Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin müavini Aleksandr Şerin Azərbaycanı və Yaponiyanı hədələyib.
Verilən məlumata görə, “Realist” informasiya agentliyinə müsahibəsində rusiyalı deputat hər iki ölkə haqqında təhdid xarakterli fikirlər səsləndirib:
“Kimsə Rusiyanın güclü və zəif tərəflərini hiss etməyə çalışırsa, o zaman yaxşı işləyən “Kalibre” və “İsgəndər”lər hiss edəcəklər. Hazırki prosesdə fürsətdən istifadə edən bəzi dövlətlər hiyləgərcəsinə Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışır, bəzi həll olunmamış ərazi məsələləri ilə bizi şantaj edirlər. Bununla bağlı həm Yaponiyadan, həm də Azərbaycanın nazirlik və idarələrindən müvafiq bəyanatlar verilir. Mən Tokio və Bakıya xəbərdarlıq edirəm. Rusiyanın müxtəlif istiqamətlərdə və dövlətinin sərhədlərində öz ölkəsinin tam təhlükəsizliyini təmin etmək üçün bütün qüvvə və vasitələri var. Əgər kimsə bizim döyüş effektivliyimiz və dövlətimizin Ukrayna istiqamətində qüdrəti barədə nəticə çıxarmağa çalışırsa, demək istəyirəm ki, ehtiyatlar hətta cəlb olunmayıb, ən güclü silah növləri isə hələ istifadə olunmayıb”.
Xatırladaq ki, bundan bir neçə gün öncə Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Delyagin Mixayıl Qennadyeviçin Azərbaycanı nüvə silahı ilə hədələmişdi.
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin müavini Aleksandr Şerin ötən 2021-ci ilin yayında Ukraynaya qarşı müharibəyə çağırmışdı.
Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Aleksandr Şerin Rusiya prezidenti Vladimir Putinin bəyanatlarına istinad edərək, Ukrayna ilə müharibəyə çağırmışdı.
Bu barədə xəbəri Ura.ru OSN telekanalı yayımlamışdı.
“Vladimir Vladimiroviç Putin, mənim ölkəmin ali baş komandanı dedi ki, döyüş qaçılmazdırsa, öncə zərbə endirməlisən».
Parlamentin üzvü hesab edirdi ki, Moskva yaxınlığında düşməni gözləməkdənsə, xarici ərazilərə qabaqlayıcı zərbələr endirmək daha yaxşıdır.
Lakin bu üzdəniraq təpki görəndən sonra 27 iyul 2021-ci ildə bir çox Rusiya KİV-lərinə müsahibə verərək özünü təkzib edən açıqlamalar verərək demişdi: «Bəzi müzakirələr gedir, mübahisələr olur. Mən yalnız prezidentin sözlərindən sitat gətirdim”, — deyə Şerin bildirmişdi.
O, seçki kampaniyası ilə bağlı müvafiq xəbərlərin ortaya çıxmasını təklif edib. “Müharibəyə çağırış edən siyasətçilər çox vaxt seçicilər tərəfindən mənfi qarşılanır. Hesab edirəm ki, bu, seçki kampaniyası ərəfəsində mediada baş verən sadə təxribatdır”, — deyə deputat bildirmişdi.
“Mən Rusiya hakimiyyətini Ukraynaya müharibə elan etməyə çağırmamışam. Mən peşəkar hərbçiyəm, döyüş veteranıyam, belə şeylər etmirəm və etməyəcəyəm də. Bilirəm ki, müharibə çox pisdir, bəzi məsələləri həll etməyin ən yaxşı yolu deyil”, — deyə Şerin özünü təkzib etmişdi.
Xalqa it hürəndə, bizə də çaqqal ulayır. Amma Rusiya bu köpəklərin ağzıyla Azərbaycana təhdid yağdırması ortadadır. Bu dəfə axtarışa verməyə ehtiyac yoxdur. Çünki Rusiya ilə bu sahədə qarşılıqlı sazişimiz var. Sadəcə Rusiya Dövlət Dumasının rəhbərliyinə müraciət edib bu özünübilməzlərin səlahiyyətlərinin alınmasını və bu qələtlərə-müharibəyə çağırış, ölkəmizin suverenliyinə təhdidlə bağlı cəzalandırılmasına nail olmalıyıq.
Xaqani Ədəboğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri
