News12.az saytı Ermənistan və ona hamilik edən xarici dövlətlərin Azərbaycan xalqının başına gətirdiyi dəhşətli əməlləri faktlarla ictimayyətə təqdim etməkdə davam edir. Bu dəfəki araşdırma «Sonasar-Baqdasar» erməni dini cəmiyyətinin və Ermənistan Xüsusi Xidmət orqanlarının nəzarətində olan cadugər qadınların Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda işğala qədər yerli sakinlərə qarşı törətdiyi dəhşətli əməllərdən bəhs olunur.
«Sonasar-Baqdasar» erməni dini cəmiyyətinin Kaliforniya Ştatının cənubundakı Stokton yaşayış məntəqəsindəki bürosuna başçılıq edən Karen Baqdasar Karuxen (Karen Baqdasaroviç Karaxanyan — red.) 1988-ci il aprelin 9-da Reddiq şəhərindəki «Qriqoryan»-«SAEAM» — cadugərlik məktəbini bitirərək, üzərində «AREV» yazılmış şəhadətnamə alır. 1989-cu il iyulun 2-də Yerevana, 9-da isə Xankəndinə gəlir. O, ilk günlər «Böyük Ermənistan» xülyasına qoşulub könüllü olaraq silahlı birləşmələrə yazılan gənclərin üstünə Varfolemey suyu çiləyir, onlara dua edir, «gülləbatmaz» nəğməsi ilə ovsunladığı şərbətdən içirir və xatırladır: «Böyük Ermənistan kilsədən başlayır. Müsibət onda qopacaq ki, bu kilsələri yadlar zəbt etsin». («Krua» qəzeti. Paris. 1989, № 9. «Dini icmadan missionerliyədək»).
«Sonasar-Baqdasar» erməni mifologiyasında bir neçə xətt təşkil edir. Xətlərdən biri bu idi ki, ermənilər öz qızlarını və qadınlarını zəbt etmək istədikləri ərazilərin dövlət və hökumət başçılarına, nüfuzlu məmurlara ötürərək, onları ərə verir, nəticədə bir şəcərəyə, bir ailəyə və nəhayət, bir nəslə sahib edirdilər.
Cəmiyyətin «Artsax» (Xankəndi) bürosunun təşkilatçılarından olan Laura Nalbandyan (məşhur cadugər Arab Nalbandyanın nəvəsi — red.) «Stokton bürosu»na məlumat verir: «Mən Karenlə fikir ayrılığına görə müstəqil yol tutdum. Mənim yardımlarımı özümə aid edin, ianələri şəxsən mənə göndərin. Öz büromu yaratdım. Nəticələrimi yazıram. 1991-ci il avqustun 4-də Kəlbəcərdə bir toyda iştirak etdim. Bu toya Bakıdan da gəlmişdilər. Vardanesin Akunk kəndində yaşayan Elulaneni Kəlbəcərdə ərə verdim. Bu, mənim gördüyüm altıncı iş idi»(«Tiqranın vəsiyyətləri» bülleteni. Stokton. Oktyabr 1992, № 10, səh. 21).
Cadugər Lauranın ovsunladığı adamlardan biri, 42 yaşlı Ağalar Əmrah oğlu Dünyamalıyev 1992-ci ilin yanvar ayında Azərbaycan Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda yazır: «Kəlbəcərdə cadugərliklə məşğul olan erməni qadınları hisslərimizlə oynayır, ağıl və fikirlərimizi dolaşdırırlar. İpə-sapa yatmayan, yola gəlməyən oğlanları, cavanları ot-ələf yandıraraq, tüstüyə verir, onları dəli və şikəst edirlər. Bir neçəsi kor olub. Bir neçəsi isə artıq dünyasını dəyişib».
Cadugərlərlə işi sistemləşdirmək üçün Ermənistan Təhlükəsizlik Komitəsinin Vardenis və Martuni rayon şöbələrində xüsusi proqramlar tərtib edildi. Məsələn, 1992-ci ildən 1999-cu ilədək Vardenis rayon şöbəsinin kəşfiyyat qrupuna başçılıq edən Spartak Markaryan «Sonasar-Baqdasar» qrupunu nəzarətə götürdü və cadugərlərin regiondakı sistemsiz işini qaydaya saldı, onlar üçün xüsusi proqramlar tərtib etdi. Proqrama görə, cadugər qadınlar öncə Kəlbəcərdə fəaliyyət dairələrini genişləndirməli, hərbi qruplarla, silahlı dəstələrlə təmaslar qurmalı, regiondakı ictimai-siyasi, hərbi durumla bağlı xəbərlər verməli, məlumatlar yığmalı idilər. Bir qrupun vəzifəsi isə hamilə qadınlarla bağlı idi.
