Beynəlxalq Müstəqil Tədqiqat Agentlikləri Assosiasiyası Gallup International və Romir tədqiqat holdinqinin apardığı sorğuya əsasən, Rusiya xoşbəxtlik indeksinin ən aşağı olduğu ilk beş ölkə arasındadır.
Sorğunun gedişində rusların 30%-i (ötən ildən 3 faiz az) öz həyatlarından “nə razı, nə də narazı” olduğunu, 17%-i (keçən ildən 1 faiz az) narazı olduğunu, 6%-i isə çox narazı olduğunu bildirib. Həyatlarından razı olan ruslar 36% (2020-ci ildə 34%), çox razı — 5% (2020-ci ildən 2 faiz az) təşkil edib.
Xoşbəxtlik indeksi xoşbəxt və bədbəxt həyat arasındakı fərqdir. Bu göstəriciyə görə, Rusiya tədqiqatdan yalnız Qana, Əfqanıstan, Honq-Konq və İraqı qabaqlayaraq aşağıdan beşinci yerdə qərarlaşıb.
Rusiyada xoşbəxtlik indeksi son on ildə ən aşağı səviyyədə qalır. 2013-cü ildə 24 bal idi, 2014-cü ildə kəskin şəkildə 59-a yüksəldi, sonra yalnız azaldı — 2021-ci ildə 18-ə düşdü.
Ən xoşbəxt ilk 5 ölkə siyahısına Kolumbiya, Qazaxıstan, Albaniya, Malayziya və Azərbaycan daxildir. Tədqiqatda qeyd olunur ki, bir qayda olaraq, Latın Amerikası, Afrika və Şərqi Asiya sakinləri xoşbəxtlik indeksinə görə liderlik edir, Avropa, Yaxın Şərq və Rusiya sakinləri isə həmişə daha pessimistdirlər.

Ümumilikdə dünya sakinlərinin 13%-i öz həyatlarından çox razıdır, 43%-i kifayət qədər razıdır, 13%-i isə müxtəlif dərəcələrdə həyatlarından narazıdır.
Sorğuya əsasən, ən bədbəxtlər Əfqanıstan sakinləridir: 36% bədbəxt və ya çox bədbəxt olduqlarını, Qana, Ukrayna və İraqda — 31%, Pakistan və Türkiyədə — 23%.
“Xoşbəxtliyin səviyyəsi gəlir səviyyəsi ilə birbaşa əlaqəli deyil. Eyni zamanda, ruslar ənənəvi olaraq özlərini qonşuları ilə (başqa ölkələrin əksər vətəndaşları kimi) deyil, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdəki vəziyyətlə müqayisə edirlər»-deyə sosiologiya elmləri doktoru və Romirin prezidenti Andrey Milexin şərh etdi.
Xoşbəxtlik indeksinin tədqiqi planetin sakinləri arasında illik keçirilən “İlin sonu” sorğusu çərçivəsində aparılıb. 44 ölkədən 41 560 insanla müsahibə aparılıb. Romir saytına görə, hər bir ölkədə ən azı 1000 kişi və qadından ibarət nümayəndə iştirak edib.
Ermənistan xoşbəxtlik indeksinin ən aşağı olduğu on ölkə sırasındadır. Bunu Gallup International Müstəqil Araşdırma Agentlikləri Beynəlxalq Assosiasiyası və “Romir” tədqiqat holdinqinin keçirdiyi sorğunun məlumatları sübut edir.
“Romir” holdinqinin “Novosti-Armeniya” agentliyinə verdiyi məlumatda qeyd edildiyi kimi, sorğu zamanı Ermənistan sakinlərinin 42%-i öz həyatlarından “nə razı, nə də narazı” olduğunu, 14%-i narazı olduğunu bildirib. 5% -i isə çox narazı olduğunu bildirib.
Eyni zamanda, Ermənistan vətəndaşlarının 30%-i öz həyatlarından razı, 9%-i isə çox razıdır.

Xoşbəxtlik indeksi xoşbəxt və bədbəxt həyat arasındakı fərqdir. Bu göstəriciyə görə Ermənistan (+ 20), Türkiyə (19), Rusiya (18), İraq (17), Honq-Konq (11), Əfqanıstan (9) və Qana (2) digərləri qabaqlayaraq, sondan Ukrayna ilə birgə yeddinci yeri bölüşüb.
