Ani Samsonyan: Müxaliflər “Qarabağı xilas etmək” üçün sehrli çubuq tapıblar?

“Ermənistan müxalifətinə səs verən 300 min vətəndaşın küçələrə çıxmamasının bir neçə səbəbi var”.

Teleqraf.com xəbər verir ki, bunu “İşıqlı Ermənistan” partiyasının üzvü, keçmiş deputat Ani Samsonyan deyib.

“Birincisi, insanlar sizi seçə bilər, lakin bu o demək deyil ki, onlar küçəyə çıxmağa hazırdırlar. Onlar vətəndaşlıq borcunu yerinə yetirir və gündəlik işlərinə gedirlər. İkinci səbəb odur ki, həmin seçicilər 2021-ci il iyunun 20-dən sonra fikirlərini dəyişiblər. Həmin insanlar parlamentə daxil olan müxalifətin gündəminin olmadığını görüblər. Parlamentin iclaslarını boykot etməkdən başqa heç bir iş görmürlər, bu da o insanları məyus edir. Üçüncü səbəb isə odur ki, müxalifətin seçki saxtakarlığı və rüşvətxorluğu halları üzə çıxmağa başlayıb. Belə olan halda parlament müxalifətinin legitim olmadığını hesab etmək olar”, — sabiq deputat bildirib.

Samsonyanın fikrincə, müxalifət Qarabağ məsələsindən siyasi məqsədləri üçün istifadə edib:

“İndi “Qarabağı xilas etmək”dən danışırlar. Bu müxalifət vaxtilə hakimiyyətdə olub. Bəs onda niyə bunu etmədiniz? Səbəbini ətraflı açıqlamaq istəmirəm, çünki bu haqda dəfələrlə danışmışıq. Amma fakt budur ki, müxalifət bunu edə bilməyib. İndi nə dəyişib? “Qarabağı xilas etmək” üçün sehrli çubuq tapıblar?

Etiraz aksiyaları keçirən müxalifətin rasional, ciddi gündəmi yoxdur. Əsl məqsədlərini saxta vətənpərvərlik altında gizlədirlər, onlar Qarabağ uğrunda mübarizə aparmırlar”.

Ani Samsonyan sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanı da hədəfə alıb, bu şəxsləri və onların ailələrini Ermənistanın problemləri maraqlandırmadığını söyləyib:

“Bu ölkə üçün kimin ürəyi ağrıyır: Saşikin oğlunun, yoxsa Surik Xaçaturyan və Vahram Bağdasaryanın? Hələ başqalarını deməyəcəyəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Bu xəbəri paylaşın: