinyan-Putin görüşü: Soçidə nədə razılığa gəlindi?

Soçidə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya mexanizmlərinin yaradılması barədə razılığa gəlinib.

«Bu ilin sonuna qədər bunu etməyə razılaşdıq», Rusiya mediası Prezident Vladimir Putinə istinadən yazıb.

«Ümid edirəm ki, bu ən yaxın zamanda baş verəcək. bu mexanizmlərin yaradılması üçün heç bir maneə yoxdur», Rusiya Prezidenti deyib.

Bu gün Soçidə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

Görüşdən sonra üç ölkə lideri mətbuata bəyanatla çıxış ediblər.

Görüş ötən il imzalanmış 10 noyabr Bəyanatının birinci ildönümünə həsr edilib.

3 saata yaxın davam edən görüşdə sabitliyin güclənməsi istiqamətində atılmalı addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə edilib.

Görüşdə Prezident Əliyev bildirib k, bu il ərzində Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində «maksimum konstruktivlik» nümayiş etdirib.

«Hesab edirəm ki, bu, hələlik yerinə yetirilməmiş mühüm məsələlərdən biridir. Ona görə ki, keçən il noyabr ayında qəbul edilmiş və imzalanmış üçtərəfli Bəyanatın praktiki olaraq bütün bəndləri yerinə yetirilib».

O həmçinin Azərbaycanın Ermənistana təklifləri barədə danışıb.

«Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq.»

Nikol Paşinyan İlham Əliyevin 10 noyabr Bəyanatının yerinə yetirilməsi barədə dedikləri ilə razılaşmadığını bildirib.

«Mən Azərbaycan Prezidentinin bu fikri ilə razılaşmıram ki, kommunikasiyaların bərpasından başqa Bəyanatın faktiki olaraq bütün bəndləri yerinə yetirilib. Bilirsiniz ki, biz bu məsələni Sizinlə dəfələrlə, həm əyani şəkildə, həm də telefonla müzakirə etmişik ki, girovlar və digər saxlanılan şəxslər, hərbi əsirlər problemi də var. Bu, çox mühüm humanitar məsələdir», Paşinyan deyib.

O həmçinin deyib ki, Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağa hazırdır.

«Mən də dəfələrlə elan etmişəm ki, Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağa hazırdır. Bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, blokadadan çıxarılması mövzusu da bizim üçün çox vacibdir. Biz bu məsələlərin həll edilməsində həqiqətən maraqlıyıq.»

Vladimir Putin Azərbaycan və Ermənistan liderlərinin gələn ay baş tutmalı olan Brüssül görüşünü yada salıb və bunu alqışladığını qeyd edib.

«Nə qədər birbaşa ünsiyyət olarsa, bir o qədər yaxşıdır. Mən bu yaxınlarda bu barədə Avropa İttifaqı Şurasının Prezidenti cənab Mişellə də danışmışam. O, sizi gözləyir…. Bir daha təkrar edirəm, tərəfdaşlarımızın bu dialoqa cəlb edilməsini biz yalnız alqışlayırıq. Əsas odur ki, bu dialoq faydalı olsun.»

Mənbə: BBC

Bu xəbəri paylaşın: