Erməni mətbuatı 44 günlük müharibədə həlak olan hərbçilərin və mülki şəxslərin ümumi sayı haqqında məlumat yaydı.
Ermənistan Respublikasının İstintaq Komitəsi 44 günlük müharibə nəticəsində həlak olan hərbçilər, mülki şəxslər və naməlum itkin düşənlər haqqında məlumat dərc edib.
Məlumatda deyilir ki, müharibə nəticəsində Ermənistan Respublikasında və Qarabağda həlak olan hərbçilərin və mülki əhalinin ümumi sayı 3809 nəfərdir.
2022-ci il yanvarın 19-na, yəni dünənə qədər olan məlumata görə, 199 hərbçi və 21 mülki şəxsin harada olduğu məlum deyil. Buna baxmayaraq, erməni əhalisi hələ də bu məlumatlara inanmır və itkilərin hakimiyyət tərəfindən gizlədildiyini deyirlər.
Əsir düşən hərbçiər haqqında deyilir ki, bu günədək Azərbaycan Respublikası tərəfindən ümumilikdə 141 hərbçi və mülki şəxs Ermənistan Respublikasına təhvil verilib. Maraqlıdır ki, hazırda rəsmi olaraq Azərbaycanda olan əsirlərin sayı barədə heç bir məlumat verilmir və sadəcə olaraq bəzi xarici və yerli mətbuat orqanları belə təhmin edirlər ki, guya Azərbaycanda hələ də «200-ə qədər» erməni əsiri vardır. Bu şişirtmələr heç də təəccüblü deyil, çünki bütün bunlar ermənilərin xislətindən irəli gəlir.
Bu azmış kimi, Ermənistan Respublikasının İstintaq Komitəsinin Hərbi Tədqiqat İdarəsi Azərbaycan tərəfini beynəlxalq hüqüq və humanitar qaydalarını pozmaqda günahlandıraraq bizə qarşı cinayət işi qaldırmışdır. Belə yerdə deyiblər də: «Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı»…
İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni araşdırmaları və Təlim Mərkəzinin direktoru
