AVMVİB sədrindən bayram təbriki

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev Novruz bayramı münasibəti ilə xalqımıza bayram təbriki ünvanlayıb.

Təbrik mətnində deyilir:


Əziz şəhid ailələri, əziz qazilərimiz, döyüşçülərimiz, Müzəffər Ali Baş Komandanımız, Qalib Ordumuz və xalqımız!


Nə qədər ağrılı olsa da deməliyik ki, bu Vətən bayram keçirərək azad və asudə yaşasın deyə, öz canlarından keçən şəhidlərimizin bu yurd üzərində doğan günəşin şüasında da haqları vardır. Bunları unutmadıq, unutdurmadıq və unutdurmayacağıq. Bir ölkə şəhidinin və döyüşçüsünün çiyinləri üzərində var olur. Xalqımızın qədim adət-ənənələrindən olan bu bayram artıq üçüncü dəfədir Azərbaycanın işğaldan azad olunan ərazilərində də qeyd olunur. Ona görə də Azərbaycan xalqı bu il də Novruz bayramını qürur hissi ilə qarşılayır. Biz bu qürura görə öncə şəhidlərimizə, sonra da şəhid olmağı gözə almış döyüşçülərimizə borcluyuq.


Özünün müraciətində Ali Baş Komandan cənab İlham Əliyev demişdir: «İrəlidə bizi ümumxalq əhəmiyyətli mühüm vəzifələrin həlli gözləyir. İnanıram ki, hər birimiz yaz fəslinin yeniləşdirici ab-havası ilə həmahəng ruh yüksəkliyi və həmrəylik şəraitində qurub-yaratmaq əzmi nümayiş etdirəcək, Qarabağa böyük qayıdış planımızı uğurla gerçəkləşdirəcəyik».


Hər birimiz bu amallar uğrunda birləşməliyik. Qarabağda qazanılmış qələbəni tam və qəti qələbəyə çevirməliyik. Xankəndi silahlı erməni quldurlarından təmizlənməli və orada Azərbaycan bayrağı dalğalanmalıdır. Rus sülhməramlılarına isə bu torpaqlarda ehtiyac yoxdur. Qüdrətli Azərbaycan dövləti sülhü artıq bərqərar edib və həmişə də sülhün keşiyində dayanacaqdır.

Əziz həmvətənlər, bacılar və qardaşlar!
Qarşıdan gələn Novruz bayramınız mübarək! Qoy bu ilimiz Qarabağda böyük quruculuqla, böyük qayıdışla, tərk edilmiş torpaqlara yeni insan nəfəslərilə bol olsun. Azərbaycan xalqını bu tarixlə yaşıd bayram münasibəti ilə təbrik edirəm.


AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: