
Elbariz Məmmədli
Günümüzə, saatımıza baxın, də. Düşünülməli, uğrunda mübarizə aparılmalı, yolunda savaş açılmalı dərdlərimizi bir kənarda qoyub ölkə gündəmindəki qeyrəti aşılanmış xəbərlərdən asılı qalmışıq: «Şuşa » adı ilə Soçidə keçirilən yarışmaya gedən KVN (şən və hazırcavablar klubu) komandamız ermənilərin etirazı və Maslyukovun tələbi ilə adını «Buta» olaraq dəyişdirib.
Elmlər Akademiyasında elmdən başqa hər şeylə məşğul olan adamlar hərəkətlənib. Orfoqrafiya lüğətimizdən çıxdaş edilmiş «hörümçək» sözü ilə bağlı mübahisələrə son qoyulub. Ən nəhayət, Polad Bülbüloğlu tipli adamlar zorla milləti inandırmağa cəhd göstərib ki, 20 Yanvar qətliamını törədən sovet Rusiyası ilə müasir Rusiyanın heç bir əlaqəsi yoxdur. Yanvar qırğınında sovet cəlladları Xalq Cəbhəsinin silahlı dəstələri ilə vuruşublar. ( Görəsən, aramızda olub bu ifadəni işlədənlər Azərbaycan xalqına nə qədər nifrət edirlər?) İndi deyilənlərlə bağlı öz fikirlərimi ifadə etməyə çalışacağam.
Əvvəla, onu deyim ki, Azərbaycan mədəniyyəti və səhnəsi yubkalı gədalara çəpik çalanların əlində qaldıqca, uğursuzluqlarımız davamlı olacaq. Millət haqlı, ləyaqətli və qətiyyətli müharibədən hələ tam ayrılmayıb. Günaşırı ürək dağlayan Şəhid xəbəri alırıq.
Səhnələrin repertuarını bu həssas məsələ zəbt etməli olduğu halda, görün nəyin şahidi oluruq. Pul və şöhrət qazanmaq xatirinə hər cür aşağılanmanı qəbul edənlər, heç olmazsa, bu millətdən olduqlarını anlayırlarmı? Soçidə iki dığanın sözü ilə adını dəyişənlər, düşünürəm ki, bir az bərkə salınsaydılar Azərbaycan adından da imtina edərdilər. Heç olmazsa , ermənilər üstünüzə gələndə şöhrətimiz «Qarabağ» klubunun mübarizəsini yadınıza salaydınız. Vətənpərvər Qurban Qurbanovun, əsl savaş adamı Rəşad Sadıqovun və bütün komanda üzvlərinin erməni-yunan tandeminə sərt təpkisini xatırlayaydınız. Addan imtina kimlikdən imtinadı, kişilikdən imtinadı. Tanrının sənə verdiyi haqdan, başında gəzdirdiyin papaqdan imtinadı…
İndi gördünüzmü, düşük səhnə adamları düşmən qarşısında cılız və rəzil təsir bağışlayırlar. Elə Elmlər Akademiyasındakı qalmaqallar da eyni faciəli durumun davamıdı. Artıq orda son payız yarpaqları kimi, sonuncu elm və dəyər adamlarını da çırpıb küçəyə atırlar.
Elmimiz elman nəsirovçuluq virusuna yoluxur. Orfoqrafiya lüğətimiz elə kökə salınıb ki, canında milli dilimizin qaynaqlarından, artıq arxaizmə çevrilmiş sərvətimizdən əsər-əlamət qalmayıb. Mənası və mahiyyəti gərəkli olmayan neologizmlər uğursuz halda dilimizin söz tərkibinə daxil edilib. Bu qərəzin və düşmənçiliyin arxasında nə dayanır, anlamaq çətindi.
Yaxud birisi ortaya çıxıb sovet Rusiyası ilə indiki işğalçı Rusiyanın müqayisəsini aparır. Hamımızı inandırmağa çalışır ki, o rusla bu rusun fərqi var. 20 Yanvar qətliamını törədən Qorbacov, Primakov, Yazov, Bakatin, Kryuçkov, Girenko, Lebed və.s canilər bu Rusiyaya aid deyillər. Bəs, o zaman Çeçenistanda bir xalqı məhvə məruz qoyanlar, Abxaziyada bəşəri cinayətlərə imza atanlar, Ukraynanı işğal edənlər, Xocalını yer üzündən silənlər, Tərtərə, Gəncəyə, Bərdəyə, Mingəçevirə, hətta Bakıya erməni adı ilə raket atanlar hansı Rusiyaya aiddirlər? Əgər 20 Yanvarda bu xalqın əlində silah olsaydı, rusun bir canisi burdan salamat çıxmazdı. İndi oturub millətin azadlıq savaşına qara yaxmaq, onu təhrif edib tədris kitablarına salmaq Vətənə və millətə xəyanətdir. Könlü bu milləti tutmayanlar hara istəyirlər, çıxıb rədd ola bilərlər. Bizim gedəcək yerimiz və bu haqda fikrimiz yoxdu. Əlamanlıq etdiyiniz Rusiya tükənir.
Sonuncu qala kimi güvənib saxladığı Uzaq Şərq Hərbi Dairəsindən bütün hərbi qüvvələrini Ukrayna ətrafına yığır. Çin və Yaponiyanın işini asanlaşdırır. Tükənir Rusiya. Elə bilirsiniz Qazaxıstandan təpkiyə görə çıxdı? Xeyr. Onsuz da rusların imkan olan vaxt partlatmaq üçün burda kifayət qədər minası var. Amma bütün ziddiyyətlərə və niyyətlərə xərcləməyə hərbi gücü yoxdu. Əgər Ukrayna ilə savaşı qaynar hala gətirsə, sona öz məzarlığı ilə qalacaq.
Bizim öz davamız var. Haqlı və ədalətli. İçdən və çöldən bu davanı unutdurmağa çalışanlar çoxdu, lap çox. Amma keçməyəcək. Gündəmi dəyişməyə can atmasınlar.