ABŞ-ın 2023-cü ilin büdcəsi Ermənistanı məyus edəcək. Bayden Administrasiyasının ABŞ Konqresini Ağ Evin 2023-cü maliyyə ili üçün büdcə təklifində Ermənistana 24 milyon ABŞ dolları ayırmağa çağırması bunu deməyə əsas verir.
Həm də 2022-ci ildə «humanitar layihələrə dəstək” adı ilə Qarabağa 2 milyon pul ayıran ABŞ 2023-cü ildə bundan imtina etmək niyyətindədir: Bayden Administrasiyası növbəti il üçün Konqresə təklif etdiyi büdcə layihəsinə Qarabağın adını daxil etməyib.
Bu məbləğ 2022-ci maliyyə ili üçün bir neçə həftə əvvəl Konqres tərəfindən ayrılan və Prezident tərəfindən təsdiq edilən məbləğdən 21 milyon dollar azdır. Bayden Administrasiyasının bu addımı ermənilərin ABŞ-dakı əsas lobbi təşkilatı olan Amerika erməni milli komitəsinin (ANCA) narazılığına səbəb olub. Erməni lobbisi istəyinə nail ola bilmir.
Erməni lobbisini narazı salan məqamlardan biri də Prezident Baydenin Konqresdən 2023-cü maliyyə ili üçün Azərbaycana 9,7 milyon dollara yaxın yardım ayrılmasını istəməsidir. Bu yardıma Azərbaycanın ABŞ Müdafiə Nazirliyindən 333-cü bölmə (potensialın gücləndirilməsi) çərçivəsində aldığı əlavə vəsaitlər daxil deyil. Hökumət Hesabatlılığı İdarəsinin (GAO) mart ayında açıqladığı hesabata əsasən, Azərbaycan 333-cü Bölmə çərçivəsində ABŞ-dan 164 milyon dollardan çox yardım alıb.
