ABŞ-ın 10 ən böyük aviaşirkəti sabah aktivləşdirilməsi planlaşdırılan 5G xidmətinin aviasiya sənayesində böyük böhrana səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
ABŞ səlahiyyətlilərinə ortaq məktubda «American», «Delta», «United» və «Southwes»t hava yolları və UPS və «FedEx Express» kimi yük şirkətlərinin rəhbərləri yeni 5G C qurğularının hava limanlarının yaxınlığında yerləşdirilməməsini istəyib.
Şirkət rəhbərləri bildirirlər ki, bu xidmət iri hava limanları uçuşlara hazır olmadan aktivləşdirilsə, “fəlakətli” xaos yaranacaq və bir çox geniş gövdəli təyyarələr yararsız hala düşəcək. Belə bir vəziyyət yaranarsa, bu, ABŞ və ölkəyə gələn bütün aviaşirkətlərə təsir edəcək. Məktubda bunun nəticəsində on minlərlə sərnişinin əziyyət çəkəcəyi və tədarük zəncirinin pozulacağı vurğulanır.
Aviaşirkətlər siqnalların təyyarənin naviqasiya sistemlərinə təsir göstərə biləcəyini bildirib və 5G-nin əsas hava limanının uçuş-enmə zolaqlarından 3,2 kilometrliyində olan ərazilərdə işə salınmamasını tələb ediblər.
Bu şirkətlər 5G-nin təkcə təyyarələrin təhlükəsizlik sistemi üçün deyil, həm də görmə qabiliyyətinin aşağı olduğu vəziyyətlər üçün risk yaratdığını iddia edir və görünürlüyün aşağı olduğu gündə minə qədər uçuşun ləğv oluna biləcəyini bildirir. Ölkənin iki ən böyük telefon şirkəti AT&T və Verizon əvvəllər hökumətin 5G-nin gecikdirilməsi tələbini rədd etmişdi.
Bu şirkətlər yanvarın 3-də 50 hava limanının yaxınlığında bufer zonalar yaradacaqlarını və 6 ay ərzində siqnal müdaxiləsinin qarşısını almaq üçün tədbirlər görəcəklərini açıqlayıblar. AT&T və Verizon, 5G C diapazonunun siqnal müdaxiləsi problemi olmadan 40 ölkədə yerləşdirildiyini söyləyib. Bu şirkətlər 5G-nin tətbiqini yanvarın 5-də iki həftə gecikdirib.
Dünyanın ən böyük iki təyyarə istehsalçısı olan Boeing və Airbus da ABŞ hökumətindən yeni 5G texnologiyasına keçidi təxirə salmağı xahiş ediblər. İki şirkətin yüksək səviyyəli menecerləri ABŞ-ın Nəqliyyat Katibi Pit Buttigiegə göndərdikləri məktubda “5G-nin təyyarələrin təhlükəsiz istismarına mənfi təsir göstərə biləcəyini” yazıb və 5G texnologiyasının aviasiya sənayesinə “mənfi təsir göstərəcəyi” barədə xəbərdarlıq ediblər.
Mənbə: Avropa.info