Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə — AZƏRTAC-a müsahibəsində «ASAN xidmət» haqqında da danışdı.
— Əgər mənim təkcə bugünkü proqramıma nəzər salsaq, görərik ki, bir çox önəmli obyektin açılışı oldu, təməlqoyma mərasimi oldu. Onların içində, əlbəttə ki, «ASAN xidmət” Mərkəzinin açılışını xüsusilə qeyd etmək istəyirəm. Bir neçə il bundan əvvəl Gəncədə «ASAN xidmət” Mərkəzi açılmışdır. Ancaq tələbat o qədər böyükdür ki, növbələr yarandı. Əlbəttə ki, «ASAN xidmət”in xüsusiyyətlərindən biri həm şəffaflıqdır, müasir xidmətlərin göstərilməsidir, həm də rahatlıqdır. Ona görə biz xidmətin adını «ASAN” qoymuşuq. Əgər növbə yaranırsa və insanlar saatlarla növbədə dayanırsa, bu, artıq «ASAN xidmət” olmadı. Ona görə mənim göstərişimlə ikinci «ASAN xidmət” Mərkəzi yaradıldı, birincidən daha böyük. Bu xidmət artıq bu gün rəsmən açıldı və bir neçə gündən sonra öz qapılarını vətəndaşların üzünə açacaq. Beləliklə, növbələr artıq aradan götürüləcək.
