Türkiyədə terrorçuluqda şübhəli bilinən 770 fiziki və 1 hüquqi şəxsin əmlakına həbs qoyulub.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu və Xəzinə və Maliyyə naziri Nürəddin Nəbati birgə qərar imzalayıb.
Siyahıda azərbaycanlı xanım da var. Belə ki, 34 yaşlı Məmmədova Ülkər Şahmurad qızı İŞİD üzvü olmaqda günahlandırılır.
Azərbaycanın Qubadlı rayonunda doğulan Ülkər Məmmədova 2015-ci ildə paytaxtı Ankarada 103 nəfərin ölümü ilə nəticələnən terror aktı törətməkdə təqsirli bilinən İŞİD üzvü Mustafa Dokumacının həyat yoldaşı olub.
Azərbaycanlı qadın 2021-ci il oktyabrın 9-da Suriyadan Türkiyəyə keçərək polisə təslim olub. O, hətta İŞİD-in «canlı bomba” siyahısında olub. Ülkər Məmmədova bildirib ki, Ankara terrorunu törədən Mustafa Dokumacı 2020-ci ildə zərbə PUA-sı tərəfindən məhv edilib.
Ülkər Məmmədovanın atası Şahmurad Məmmədov ehtiyatda olan polkovnikdir. Terrorçuluqda ittiham olunan azərbaycanlı qadın Azərbaycanda politologiya ixtisasına qəbul olsa da, baş örtüyü səbəbindən universitetə gedə bilməyib. Bu səbəbdən oxumaq üçün Türkiyəyə üz tutan qadın Konyanın Səlcuq Universitetinə qəbul olub. Burada o, «Facebook»da Mustafa Dokumacı ilə tanış olaraq onunla evlənib və İŞİD-ə cəlb olunub.
P.S. Əmlaklarına həbs qoyulanlar arasında HDP-nin hazırda həbsdə olan keçmiş həmsədri Səlahəttin Demirtaşın böyük qardaşı Nürəddin Demirtaş, FETÖ/PDY-nın hazırda axtarışda olan əsas şəxslərindən biri Adil Öksüz, Emre Uslu, Tuncay Opçin, Cevheri Güven, hazırda həbsdə olan keçmiş prokuror Zekeriya Öz, Tarık Toros və Abdülkerim Balcı da var.
“Əmlaka həbs qoyulması haqqında” qərara görə, FETÖ/PDY terror təşkilatının 454, PKK/KCK terror təşkilatının 108, dindən sui-istifadə edən terror təşkilatlarının 119, solçu terror təşkilatlarının 89 üzvünün, həmçinin 1 vəqfin (“Niaqara”) əmlakına həbs qoyulub.
Siyahıda 34 yaşlı azərbaycanlı Məmmədova Ülkər Şahmurad qızı da var. İŞİD üzvü olduğu qeyd olunan Ü.Məmmədova Azərbaycanın Qubadlı rayonunda doğulub.