19 NƏSLİN KÖKÜNÜ NECƏ KƏSDİLƏR?
Proqramın əsas mahiyyəti ərazidə əhali artımının qarşısını almaqdan ibarət idi. Cadugərlər hamilə qadınların ünvanlarını araşdırır, həmin ailələrə yol tapır, övlad gözləyən analarla əlaqələr yaradırdılar. Sonda hamilə qadınların bir qismi ya doğuş zamanı övladı ilə birgə ölür, ya dəli olur, ya da vaxtından qabaq azad olurdu. Şübhəsiz, bu zaman uşaqlar ölü doğulurdu. Xankəndidəki xəstəxananın həkimlərindən Aida Nersesovna Saakyan və Arina Yerenovna Arutunyanın Bakıya respublika Səhiyyə Nazirliyinə ünvanladıqları 26-214/9 saylı (16 fevral 1992) məktublarında isə bildirilirdi: «Kəlbəcərdə doğum iki dəfə artıb. Doğulan uşaqların 70,5 faizinin çəkisi normadan artıqdır. Heç bir xəstəlik müşahidə edilməyib. Ölüm halları 1,5 dəfə azalıb». 1992-ci il aprelin 16-da isə Fransanın «Antenn-3» dövlət telekanalının adı ilə Kəlbəcərdə doğuş zamanı ölən qadın və uşaqlar lentə alınır. Kadrlar iyulun 9-da ekrana çıxarılır. Həmin ayın 21-də Los-Ancelesdə çap olunan «Los-Angeles Times» qəzetində «Dünya ekranları» bölümündə şərh olunur. Araşdırmalarımıza görə, 1990-1992-ci illər ərzində Kəlbəcər rayonunda 43 oğlan uşağı şikəst edilib.
Şikəstlik əlamətləri:
— Görmə qabiliyyətinin itməsi (çəpgözlük);
— Danışma qabiliyyətinin itməsi (nitqin pozulması);
— Əsasən sağ qolun işləməməsi, funksiyadan düşməsi;
— Bioloji sistemin pozulması (eybəcərlik);
— Ruhi xəstəlik. Huşsuzluq və ağılın itməsi («MDB çərçivəsində gördüklərim». Los-Anceles. Həkim Mayk Kolombonun hesabatı. 1999-cu il, səh.73).
«Sonsuzluq» proqramının icraçılarından olan toksikoloq Lidiya Karapetovna Asratovanın (Asratyan) evində hazırladığı dərman preparatları öz işini görürdü. 1991-ci il noyabrın 14-də Martuni rayon epidemioloji stansiyanın həkimi Romik Rubenoviç Baqdasaryanın hazırladığı yeni dərman preparatları L. Asratyanın proqramına əlavə edilir. Məlumata görə, təkcə 1992-ci ilin iki ayı ərzində Kəlbəcər rayonunda 23 hamilə qadın erməni cadugərlərin mənəvi-psixoloji terroruna məruz qalıb. Həddi-buluğa çatan, yaşı 18-20 arası olan 19 oğlan araşdırılması mümkün olmayan bəladan vəfat edir.
Rayonun Zəylik kəndində yaşayan, yaş həddi 18-19 arasında olan qızlar arasındakı ölüm halları durmadan artır. Məsələn, kənddə 1991-ci il avqustun 14-dən 1992-ci ilin fevralınadək həmin yaş həddində olan 13 qız vəfat edir. Rayonun Qılıclı kəndində 6, Ağcakənddə 11, Nadirxanlı kəndində 9, Ağdabanda 14 qız vəfat edir. Hamısı eyni diaqnozla: Zəhərlənmə.
Araşdırmalarımıza görə, 1990-cı ildən 1992-ci ilədək Kəlbəcər rayonunda 19 nəslin kökü kəsilib. Məsələn, Cavad Əliqulu oğlu Sadıxovun, Əmralı Baba oğlu Qulamovun, Əvəzağa Hüseyn oğlu Dadaşovun nəsli daha yoxdur.
Halbuki apardığımız təqribi hesablamalara görə, Əmiralı Baba oğlu Qulamovun 76 nəfər ailə üzvü olub. Erməni kəşfiyyat idarəsinin Amerikada xüsusi cadugərlik məktəbi keçmiş qadınlarla qurduğu əlaqələr regionda mənəvi-psixoloji terrorun başlanğıcını qoydu. Erməni yazıçısı Silva Kaputikyan belə qadınları «Erməni xalqının kəşf olunmamış gülləsi» adlandırıb. O, yazırdı: «Dağlıq Qarabağda Milli Azadlıq Müharibəsini ilkin olaraq bu qadınlar başladılar. Onlar topsuz və tüfəngsiz bütöv bir kəndi işğal etmək gücünə malik idilər» («Qara kağız». S.Kaputikyan. Yerevan.1996-cı il, səh. 29)./News12.az-2018-ci il/
