Mehdi bəy Kəbirlinski: Atalar misallı kişi…

На изображении может находиться: один или несколько человек и часть тела крупным планом

Ənvər Çingizoğlu

Jurnalist-etnoqraf

Bəllidir ki, Qarabağda baş verən tarixi hadisələrin izahı və şərhi hakim ideologiyanın təsiri altında saxtalaşdırılmış, bir sözlə, obyektiv elmi axtarışların aparılmasına imkan verilməmişdir. Müasir tarixşünaslıqda yaranmış mövcud boşluqları doldurmaq üçün Qarabağ tarixini hərtərəfli öyrənilməsi zərurəti yaranmışdır.

Biz bir çox Qarabağ sərkərdələrinin bioqrafiyasının dəqiqləşdirilməsi üçün etibarlı mənbələrə baş vurduq.

Mehdi bəy Qarabağın köklü etnik qruplarından olan Kəbirli elinin Qərvəndli oymağının Ağakişibəyli tayfasındandır. Bu tayfanın ulu babası Ağakişi bəydir. Ağakişi bəy XVIII yüzilin ikinci yarısında Qarabağda, Kəbirli elinin Qərvəndli oymağında yaşamışdı.

Ağakişi bəyin Məhəmməd bəy, Əhməd bəy adlı oğlanları vardı.

Məhəmməd bəy Ağakişi bəy oğlu 1767-ci ildə Kəbirli mahalının Qərvənd obasında dünyaya boy göstərmişdi. Molla yanında oxumuşdu. Qərvəndli obasının yüzbaşısı olmuşdu. İbrahimxəlil xana xidmət etmişdi.

Məhəmməd bəyin Ağakişi bəy, Məmmədəli bəy, İbrahim bəy, Ələsgər bəy adlı oğlanları vardı.

II Ağakişi bəy Məhəmməd bəy oğlu 1782-ci ildə Kəbirli mahalının Qərvənd obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Obalarının yüzbaşısı olmuşdu.

Ağakişi bəyin Mehdi bəy, Məmməd bəy adlı oğlanları vardı.

Mehdi bəy Ağakişi bəy oğlu 1812-ci ildə Kəbirli mahalının Qərvənd obasında doğulmuşdu. Mədrəsə təhsili almışdı. Qarabağ atlı alayında xidmət etmişdi. 18329-cu ildə rus-Osmanlı döyüşlərinə qatılmışdı. Sonra Şuşa şəhər qəza idarəsində yasavulbaşı işləmişdi. Praporşik rütbəsi vardı.

Mehdi bəy Kəbirlinskinin alaydakı əhəmiyyətli rolu və xidməti bəzi arxiv sənəd və materiallarında öz əksini tapmışdır. Tarixi sənədlər təsdiq edir ki, görkəmli sərkərdə Mehdi bəy babaları kimi bir çox döyüşlərdə fərqlənmişdi.

«Qarğı bizdə bitər, sümsünü Kəngərli çalar» ifadəsi Mehdi bəyindir.

Mehdi bəy Kəbirlinski mülkədar idi. Doğma obalarında, Taynaq kəndində xeyli torpaqları vardı.

Mehdi bəy Kəbirlinski şair idi. Azərbaycan Əlyazmalar İnstitutunda saxlanılan cünglərdə şeirləri var.

Qarabağın əksər şairləri kimi о da həcv-hədyan yazmağa meyilliydi. Qasım bəy Zakir Cavanşir mahalının naibi Əmiraslan bəy Rüstəm bəy оğlu Sarıcalını həcv edəndə, cavabı Mehdi bəydən alırdı. Baba bəy Şakir bir gün hirslənib Mehdi bəyi həcv qırmancına tutdu:

Demək оlmaz üzünə çоx adamın hər sözünü,

Çоxları pərdə çəkib, sirlərin örtər üzünü,

Töxmü-Kəbirli gərəkdir danışa xər sözünü,

Ağzına alma, gədə, sən zərü zivər sözünü,

Düşsə hər yerdə sözü sal yadına palani…

Mehdi bəyin törəmələri Kəbirlinski soyadını daşıyırlar.

Mehdi bəyin Ağakişi bəy, Əbülhəsən bəy, Əbülhüseyn bəy, Balakişi bəy, Həmid bəy adlı oğlanları vardı.

XIX əsrdə Azərbaycanlılardan zabit çıxmayıb. Rus və erməni tədqiqatçıların əsərlərində bu kimi ifadələrə tez-tez rast gəlirik. Hərb tariximizə qara yaxanlara tutarlı cavab verilməsi üçün bu istiqamətdə hərtərəfli və dərin tədqiqatların aparılması bir zərurətə çevrilmişdir. Azərbaycanlıların hərb tarixinə nəzər salaraq, bu yolda böyük zəhməti və xidmətləri olmuş şəxsləri dərin hörmət və ehtiramla yad etmək hər bir vətəndaşın borcudur.

Bu xəbəri paylaşın: