Binəqədi rayon veteranları 20 Yanvar Ümumxalq Hüzn Günündə iştirak ediblər

Binəqədi rayon veteranları 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov bildirdi ki, 1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixinə həm faciəli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi yazıldı. Ulu öndər Heydər Əliyev vaxtilə 20 Yanvar hadisələri haqqında danışarkən deyirdi ki, o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub.

Allah şəhidlərimizə rəhmət eləsin!


Tədbirdə iştirak edən AVMVİB Binəqədi rayon şöbəsinin humanitar məsələlər üzrə sədr müavini İlqar Abbasov qeyd etdi ki, əli qanlı Sovet qoşunlarının Bakıya qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Bu gün şəhidlərimizi Zəfər ilində anmaqdayıq. Hüzün günü olsa da bu gün qürurluyuq.


Allah şəhidlərimizə rəhmət eləsin!


Elnur Səlim

Bu xəbəri paylaşın: