Mayın 7-də Azərbaycan İstiqlal muzeyində İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 77-ci ildönümü ilə əlaqədar döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə çoxlu sayda medal və ordenlərə layiq görülən əmək veteranı Məhərrəm Əliyevin yüz illiyinə həsr olunmuş “Varislər” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İkinci Dünya müharibəsində SSRİ-nin qazandığı qələbədə Azərbaycan xalqının da mühüm rolu olduğu bir daha diqqətə çatdırılıb. Müharibənin ilk günlərindən cəbhəyə yollanaraq, təşkil olunan diviziyalarda Qafqazdan Berlinədək şanlı döyüş yolu keçən Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri əbədi yaddaşlarda qalaraq, gənc nəslə əsl vətənpərvərlik nümunəsidir. Xalqımızın fəxri olan İkinci Dünya müharibəsi veteranlarının qəhrəmanlığı böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Bu ağır döyüşlərdə misilsiz şücaət göstərmiş soydaşlarımızın xidmətləri heç bir zaman unudulmayacaq.

Tədbirin rəsmi açılışından sonra qonaqlar Məhərrəm Əliyevə məxsus olan və muzeyin fondlarında qorunub saxlanılan şəxsi əşyaların nümayiş olunduğu sərgi ilə tanış olublar.
P.S. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, AVMVİB Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) NTK sədri Niyazi Quliyev iştirak ediblər.

