Paşinyanın Blinkenlə Brüssel görüşü müzakirəsi

Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər sabah Brüsseldə keçiriləcək üçtərəfli görüşü müzakirə ediblər. Paşinyan və ABŞ dövlət katibi telefon danışığı zamanı Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası, regionda kommunikasiyaların açılması imkanları, həmçinin Ermənistan və Türkiyə arasında dialoqla bağlı fikir mübadiləsi aparıblar.

Bundan əlavə, tərəflər Cənubi Qafqazda baş verən proseslərə toxunublar və regional sabitliyin, sülhün təmin edilməsinin vacibliyini qeyd ediblər. Həmçinin beynəlxalq platformalarda əməkdaşlıq məsələləri, eləcə də Ukraynadakı vəziyyət müzakirə edilib.

Qeyd edək ki, sabah Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək. Amma bir nüansı diqqətə çatdırmaq yerinə düşər ki, Ukraynaya təcavüzlə bağlı Rusiya ilə əlaqələri olanları hədələyən ABŞ nədənsə öz təyyarələri və ordusuyla bu kompaniyaya dəstək olan Ermənistanı yaman əzizləyib.

ABŞ Ukraynaya hərbi təcavüz edən və dinc əhaliyə qarşı soyqırım törədən Rusiya hakimiyyətinə kömək edən ölkələri sanksiyalarla hədələyib.

Dövlət Departamentinin sözçüsü Ned Prays ənənəvi brifinq zamanı deyib: “Hər hansı bir konkret ölkənin adını çəkmədən, təfərrüatlara varmadan açıq şəkildə bildirdik ki, ABŞ və onun dünyadakı müttəfiqlərinin tətbiq etdiyi sanksiyalardan yan keçmək üçün Rusiyaya kömək edəcək, Moskvaya maliyyə, maddi və ya hərbi yardım edərək Kremlin Ukraynadakı hərbi səylərini dəstəkləməyə çalışacaq dövlətlər atdıqları addımın nəticələri ilə üzləşəcəklər”.

Bu xəbəri paylaşın: