Məmməd bəy Əhmədbəyov: Hərb sənətinin ustası

Ənvər Çingizoğlu

Məmməd bəy Əhmədbəyovun soy-kökünə nəzər salaq. Atası Əhməd bəy 1820-ci ildə İyirmidörd mahalının Xanməmmədsərkarlı obasında dünyaya gəlmişdi. Mülkədar idi. Babası Baxşalı bəy 1799-cu ildə Xanməmmədsərkarlı obasında anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı.

Əhər şəhərində mədrəsədə oxumuşdu. Əmisi Xanməmməd sərkardan sonra obalarının kədxudası olmuşdu. Ulu babası Molla Vəli ağa Mahmud ağa oğlu Cənubi Azərbaycanın Qaradağlı elinə məxsus idi. Onun soyuna məxsus şəxslər Azərbaycan tarixində dərin iz buraxmışdılar. Daha uluları Qızılbaş sərkərdələri olmuşdular.

Məmməd bəy Əhməd bəy oğlu 1864-cü ildə Şuşa qəzasının Cavanşir sahəsinin Xanməmmədsərkarlı obasında dünyaya göz açmışdı. İbtidai təhsilini molla yanında almışdı. Şuşa rеal məktəbində təhsilini davam еtdirmişdi. Daha sonra dədə-baba mülkləri olan Xankəndində Hərbi alayın məktəbində təhsilini davam etdirmişdi. Çar ordusunda hərbi xidmətə başlamışdı. İlk hərbi qulluğuna Xankəndində başlamış, özünü intizamlı zabit kimi göstərmişdi. 1888-ci ilədək burdakı alayda xidmət edərək ştabs-kapitan rutbəsini alır. Qafqaz hərbi dairəsi qərarqahının xüsusi komissiyası sınaqlardan sonra 77-ci Tеngiz alayına dəyişilmişdi. Orduda əla və qüsursuz xidmət edən Məmməd bəy hərbi pillələri çox sürətlə keçmişdir. 1890-cı ildə tərtib olunmuş bir sənəddə göstərilir ki, əla atıcı olduğuna görə sentyabrın 29-da ona birinci dərəcəli mükafat verilmiş və 55 manat pulla mükafatlandırılmışdır. Bir müddət 14-cü Qrеnadyor alayında kapitan rütbəsində hərbi qulluqda olmuşdu.

M. Əhmədbəyov 1890-cı ildə Tiflis şəhərində xidmət edirdi.

M. Əhmədbəyov 1891-cı ildə Xankəndi alayında xidmət edirdi.

M. Əhmədbəyov özünün qeyri-adi hərbi qabiliyyəti və igidliyi sayəsində xidmətinin on ili ərzində polkovnik rütbəsinə kimi yüksəlir.

Müxtəlif arxiv sənədləri, komandanlığa göndərilən raport və məktublar göstərir ki, M. Əhmədbəyov bacarıqlı zabit, nəcib insandır. Qeyri-adi istedadı və insanı ləyaqəti sayəsində hamının hörmətini qazanmışdır. Fəzl və qeyrəti, sidq və saflığı sayəsində az vaxtda böyük şöhrətə nail olmuşdur. O, döyüşlərdə bərkimiş, özünü nümunəvi döyüş zabiti kimi göstərərək komandanlıq qarşısında iltifata yetişmişdir. Bir qayda olaraq ali baş komandanın tapşırıqlarını cəsarətlə və dəqiq yerinə yetirmiçdir.

M. Əhmədbəyov 1892-ci ildə dördüncü dərəcəli «Müqəddəs Vladimir» ordeni ilə təltif olunmuşdur. Bundan başqa döyüşlər zamanı düşmən həmlələrinin dönə-dönə məhv edilməsində böyük xidmətləri olub, hərbi rəşadət göstərmişdir. Qəhrəmanlığı altı ordenə «Müqəddəs Stanislav» ordeninin üç dərəcəsi, «Müqəddəs Anna» ordeninin dörd dərəcəsi, «Müqəddəs Vladimir» ordeninin dördüncü dərəcəsi, «Müqəddəs Georgi» ordeninin dördüncü dərəcəsinə layiq görülmüşdür.

Hərb elminin mahir bilicisi olan Məmməd bəy polkovnik rütbəsi ilə istеfaya çıxmışdı. İstefasından sonra bir müddət Tiflis şəhərində yaşamış, sonra Azərbaycana gəlmişdir.

M. Əhmədbəyov öz xidməti və döyüş təcrübəsini gənc azərbaycanlılara öyrətmişdi. O, milli duyğularla bağlı bir insan olduğundan Xankəndi hərbi məktəbində bir erməni zabitini güllələmişdi. 1906-cı ildə Qarabağın müsəlman əhalisini hərbi işlə tanış etmək, bölgədə sabitliyin, ictimai asayişin və nizam-intizamın saxlanması uğrunda çalışıb, çaba göstərmişdi.

Məmməd bəy mayor Abbas bəy Ağayеvin qızı Böyükxanım xanımla ailə qurmuşdu. Yusif bəy adlı oğlu, Sona xanım, Məryəm xanım, Raziyə xanım, Ayna xanım, Tamara xanım, Nisə xanım adlı qızları vardı.

Bu xəbəri paylaşın: