Səfəvi mirası silsiləsindən – Gəncə Cümə məscidi

II yazı

Şah Abbas məscidi adı ilə də tanınan bu möhtəşəm abidə Gəncəçayın sol sahilində, Gəncənin  mərkəzində yerləşir. Aran memarlıq üslubunda inşa olunmuş məscidin memarı məşhur ilahiyyatçı, filosof, hüquqşünas, astronom və riyaziyyatçı Şeyx Bəhauddin Amulidir (1547–1622).

Qızılbaş dövlətinin şeyxulislamı Şeyx Bəhauddin Amuli dahi mühəndis idi. Onun inşa etdiyi, suyu bir şamın istisiylə qızdırılan məşhur İsfahan hamamının və İsfahan şəhərinin simvoluna çevrilmiş yellənən minarələrin sirri bugünədək açılmayıb. Bakı Dövlət Universitetinin professoru M.Məmmədov Şah Abbas məscidi haqqında yazır: «Bu məscid qəribə xüsusiyyətlərə malikdir. Belə ki, fəsildən asılı olmayaraq (ilin istənilən günündə) saat 13:00-da günəş şüası pəncərədən həmişə içəridəki eyni kərpicin üzərinə düşür. Həmin hadisəni görmək üçün keçmişdə Gəncəyə Avropa ölkələrindən də gəlirdilər. Məscidin digər maraqlı cəhəti isə budur ki, Şeyx Bəhauddinin quraşdırdığı bir soba bütün binanı qızdırır. Yaxınlıqdakı hamam da (dövrünü qabaqlamış) maraqlı qızdırıcı sistemə malikdir. Borular qazanxanadan krantlara hamamın döşəməsinin altından keçib gəlir. Buna görə də hamamın döşəməsi həmişə isti olur”.

Əslən Litva tatarı olan alim-tədqiqatçı Cəmil Aleksandroviç Nasıfi yazır: “Məscidin qapısı üzərindəki kitabədə onun inşa tarixi kilidi-Şamaxi  ifadəsi ilə göstərilib. Bu isə əbcəd hesabı ilə hicri 1015-ci (miladi 1606-cı) ildir”.

Xatırladaq ki, Şah I Abbas Səfəvi (1571–1629) Gəncə şəhərini məhz 1606-cı ilin noyabrında azad etmişdi. Görünür, məscidin tikintisinə də elə bu tarixdən başlanmışdı.

Qeyd. “Kilidi-Şamaxi” ifadəsi Gəncəni Şirvanın açarı hesab edən Şah I Abbas Səfəviyə məxsus idi.

1885-ci ilin “Qafqaz təqvimi”nə görə, 1794–1795-ci illərdə Qarabağ xanının ordusu Gəncə Cümə məscidini yağmalamış və dağıtmışdır. Lakin maraqlıdır ki, 1794–1796-cı illərdə ara müharibələri zamanı Gəncə bir neçə dəfə Qarabağ xanlığının hücumuna məruz qalsa da, İbrahimxəlil xan Cavanşir (1732–1806) şəhəri ələ keçirə bilməmişdi. Bundan 14 il əvvəl – 1780-ci ildə Qarabağ xanı Gəncəni özündən asılı vəziyyətə salmışdı. Lakin qeyd etməliyik ki, o zaman şəhər döyüşsüz təslim olmuşdu. Belə hallarda isə qaliblər adətən bac-xəracın alınması ilə kifayətlənir, qətl-qarət və dağıntı törətmirdilər. Digər tərəfdən isə, özləri müsəlman və azərbaycanlı olan Qarabağ döyüşçüləri heç bir vaxt müqəddəs ibadətgaha – məscidə qıymazdılar, ona əl qaldırıb zərər verməzdilər.

1786-cı ildə gəncəlilər üsyan qaldırıb Qarabağ xanının adamlarını şəhərdən çıxarmış, Cavad xan Qacarı (1748–1804) Gəncənin hakimi seçmişdilər.

            Haşiyə. “Qafqaz təqvimi” («Кавказскій календарь») – 1845–1916-cı illərdə Tiflisdə nəşr olunmuş illik məlumat kitabçasıdır. Naşir Rusiya imperiyasının Qafqaz canişininin dəftərxanası idi. Bu isə o deməkdir ki, “Qafqaz təqvimi”ndə təqdim olunan məlumatlar Rusiya imperiyasının Qafqazda apardığı ideoloji işə uyğunlaşdırılırdı. Başqa sözlə desək, onların əksəriyyətini dürüst informasiya kimi deyil, dezinformasiya kimi qəbul etməliyik.

            Beləliklə, əslində nə baş verdiyini aydınlaşdırmağa çalışaq…

Rus hərb tarixçisi Nikolay  Dubrovin (1837–1904) yazır: “1804-cü il yanvar ayının 3-də rus ordusu Gəncə şəhərini hücumla aldı. Cavad xan və onun ortancıl oğlu Hüceynqulu ağa öz inadkarlıqlarının qurbanı oldular. Şəhərin bir yerində qan sel kimi axdı. 500-ə qədər tatar,bəlkə də qaliblərə təslim olmaq niyyətilə məscidə sığınmışdı. Ancaq bir erməni bizim əsgərlərə dedi ki, onların arasında bir neçə dağıstanlı ləzgi var. Ləzgi adının çəkilməsi məsciddəki insanların qətlinə işarə oldu”. Elgün Babayevin “Из истории Гянджинского ханства” əsərinə nəzər salaq: “Nəticədə rus qoşunlarının soyğunçuluğundan şəhərin Cümə məscidinə sığınmış 500-dən çox dinc insanın hamısı öldürüldü”.

Görəsən, Gəncə Cümə məscidinə sığınmış yüzlərlə günahsız insanı qətlə yetirmiş vəhşiləşmiş əsgərlər tarixi abidənin özünə rəhm edərdilərmi?

            Nəticə. Səfəvi irsinin Azərbaycandakı ən gözəl nümunələrindən biri olan Şah Abbas məscidini “Qafqaz təqvimi” nəşrinin iddia etdiyi kimi, heç də 1794–1795-ci illərdə Qarabağ xanının qoşunu deyil, 1804-cü il yanvar ayının 3-də erməni (əslində, hay) fitnəsi ilə işğalçı rus ordusu yağmalamış və dağıtmışdı.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Bu xəbəri paylaşın: