HEYDƏR ƏLİYEV — 99: Əbədiyyət üçün doğulmuş İnsan!

FÜZULİ RZAQULİYEV

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri

Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə öz yeri olan nadir, bənzərsiz bir şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qalacaq bu şəxsiyyətin böyüklüyü zaman keçdikcə daha aydın görünməkdədir.


Heydər Əliyev öz həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyət kimi Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Hansı sahəyə üz tutsan orada bu dahi şəxsiyyətin izini görə bilərsən. Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev uzaqgörənliklə «Bir millət, iki Dövlət» tezisini irəli sürəndə çoxları bunu düzgün anlamamışdılar. Daxildə və xaricdə olan düşmənlərimiz bu tezisin reallaşmaması üçün kompaniyalar aparmış və bunu yaranacaq Türk birliyinin qığılcımı kimi qiymətləndirmişdilər. Bu gün reallıqlar Ulu Öndərin uzaqgörənliyini günbəgün təsdiq etməkdədir.


Hakimiyyətə dönüşünün ilk illərində Azərbaycanın düşmənləri, həm daxildəki əlaltıları, həm də xaricdəki havadarları hesabına Azərbaycanı çıxılmaz bir xaosa sürükləmək üçün işğalları davam etdirir, daxildəki satqınların əliylə qiyamlar hazırlayır və təxribatlar törədirdilər. Bütün bu çətinliklərə sinə gərərək, Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmağa başladı. Qısa müddətdə özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, liberallığı özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail oldu.


Ən başlıcası isə, seçilən düzgün yol, aparılan gərgin iş sayəsində 1994-cü il sentyabrın 20-də Bakı şəhərinin “Gülüstan” sarayında XX əsrin ən böyük iqtisadi layihələrindən olan, tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adı ilə bütün dünyada məşhurlaşan sazişin imzalanmasına nail oldu. Bakıda dünyanın 8 ölkəsini təmsil edən yüksək nüfuza malik, neft hasilatı üzrə ixtisaslaşmış 13 iri neft şirkəti arasında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənilməsini nəzərdə tutan bu irimiqyaslı beynəlxalq müqavilə müasir Azərbaycanın tarixində və taleyində mühüm rol oynayıb. “Əsrin müqaviləsi” ilə Azərbaycan özünün təbii sərvətlərinə sahib çıxmaq haqqını bütün dünyaya bəyan etdi, milli mənafelərimizi, iqtisadi və strateji maraqlarımızı qorumaq əzmini göstərdi. Bu müqavilə dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi. “Azəri-Çıraq-Günəşli” yataqlarından hasilat isə 1997-ci ilin noyabr ayında başladı. Bu addımı bu gün qiymətləndirmək çox asandır. Amma bu bir ölkənin «olum və ölüm» məsələsi qədər vacib idi. Bunu bacaran lider, məhz Heydər Əliyev oldu.


“Əsrin müqaviləsi”nin imzalanması mərasimində ulu öndər Heydər Əliyev bu tarixi hadisəyə qiymət verərək deyib: “Mən bu müqavilənin hazırlanmasında, imzalanmasında iştirak etdiyimə görə özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcəklər”.


Heydər Əliyev kimi şəxsiyyətlər əbədiyyət üçün doğulmuş insanlardır. 99 il nədir ki? Bu gün də onun ideyaları uğurla həyata keçirilir. Dövlət başçısı İlham Əliyev, həyata keçirdiyi islahatları, məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir və yeni dövrün tələblərinə uyğunlaşdırır. Milləti Heydər Əliyev ideyaları ətrafında birləşdirən cənab İlham Əliyev özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərimizin işıqlı, nurlu arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Bunu Qarabağın azad edilməsi üçün başladığımız 44 günlük Vətən müharibəsi sübut etdi. Dövlətimizin başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev öz zəfər raportunu Heydər Əliyevə edirmiş kimi o böyük şəxsiyyətin vəsiyyətini hər kəsə xatırlatması bir təsadüf deyildi: “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən dahi Heydər Əliyevin bu arzusunu bu gün onun layiqli davamçısı cənab Prezident İlham Əliyev “Əziz Şuşa, sən azadsan.” deyərək reallaşdırdı.


Bu gün həm də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə dahi Heydər Əliyevin adını ucaldacaq işlər görür. Heydər Əliyev Fondu bu dahi insanın adına layiq minlərlə aksiyaya imza atıb.


99 il öncə, elə bu gün Azərbaycanda tarix yazacaq və tarixlə qoşa yaşayacaq bir insan dünyaya gəldi. O Dahi insan Heydər Əliyev idi.


Rəhmətlə və iftixala anırıq…

Bu xəbəri paylaşın: