QAZAXISTAN «DƏRSLƏR»İ

ELBARİZ Məmmədli

Çox ağrılı və üzücü söhbətdi. Amma onu etməyə məcburuq. Çünki lazım olan anda, qapını kəsdirən təhlükələrdən qurtulmaq üçün nələrisə qabaqcadan düşünməyə ehtiyac var. Qardaş Qazaxıstanda baş verən faciələri bütün milli düşüncə adamları ağrı və həyəcanla izlədi.Günahsız qətliama məruz qoyulan qan qardaşlarımızın faciəsinə içində ağladı. Hadisələrin baş verməsini ABŞ — Rusiya, Rusiya — NATO, Soros -Rusiya və ən nəhayət ölkədəki klan hakimiyyətinə qarşı üsyan kimi dəyərləndirənlər oldu. Olsun. Bu variantların hamısında qazax xalqının gülləbəran edilməsinə haqq verəcək nəsə vardımı? Ola bilməzdi, amma oldu. Niyə?

Ona görə ki, demokratik təsisatların istisna təşkil etdiyi bütün cəmiyyətlərdə xalqın hərəkətlənməsi faciələrlə sonuclanır. Çünki ziyalısı, siyasətçisi, düşüncə və fikir adamı ruhundan çarmıxa çəkilən və ya asılı vəziyyətə salınan xalq heç vaxt özgür yaşaya bilməz. Burda bir haşiyəyə çıxmağa ehtiyac duyiram. Azərbaycanda Milli-azadlıq hərəkatı başlayanda, xalqın rəğbət bəslədiyi əksər ziyalılar Meydanda idi. B.Vahabzadə, Xudu Məmmədov, İsmayıl Şıxlı, Yusif və Vaqif Səmədoğlular, Xəlil Rza Ulutürk, Şirməmməd Hüseynov, Sabir Rüstəmxanlı , Nurəddin Rzayev bə.s. 1990-cı ilin Qanlı Yanvar gecəsində Mərkəzi Komitə önündə sovet ordusunun faşist hərəkətlərini Azadlıq radiosu vasitəsilə bütün dünyaya çatdıran B. Vahabzadə və Mirzə Xəzər oldu. Həmin an ərazi işğalçı qoşunlar tərəfindən mühasirəyə alınmışdı.

Amma Bəxtiyar müəllim çəkinmədən dünyaya haray çəkirdi. Faciədən iki gün keçmiş Mərkəzi Komitənin plenumunda İsmayıl Şıxlı xalqa tutulan divana görə sovet hakimiyyətini lənətləyib, -» bu gündən mən, bu faşist partiyasının üzvü olmaq istəmirəm»-deyə Kommunist Partiyasının üzvlük biletini atmışdı.Halbiki bu təşəbbüsə qoşulan Anar və başqaları sonradan biletlərini geri götürmüşdülər. Şahidlik edənlər xatırlayırlar ki, həmin faciədən sonra qanlı sovet rejimi Azərbaycan xalqının iradəsini sındıra bilmədi. Bu mübarizə müstəqilliyin əldə olunması ilə bitdi.

Qazaxıstanın duyğusu zorlanmış cəmiyyətində hadisələrin qaynar vaxtında xalqın önünə çıxacaq bir qüvvə tapılmadı. Hətta bəzilərimizin tanıdığı adamlar belə gözə görünmədilər. İşğalçılar da bu pərakəndəlikdən istifadə edib, xalqı güllədən keçirdilər.

Bütün bunları xatırlatmaqda, məqsədim odur ki, bizim cəmiyyətdə vəziyyət daha acınacaqlı, daha təhlükəlidir. Düşmən qüvvələrlə savaş içindəyik. Ölkənin ərazi bütövlüyünü tam təmin edə bilməmişik, azğınlaşan Rusiya və əlaltıları bütün beynəlxalq hüquq normalarını tapdamaqla məşğuldurlar, Qərb susur və…Azərbaycanda xalqın sözünü deyəcək beş-üç nəfər ziyalını tapıb ortaya çıxara bilmirik. Siyasi müxalifətin də oriyentasiyası o qədər qarmaqarışıqdır ki, onlardan mövqe birliyi gözləmək sadəlövhlükdür. Əvəzində ölkənin üst qurumunda kifayət qədər oturuşmuş rus ajanları istədiklərini edirlər. Bundan da məharətlə yararlanan Kreml sərsəm bəyanatları ilə hamını vahimədə saxlayır. Sabah Azərbaycanda da düşmən qüvvələrin əli ilə hansısa qarşıdurmaya əl qoyulsa, bu xalq özünü harda axtarmalıdır? Rus agentlərinin, Soros və Feto əlamanlarının, fars nökərlərinin və ya kimin yanında?

Qazax dərslərindən faydalanmaq üçün xalqla işləmək və ona güvənmək yeganə çıxış yoludur. Rusiya bu başıpozuq əməlləri ilə çox da uzağa gedə bilməyəcək. Amma məsəl var ki, «cəhənnəmə gedən özünə yoldaş axtarar» Biz cəhənnəmi haqq etmiş millət və xalq deyilik. Özümüzün cənnətdə yaşamaq, məmləkətimizin cənnət olmaq haqqı osə bizim düşüncə və əmıllərimizdən keçir.

Bu xəbəri paylaşın: