Biz niyə xainləri və xəyanətkarları sevirik?!

XAQANİ Ədəboğlu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

Əlbəttə döyüş üslubunu ukraynalılar bizim döyüşçülərdən əxz etdiklərini dönə-dönə qeyd ediblər. Hətta «Qarabağ Azərbaycandır!» deməyi belə ruslara öyrətmə kadrları da var. Azərbaycan əsgəri haqqında hələ I Qarabağ müharibəsi zamanında Türk generalının belə bir deyimi məşhurdur: «Rusun silahı, Azərbaycanın əsgəri və Türkün zabitiylə dünyanı fəth etmək olar».


Bircə faktı deyim ki, I Qarabağ savaşında düşmən qarşısında daxili erməni işbirlikçilərinin əliylə silahsız buraxılmış bir xalq sıfırdan bir Ordu yaratmağa başladı. Azərbaycan əsgəri bunca xainliklərə rəğmən dirəniş göstərdi. Bu gün Ukraynada Rusiyanı hədəfə alanlar Ermənistanın bizə qarşı faşizm ruhlu hücumunda eyni cəbhədə idilər. 4 ən mənfur imperiyaya qarşı bir xalq silahsız buraxılmışdı. Bədəvi ərəb sərkərdəsi, Əndəlüs fatehi Tarik bin Ziyad 5 minlik ordusuyla boğazı keçib 100 minlik ordunun üzərinə yürüyərkən, ordunun ruhunu yüksəltmək üçün gəmiləri yandırmış və dediyi bu məşhur sözləri bizim o zamankı durumumuzu xarakterizə etdiyi üçün sizlərə xatırladıram: “Budur önünüzdə dərya kimi düşmən, ardınızda düşmən kimi dərya…”

O məlum və məşum günlərdə kol-kosda gizlənənlər və onlardan törəyənlər bu gün bizləri ittiham edirlər. Biz yaxşı bilirdik ki, savaşda bizi iki şey gözləyirdisə onun birincisi ölüm idi. İkincisi isə müqəddəs Analarımızdı. Görün bu gün kimlər, kimləri ittiham edir? Südü pozuqlar, mayası pozuqlar, xəyanətkarlar, türlü dövlətlərin xidmət orqanarına özlərini satanlar…

O günləri xatırladım. Hətta qardaşımız Türkiyə də yanımızda deyildi. Dəmirəl və Türkeş ermənilər acından qırılmasın deyə taxıl axtarmaqdaydılar.

Düşmənlərimizdən olan Fransanın o vaxtkı prezidenti Mitteranın arvadı Daniella Mitteran ilkin olaraq, Qarabağda bizə qarşı döyüşmək üçün 800 nəfərlik muzdlulardan ibarət bir legionu ən müasir silahlarla silahlandırmış və sonadək hər ay onların əmək haqqını ödəmişdi. Separatçıların Parisdə nümayəndəliyini açmışdı.

Bu gün Ukrayna üçün «timsah göz yaşları» axıdan ABŞ Demokratları Rusiya-Ermənistan tərəfindən işğala və təcavüzə uğramış Azərbaycana qarşı ədalətsizcəsinə “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi qəbul edərək işğala məruz qalan bir ölkəni işğalçı hesab etdilər. Məhz bu qərardan ilhamlanan rus-erməni birləşmələri Xocalı soyqırımını törətdilər. ABŞ bölgəyə silah və terrorçu göndərilməsinə göz yumdu. ABŞ-ın müxtəlif şəhərlərində terrorçulara dəstək üçün marafonlar keçirildi və bölgəyə «şokalad» deyil, nə alındığını MKİ daha yaxşı bilirdi. 1991-ci ilin noyabr ayında Dövlət rəsmiləri olan helikopterin vurulmasında istifadə olunan silah, ABŞ -ın silah arsenalına aid idi. Uzun illər apardığım araşdırmalar nəticəsində məlum olub ki, Mi-8 N72 hərbi vertolyotu Amerika istehsalı olan Barret M82A1 silahından açılan atəşlə vurulub (Mərminin tərkibində birləşmiş uran izotopu U-238 olur). 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla 2 km məsafədə uçan təyyarələri, helikopterləri, həmçinin zirehli maşınları siradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan bu silahın adı, həm də kütləvi qırğın silahları cərgəsindədir. Bu silah hədəfə dəyərkən ilkin olaraq güclü yanğın törədir. Buna “nüvə yanğını” da deyirlər. Bu yanğının dalğa zərbəsindən obyektin qalıqları partlayış mərkəzindən 500-600 metr uzağa dağılır. İstintaq sənədlərində jurnalist Salman Alıoğlunun sözlərinə görə, Mərzilini keçəndə hərbiçilər jurnalistləri saxladılar və o əraziyə bir sutka heç kəsi buraxmadılar.

S. Alıoğlunun dediyinə görə, jurnalistlər əraziyə gedəndə ruslar və ermənilər ərazidə ciddi təmizləmə işi aparmışdılar. Onun fikrincə, vertolyot yerə düşmüş və onlar vertolyotu yerdə yandırmışdılar: «Vertolyotdan təxminən 500-600 metr məsafədə nazir müavini Qurban Namazəliyevin cəsədi vardı. 700-800 metrlikdə Osman Mirzəyevin cəsədi vardı. Mən o vaxt dediyim versiyada qalıram ki, onlar vertolyotu endirəndə içindəkilər sağ olublar. Jurnalist Alıoğlu meyidlərin və dağıntıların 600-800 metr radiusunda yayılmasının və helikopöterin normadan artıq yanmasının, məhz M82A1 Barret silahıyla bağlı olmasını anlaya bilməmişdir. Bu əlbəttə ki, onun hərbi biliyi olmamasıyla bağlıdır. Əldə olan fotolarda da helikopterin müəyyən radiusa səpələndiyini görmək mümkündür və bu partlayışın nəticəsində baş verib. Yanğın zamanı qalıqların səpələnməsi olmur. Ermənilər iz azdırmaq üçün hayrunyor.am sayıtında bu helikopterin vurulması haqqında yazmışdılar: «Qarabağda Azərbaycan Nümayəndə heyətini olduğu Mi-8 72 vertolyotunu «STRAPLE-2 » roketiylə vurduq».

Bir başqa məqam isə terrorçu kimi Fransada həbsdə olan Monte Melkonyan müəmmalı şəkildə həbsdən buraxılması və Qarabağda peyda olmasıdır. 1991-ci ilin sentyabr ayında Qarabağa çatan ABŞ vətəndaşı, Kaliforniya əsilli, arxeologiya üzrə təhsil almış (ABŞ-ın Berkli Universiteti), terrorçu Melkonyan Goranboy (Şaumyan) rayonunun Buzluk, Manaşid, Erkeç yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə iştirak edib. Daha sonra terrorçulardan ibarət Ermənistandan göndərilmiş Kornidzor dəstəsinin qərargah rəisi təyin edilir. Qarakənd faciəsi adlanan 20 Noyabr 1991-ci ildə Xocavənd rayonu Qarakənd kəndi (hazırda ermənilər kəndin adını dəyişib Berdaşen ediblər) və Ağdam rayonunun Mərzili kəndi yaxınlığında erməni separatçı quldur dəstələri tərəfindən Azərbaycan rəsmilərinin uçduğu hərbi helikopter, məhz ABŞ silahıyla və ABŞ terrorçusu tərəfindən vurulmuşdu. ABŞ Rusiya ilə bizə qarşı aparılan işğalçı müharibədə eyni tərəfdəydi. ABŞ-da separatçı-terrorçuların nümayəndəliyi Moskvadakı kimi fəaliyyət göstərməkdədir.


Azərbaycana qarşı döyüşən Rusiya məlum. Qondardığı «arsax milli ordusu» adlı terrorçu — separatçı yığnağın pərdəsi arxasında ölkəmizin 20%-ni viranəyə çevirdi. Amma nə Qərb, nə ABŞ bunu görmədilər və bu gün də dəyişən bir şey yoxdur. Qarabağı rus-erməni birlikləri ilə Fransa və ABŞ-ın növbəti müttəfiqi isə «mehriban düşməni» İran idi. Terrorçuların ərzaq, tibbi ləvazımat və s. təminatı ilə məşğul olmaqla yanaşı kəşfiyyat işlərində yardımçı olub. Amma dünyada özlərini düşmən kimi göstərən bu 4 imperiya bizə qarşı vuruşmaqdaydı. Bu gün erməni qanı daşıyanlar döyüşçüləri bölmək üçün «məğlub, qalib», «köhnə, yeni» və s. bölücülüklə məşğuldurlar. Bir daha bəyan edirəm ki, biz 4 imperiya ilə savaşdıq, onların istəklərini pozduq, amma biz daxildə, hətta tanıdığımız xainləri belə üzə çıxarmadıq. Susduq və bu gün bizim susqunluğumuzun vəbalını bizim davamçılarımız olan gənc döyüşçülərimiz ödəməkdədir. Bunun məktəbi, universiteti yoxdur, amma bir ölkədə nə qədər xain olarmış?


Bu yaxınlarda üstü örtülü olaraq ölkəmizə soxulmuş erməniməramlıların komandan müavini olan rus əyyaşı general A. Volkova qaçaraq təzim edib, raport verən iki rus təhsilli polkovnik haqqında məlumat vermişdim. Apardıqları uğursuz əməliyyatlara görə haqlarında cinayət işi başlanmasına xeyli sevindik. Amma bu günlərdə bunlardan birinin Şuşada daha məsul vəzifəyə təyin olunduğunu eşidincə, sadəcə yenə də «gizli əl» dedim. Nə deyəsən, inciməsin rus təhsilli zabitlər. Əməliyyatda itki vermək şakərinizə lənət olsun. Bu xainlikdir və xəyanətdir.

Ukrayna savaşında tək təsəlli tapdığım şey onların daxili düşmənlərə qarşı apardıqları mübarizədir. Savaşdan qaçan oliqarxlar da, sənətçilər də, generallar da və vəzifə başında olanlar da hədəfdədir.


Məsələn, bu günlərdə Luqansk vilayətində icma rəhbərləri arasından dörd xain aşikar edilib: Rubijne, Stanitsa Luqanska, Melovo və Markovkanın icma rəhbərləri.

Bunu Luqansk Regional Dövlət Administrasiyasının (OVA) rəhbəri Serqey Qayday Facebookda və ümummilli telemarafonun efirindən yayıb. Bildirib ki, «İcma başçıları arasında Rubijne, Melovo, Markovka, Stanitsia Luqanskada dörd xainimiz var. Qələbədən sonra kallabborantlar (düşmənlə əməkdaşlıq etmişlər) haqqında qanunun bu insanlar haqqında hansı qərarı verəcəyini görəcəyik.»
Serqey Qayday deyib: «Təəssüf ki, Stanitsia Luqanskada, Markovkada və Melovoyedə belə nümunələr var. Ərazilərin qalan rəhbərləri, ya oradan çıxıblar, ya da ərazidə qalıblar, lakin işğalçılarla əməkdaşlıq etmirlər, sadəcə olaraq humanitar məsələlərlə məşğul olurlar. Açığı, söhbət Sergey Xortiv (Rubijne), Albert Zinçenko (Stanitsa Luqanska), İqor Dziub (Markivka) və Oleq Savçenkodan (Melovoye) gedir».


Bundan əvvəl aprelin 1-də Rubijne şəhərinin meri Sergey Xortivin Ukraynaya xəyanət edərək, Rusiya Federasiyasının hərbçilərinin tərəfinə keçdiyi məlum oldu. Şəbəkədə Xortivin rus təbliğatı üslubunda Ukrayna Silahlı Qüvvələrini “nasist” adlandırdığı və silahlarını yerə qoymağa çağırdığı video yayımlanmışdı.


Ukrayna Təhlükəsizlik Xidmətinin Daxili Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəhbəri Andrey Naumov və Ukrayna Təhlükəsizlik Xidmətinin Xerson vilayəti üzrə keçmiş rəhbəri Sergey Krivoruçko general rütbəsindən məhrum edilib.

Bu barədə verilən suala Volodimir Zelenski belə cavab verib: “Bu gün antiqəhrəmanlarla bağlı daha bir qərar verildi. İndi bütün satqınlarla məşğul olmağa vaxtım yoxdur. Amma yavaş-yavaş hamısı cəzasını alacaq. Buna görə də Ukrayna Təhlükəsizlik Xidmətinin Daxili Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəhbəri Naumov Andrey Oleqoviç və Ukrayna Təhlükəsizlik Xidmətinin Xerson vilayəti üzrə keçmiş rəhbəri Krivoruçko Sergey Aleksandroviç artıq general deyillər”.


Belə olmalıdır. Yoxsa bizdə düşmən öz gücündən çox içimizdəkilərə arxayın idi…

Nə yaxşı ki, sən varsan, ey hilal uğrunda öz canını əsirgəməyən şanlı Azərbaycan əsgəri! Qardaş Türkiyə yanımızdadır! Salam olsun! Var ol Komandanımız yaxşı ki, varsınız, var ol ki, bu xainlərə bu dəfə fürsət vermədiniz…


Hələlik bu qədər…

Bu xəbəri paylaşın: